REDAKTORDAN


Leyla Efendiyeva

Baş redaktordan

Əziz oxucu!

Caz haqqında jurnalımızın elektron səhifələrində sizi salamlamağa çox şadam!
Fəxrlə deyə bilərəm ki, artıq beş ildir biz Azərbaycanda və onun hüdudlarından kənarda caz haqqında sizə məlumat veririk. Bu, çətin və şərəfli işdir. Sirr deyil ki, müasir dövrdə mətbu nəşrlərin, xüsusən bizim jurnal kimi tematik mətbu orqanların özünü dolandırması çox çətindir. Bu müddətdə biz çox çətinliklərlə üzləşmişik. Dünyanın az qala yarısında oxucu auditoriyası qazanmış, müxtəlif millətlərdən olan insanların böyük maraqla oxuduğu jurnalın fəaliyyətinin dayandırılması bizə çox ağır gəlirdi.

Mən dünyanın müxtəlif guşələrindən, o cümlədən Rusiyadan saysız-hesabsız məktublar alırdım. Həmin məktubların müəllifləri çox səmimi fikirlərini söyləyir, bizə uğurlar arzulayırdı. Axı bütün postsovet məkanında caz mövzusunda cəmi bir neçə jurnal nəşr olunur və onlardan biri bizim jurnaldır. Əslində, inkişaf etmiş ölkələrin heç də hamısında caz haqqında jurnal nəşr edilmir və hətta, həmin ölkələrin heç də hamısında cazın tarixi yoxdur.

Bir sözlə, bizim fəxr etməyə haqqımız var. Özümü çox xoşbəxt hesab edirəm ki, bu gün biz həmin nəşrin dövriliyini bərpa etmişik və bundan sonra jurnalımız müntəzəm çıxacaqdır. Axı bizim deməyə sözümüz var. Bakı əvvəllər olduğu kimi indi də caz həyatı ilə yaşayır. Düzdür, bu işlər heç də həmişə rəvan getmir, heç də həmişə bizim istədiyimiz səviyyədə olmur. Lakin bütövlükdə bizim yeni uğurlarımız və qələbələrimiz var, müzakirə və mübahisə etməyə mövzular var.

Etiraf edirəm ki, bu jurnal mənim üçün çox əzizdir. Ona görə də bu işi xüsusi əzmkarlıqla davam etdirəcəyəm.

Sizə ən xoş arzularımı bildirir və deyirəm:
Caz – ruhu oxşayan musiqidir, ondan ayrılmayın!

Leyla Efendiyeva