STENLİ CORDAN NECƏ VARSA

Bakıda məşhur virtuoz caz gitaraçısının konsertləri olmuşdur.

Stenli Cordanın məşhur Amerika triosu ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Bakıda iki konsert vermişdir. Konsertlərdən biri Bakı caz mərkəzində, digəri isə “Lendmark” işgüzar mərkəzinin “Rotonda” konsert salonunda olmuşdur. Dünya şöhrətli caz ustası, virtuoz gitaraçı Stenli Cordan üç dəfə “Qremmi” mükafatı nominantı olmuşdur. Trionun tərkibinə Cordandan başqa kontrabasçı Zirq Bonner və zərb alətlərində çalan Edvard Baratini daxildir.

Stenli Cordan

Konsertlərin hər ikisi anşlaq şəraitində keçmişdir. Qeyd etmək lazımdır ki, trio tamaşaçıları həm caz, həm də klassik kompozisiyalarla sevindirmişdir. Stenli Cordan özü həm gitarada, həm də fonoda çalır, lakin gitaraya daha çox üstünlük verir. Kollektivin 15 ildən çox yaşı var. Bakıda tamaşaçılara bütün başqa musiqi nömrələri ilə yanaşı Cordanın son albomundan seçmələr də təqdim edilmişdir. Trio improvizasiyalara da biganə deyil, Bakıda təşkil edilmiş konsertlərdə bu cür musiqi də səsləndi.

Stenli Cordan yerli informasiya agentliklərindən birinə verdiyi müsahibələrində demişdir:

“Azərbaycana gəlməyimə çox şadam. Bilirəm ki, burada caz və blüz musiqisini sevirlər. Zənnimcə, mənim həyatımda ən böyük uğurlarımdan biri budur ki, dünyanı gəzmək, bir sıra ölkələrin mədəniyyətləri ilə tanış olmaq

Stenli Cordan

imkanı əldə etmişəm. Yəqin elə bu səbəbdən mənim musiqim çox müxtəlifdir. Hərçənd, bəzən mən özüm də buna görə özümü qınayıram, çünki mənim ifam həddən artıq rəngarəng olur. Ümumiyyətlə, mən səfər ərəfəsində haraya qastrola getdiyimi bilmək üçün xəritəyə baxanda çox sevindim, çünki bu regionun musiqisi barədə çox eşitmişdim. Mən kollecdə oxuyanda Orta Asiya və Mərkəzi Asiya xalqlarının musiqisini də öyrənirdik. İran musiqisi ilə tanışam, bundan əlavə Şərqi Avropa ölkələrindən olan xoşladığım

Stenli Cordan

bəstəkarlar da var. Bir neçə il bundan əvvəl İrandan ABŞ-a gəlmiş musiqiçilərin biri ilə müsahibə dərc edilmişdi. Həmin müsahibəni oxuyandan sonra bizim təsəvvürümüzdə caz və bütövlükdə musiqi arasında oxşar cəhətlərin çox olduğunu başa düşdüm və bu, məni daha çox maraqlandırdı”.

Tamara Bağırova