RAFİQ SEYİDZADƏ İLƏ GÖRÜŞ

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində saksofonçu Rafiq Seyidzadə və müğənni Natəvan Şeyxova ilə görüş olmuşdur.

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində Azərbaycan caz musiqisinin veteranı, “Humay” milli mükafatı laureatı, saksofonçu Rafiq Seyidzadə və Azərbaycanın xalq artisti, müğənni Natəvan Şeyxova ilə görüş olmuşdur. Görüş “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi və Azərbaycan Rus İcması tərəfindən təşkil edilmişdir.

Rafiq Seyidzadə ötən əsrin 50-ci illərində Bakıda ilk caz kollektivlərinin yaranması tarixi barədə məlumat vermişdir. Artistin sözlərinə görə, müharibədən sonrakı illərdə Bakı Avropa səviyyəli beynəlmiləl şəhər idi. Buna görə də o dövrün avanqard musiqisi olan caz Bakıda normal qəbul edilmişdi. Caz artistlərinin ilk konsertləri Dağüstü parkdakı “Dostluq” restoranında təşkil edilirdi. Tədricən caz musiqisi bu restoranın divarlarından kənara çıxaraq bakılıların qəlbini fəth etməyə başlamışdır. Tanınmış Azərbaycan cazmeni, bəstəkar-pianoçu Vaqif Mustafazadənin yaradıcılıq yolu da həmin dövrdə başlanmışdır. Caz musiqisi ilə Azərbaycan muğamının sintezini yaradan məhz Vaqif Mustafazadə olmuşdur. O dövrdə yetişmiş ifaçıların sayəsində Azərbaycanda caz musiqisi hələ də çox populyardır və Bakıda tez-tez caz musiqisi festivalları keçirilir.

Rafiq Seyidzadə həmin görüşdə özünün əmək fəaliyyəti barədə, yaradıcı işlə inzibati işi necə əlaqələndirməsi barədə məlumat vermişdir. Xatırladaq ki, 1986-1998-ci illərdə R.Seyidzadə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru olmuş, sonra isə Azərbaycanda yaradılmış Dostluq Evinə rəhbərlik etmişdir.

Musiqiçi həmin görüşdə V.Mustafazadənin əsərlərinin motivləri əsasında kompozisiyanı saksofonda ifa etmişdir.

A. Aynur

Rafiq Seyidzade