ƏLAHƏZRƏT SAKSOFON

İyunun 24-də musiqi dünyası Beynəlxalq Caz Saksofonu gününü qeyd edir. Saksofon caza klassik musiqidən gəlmişdir. Bu gün cazı saksofonsuz təsəvvür etmək olarmı? Öz həyat yolunun başlanğıcında vətəndaşlıq hüququ qazanmaq uğrunda çətin mübarizə aparmalı olmuş saksofon indi özünə möhkəm yer tutmuş, milyonlarla dinləyicinin qəlbini fəth edərək populyarlıq zirvəsinə ucalmışdır.



1846-cı il mayın 17-də Belçikalı usta Adolf Saks özünün yeni ixtirasına - tembrinə görə müxtəlif çalğı alətləri ilə yaxşı uzlaşan, səs diapazonu iki oktava yarım olan saksofon adlı çalğı alətinə patent almışdır. Ağacdan və misdən hazırlanan nəfəs alətləri arasında orta mövqe tutan yeni çalğı aləti yaratmağı öz qarşısına məqsəd qoymuş A.Saks bu niyyətini həyata keçirmək üçün yeni bir prinsipdən istifadə etmişdi: o, klarnetin dilçəyini və qoboyun klapanlı mexanizmini konusvari borucuqla birləşdirmişdi. Korpusu metaldan hazırlanmış bu çalğı aləti xarici görkəminə görə bas-klarneti xatırladırdı. Uc tərəfdə genişlənərək yuxarıya doğru əyilmiş borucuğa "S" hərfi şəklində əyilmiş metal ucluqlu dilçək bərkidilmişdi.
Saksın bu ideyası çox uğurlu oldu: yeni çalğı aləti misdən və ağacdan hazırlanan nəfəs alətləri arasında həqiqətən əlaqələndirici vasitəyə çevrildi. Üstəlik, bu alətin tembri bir sıra musiqiçilərin marağına səbəb olmuş, onların diqqətini cəlb etmişdi. Saksofonun səs çalarları həm ingilis tütəyinin, həm də klarnetin və violonçelin səsini xatırladır, səsinin gücü isə klarnetin səsinin gücündən xeyli artıqdır.
O dövrdə hərbi orkestrlər musiqi baxımından heç də yaxşı vəziyyətdə deyildi. Ağac və mis alətlər bir-biri ilə əsla uzlaşmır, bu alətlərdə ifa edilən musiqi bir-birindən kəskin fərqlənirdi.
Trubalar çalınanda qoboyların və klarnetlərin səsi eşidilmir, fleytalar trombonları üstələməyə çalışırdı. Bir sözlə, bütün bu alətlərin səslənməsində dissonanslıq hiss edilirdi. İki qrupa aid musiqi qurumu arasında fərq çox ciddi idi. Xüsusən Fransanın heç də mükəmməl olmayan hərbi nəfəsli alətlər orkestrlərində mis və ağac tembrlərini özündə birləşdirən bu yeni alətə çox ehtiyac vardı.
Saks öz ixtirası ilə bu vəziyyətə son qoymuş oldu. O, "Saksqorn" adlanan alətlər ailəsi yaratdı. Hələ indi də hərbi paradlarda, meydanlarda yürüşlər keçirilərkən saksqornlardan istifadə edilir. Saksqorların mövcud olduğu yüz ildən artıq dövrdə onların beş növündən ikisi, demək olar ki, dəyişikliksiz qalmışdır. Saksofonun sopraninodan başlamış kontrabasa qədər yeddi müxtəlif növü səs yüksəkliyinə görə bir-birindən fərqlənir. Lakin bu alətlər ailəsinin nümayəndələrindən ən uca və ən aşağı səsli alətlərdən çox nadir hallarda istifadə edilir. XX əsrdə yaşayıb yaratmış bəstəkarların çoxu bu maraqlı aləti yüksək qiymətləndirmişdir. Məsələn, Debüssi Saksofonla orkestr üçün rapsodiya, Qlazunov Saksofonla orkestr üçün konsert yazmış, Prokofyev və Şostakoviç öz əsərlərində dəfələrlə bu alətə müraciət etmişlər.



Lakin saksofon özünün əsl mahiyyətini caz musiqisində üzə çıxarmış və məhz caz musiqisində geniş tətbiq tapmışdır. 1910-cu illərdə saksofon caz ansambllarının musiqiçilərinin diqqətini cəlb etdi. Beləliklə, saksofonun həyatında yeni dövr başlandı, bu alət həmin dövrün əsas ovqatını əks etdirən alətə çevrildi. Şübhəsiz, elə həmin vaxtdan saksofon "cazın kralı" sayılır və bu gün də belədir. Əlahəzrət Saksofon...