ŞAHİN NÖVRƏSLİNİN MOSKVADA UĞURLU ÇIXIŞI

Tanınmış Azərbaycan cazmeni Şahin Növrəsli Moskvada Musiqi Evinin səhnəsində “Buta project” proqramı ilə uğurlu çıxış etmişdir.

Fitri qabiliyyətə malik olan bu pianoçunun dünyanın ən iri şəhərlərinə turnesi öz yeni layihəsinin Moskvada təqdimatı ilə başlanmışdır. Caz həvəskarları məşhur həmvətənimiz Vaqif Mustafazadənin sənət yolunu uğurla davam etdirən istedadlı azərbaycanlı musiqiçini çox səmimi qəbul etmişlər.

Şahin Növrəslinin caz triosu ilə xalq çalğı alətləri triosunu sintez etmək kimi orijinal ideyası son dərəcə uğurlu olmuşdur. Növrəsli ilə birlikdə tanınmış amerikalı basist Neytan Pek, moskvalı təbilçi Aleksandr Maşin, Arslan Növrəsli və Nurlan Növrəsli (tar və kamança) çıxış edirdi. Şahin Növrəslinin musiqisində müxtəlif dövrlərin və müxtəlif qitələrin ənənələri, müasirlik və böyük Azərbaycan melodiyasının sədaları vəhdət təşkil edirdi.

Bu dəfə Şahin Növrəsli təkcə caz pianoçusu kimi deyil, həm də muğam ifaçısı kimi çıxış etdi. Yüksək musiqi sənətinin biliciləri bu fakta laqeyd qala bilməz.
Sahin Növrəsli