ŞAHİN NÖVRƏSLİ

Bakı… Caz… 1960-1970-ci illər... Kiminsə nəzərində çox uzaqlarda qalmış, amma başqaları üçün doğma və yaxın olan həmin illərdə "Vətən", "Nizami" kinoteatrlarından, "Dostluq" kafesindən süzülən caz melodiyaları sanki hələ də eşidilir. O dövrdə musiqi zirvələrini fəth etmək, dünyanın ən yaxşı musiqi səhnələrində öz ifaçılıq məharətini nümayiş etdirmək, müxtəlif mədəniyyətlərə və müxtəlif millətlərə mənsub olan insanları heyrətləndirmək, onların qəlbini riqqətə gətirmək arzusunda olan peşəkarlar və sıravi musiqiçilər az deyildi. Lakin çox sərt qanunların və rejimlərin hökm sürdüyü bir ölkədə yaşayan yaradıcı insanların bu arzusu çin olmadı. İndi Avropada çıxan jurnallarda bizim sənət korifeyləri barədə dərc edilən yazıların müəllifləri təəssüflənirlər ki, onları öz vətənlərində eşidə bilməmişlər.
Lakin caz musiqisinə sevgi sayəsində bu ənənələri qoruyub saxlaya bilmiş Bakıda bu janra maraq sönmədi, ötən əsrin dahi musiqiçiləri tərəfindən başlanmış və müasir peşəkarlar tərəfindən qayğı ilə qorunub saxlanmış yolu davam etdirmək, yeni-yeni sənətkarlar yetişdirmək imkanı yarandı. Tofiq Əhmədov, Vaqif Mustafazadə, Rafiq Babayev, Tofiq Şabanov, Əzizə Mustafazadə, Rain Sultanov… Bu gün mən Azərbaycanın çox istedadlı caz musiqiçilərinin heç də tam olmayan bu siyahısını fəxrlə davam etdirərək oraya gənc, qeyri-ordinar və çox maraqlı bir musiqiçinin - Şahin Növrəslinin də adını əlavə edə bilərəm.
Şahin Növrəslinin ifası dinləyicinin qəlbinin dərinliklərinə nüfuz edərək onu heyrətləndirir, təsirləndirir və riqqətə gətirir. Çox yüksək səviyyəli musiqiçi olan Şahinin öz dəst-xətti, musiqiyə öz baxışı var. Şahin qısa müddətdə çöx böyük uğurlar qazanmışdır. İndi o, öz sələflərinin arzularını həyata keçirməli olacaq: ABŞ-da keçirilən Ümumdünya Caz Festivalında Azərbaycan cazını Şahin təmsil edəcəkdir.
Onunla söhbət etmək həm maraqlı, həm də asandır, çünki bu insanın tükənməz həyat eşqi, zəngin ideyaları və fantaziyası, hamıdan yaxşı olmaq istəyi və inanılmaz dərəcədə yüksək iş qabiliyyəti var.

Şahin Növrəsli

Şahin, nə üçün məhz cazı seçdin?
Hər şey Vaqif Mustafazadənin ifası yazılmış kaseti ilk dəfə dinləyəndən sonra başlandı. Həmin gündən məndə improvizələrə və caz harmoniyalarına çox böyük maraq yarandı. Lakin caz aləminə gəlməzdən əvvəl, mən peşəkar klassik musiqi məktəbi keçmişəm - Bülbül adına Musiqi məktəbini və Bakı Musiqi Akademiyasını bitirmişəm. Mən qüvvəmi əsirgəmədən, gündə 10-12 saat çalırdım, pedaqoqlarımın diqqətini cəlb etmək üçün əlimdən gələni edirdim. Lakin Akademiyanı bitirəndən sonra başa düşdüm ki, mənim janrım və yerim - cazdır. Mənim fikrimcə, caz - musiqinin zirvəsidir. Cazda klassika da ola bilər, xalq melodiyaları da, ifaçının qəlbinin bir hissəsi də... Çünki bu halda ifaçı öz kompozisiyasını bilavasitə səhnədə, ifa zamanı qoşub-yaradır. Amma mən bütün janrları xoşlayıram: məndə xalq musiqisinə məhəbbət hissini valideynlərim aşılayıb. Onlar həmişə istəyirdilər ki, mən musiqiçi olum, böyük səhnələrdə çıxış edərək ölkəmizi məşhurlaşdırım. Mən də onların ümidlərini doğrultmağa çalışıram.

Şahin Növrəsli

Özün yaratdığın trio barədə nə deyə bilərsən?
Trio - klavişli alətlər, ritm-seksiya və bas-gitara mənim musiqimin əsasıdır. Mənimlə birgə çıxış edən ifaçı-musiqiçilər öz işlərinin peşəkar ustalarıdır. Gərgin məşqlər sayəsində bizim ifamızda qarşılıqlı uyğunluq və bir-birimizi başa düşmək keyfiyyəti yaranmışdır. Lakin bu heç də o demək deyildir ki, mən yeni layihələr üzərində işləməyəcəyəm, yaxud başqa musiqiçilərlə birgə çıxışlar etməyəcəm. Müxtəlif musiqiçilərlə və müxtəlif istiqamətlərdə eksperimentlər aparmaq barədə çoxlu ideyalarım var.

Başqa bir musiqi alətində də çalmağı bacarırsanmı?
Hələ yox, amma tezliklə bacaracağam! Nəfəs alətlərində, ola bilsin ki, saksofonda çalmağı çox istərdim. Hərçənd bu alətdə peşəkar səviyyədə çalmağı öyrənmək kifayət qədər mürəkkəb məsələdir və xeyli vaxt tələb edir. İstəyirəm ki, nə isə təzə bir səs eşidilsin. Caz musiqisinin xalq çalğı alətlərində, məsələn, tütəkdə ifa olunması məsələsi məni çox cəlb edir. Bir sözlə, ideyalar çoxdur, mümkün qədər çox iş görmək istəyirəm.
Şahin Növrəsli

Sən ABŞ-a festivala gedirsən. Bu -necə oldu?
Məsələ burasındadır ki, mən öz ifamın yazılarını bütün dünyada keçirilən müxtəlif caz festivallarına göndərmişəm. Minnesota ştatının Minneapolis şəhərində keçiriləcək Beynəlxalq Festivala dəvət aldım. Mənim ifamı bu cür yüksək qiymətləndirdikləri üçün fəxr edirəm. Buna görə çox böyük məsuliyyət, həyəcan və sevinc hissləri keçirirəm. İtaliyada solo konserti ilə çıxış etməyə dəvət olunanda da bu cür hisslər keçirirdim. İtaliyanın kiçik bir şəhərinin küçələrində gəzişərkən, üzərində mənim adım və Vətənimin - Azərbaycanın adı böyük hərflərlə yazılmış afişanı görəndə qeyri-adi hisslər keçirirdim.

Şahin Növrəsli

Qarşıdakı festivalda kimlərlə görüşmək və bəlkə də həmin şəxslərlə birgə çıxış etmək istərdin?
Bu festivalda məşhur musiqiçilər, qruplar və orkestrlər çox olacaq. Məsələn, Dyük Ellinqtonun orkestri, Bil Evansın yaratdığı bend və başqaları. Onların hər hansı biri ilə birgə çıxış etmək çox maraqlı olardı.

Sən harada çıxış edərkən daha çox məsuliyyət hiss edirsən?
Burada, Bakıda. Burada məndən çox şey gözləyirlər və mən daha böyük məsliyyət hiss edirəm. Axı artıq bir ildən çoxdur ki, məni peşəkar caz musiqiçisi kimi qəbul ediblər. Bu məsələdə Bakı Caz Mərkəzinin açılmasının da çox böyük rolu olmuşdur. Orada mənim və bir sıra başqa musiqiçilərin məşq etməyimiz və konsertlər verməyimiz üçün imkan yaradılmışdır. Mən "Caspian Jazz and Blues" festivalına dəvət edilmişdim. Həmin festivaldan sonra mənim barəmdə danışmağa başladılar.
Mən məsuliyyət hiss edirəm və məhsuldar işləmək istəyirəm. Məsələn, sentyabr ayında Soçidə keçiriləcək caz festivalına getməliyəm, Konservatoriyanın konsert zalında klassik proqramla çıxış etməyi planlaşdırıram. Bu, mənim çoxdanki arzumdur.

Taleyə inanırsanmı?
Bəli, taleyə də inanıram, bəxtə də. Əlbəttə, uğur qazanmaq üçün hər kəs özü can atmalıdır, lakin hökmən ilahi qüvvənin köməyi də olmalıdır. Bir də insanların dəstəyi. Mənim həyatımda bir insanın xüsusi yeri var. Şəxsən mənim özümə də, neçə-neçə başqa adama da kömək edən bu insan - AzEuroTel şirkətinin prezidenti Nuru Əhmədovdur. Məhz onun köməyi sayəsində mən İtaliyada keçirilən müsabiqədə iştirak edə bildim və bu festivala da məhz onun sayəsində gedə biləcəyəm. Mədəniyyətimizin gələcəyi üçün ürəkdən çalışan adamlar az deyil. Məsələn, Rain Sultanova minnətdaram. O, mənə çox işdə kömək edir və məni dəstəkləyir.
Valideynlərimə, qardaşlarıma, müəllimlərimə, xüsusən Fərhad Bədəlbəyliyə minnətdaram. Onlar hamısı mənə inanır və buna görə çox sağ olsunlar.

Ən böyük arzun nədir?
La-Skalada Baxın polifoniyalarını ifa etmək istərdim. Bu, mənim ən böyük nailiyyətim olardı. Bir arzum da var - Bakıda Caz Akademiyası yaratmaq... P.S. 2004-cü il iyunun 25-də ABŞ-ın Minneapolis şəhərində Beynəlxalq Caz Festivalı keçirildi. İlk dəfə idi ki, həmin festivalın iştirakçılarından biri Azərbaycan bayrağı altında, özü də çox gözəl çıxış edirdi. Caz piyanoçusu Şahin Növrəslinin ifası gürultulu alqışlarla qarşılandı. Bəli, Şahin öz ölkəsini dünya səhnəsində ləyaqətlə təmsil etdi.