CASPIAN JAZZ AND BLUES FESTIVAL?

Bu gün bəlkə də çoxları (xüsusən gənclər) bilmir ki, bir vaxtlar Bakı SSRİ-də üç ən iri caz mərkəzindən biri olmuşdur. Bakılı cazmenlər öz ifaçılıq məharətlərini çox yerlərdə göstərmiş, çox mükafatlar qazanmışlar. Lakin Azərbaycan cazının tarixi təkcə yerli virtuozların uğurları ilə əlamətdar olmamışdır. Bu tarixdə musiqidən bürokratların yaratdığı süni maneələr də çox olmuşdur. İş o həddə çatmışdı ki, rəsmi hökumət orqanları cazı tamamilə qadağan etmək istəyirdilər. İndi bu sözlər absurd kimi səslənsə də, yəqin ki, bunun əsas səbəbi ... bizim caz məktəbinin həm SSRİ-də, həm də onun hüdudlarından kənarda həddən artıq populyar olması idi.
Axı bəzi nadan partiya xadimləri cazı kapitalizm əlaməti hesab edirdilər. Bakı cazı isə həqiqətən bütün İttifaqda tanınmışdır. Hələ ötən əsrin 30-cu illərinin axırlarında Tofiq Quliyevlə maestro Niyazinin yaratdığı - üç trombonçu, üç trubaçı, beş saksofonçu, bir pianoçu, bir gitaraçı və zərb alətlərində çalan bir musiqiçidən ibarət Dövlət estrada orkestri caz orkestri adı ilə daha çox tanınmışdı.



Həqiqi sənət üçün heç də asan olmayan indiki dövrdə də ölkəmizin paytaxtında cazın əsl virtuozları az deyil. Bəlkə də buna görədir ki, "Amerikanın səsləri" assosiasiyasının direktoru Con Fergüson üç il bundan əvvəl bizim cazmenlərin çıxışını görəndən sonra Bakıda caz və blüz festivalı təşkil etmək qərarına gəlmişdi. "Gombul adamlar üçün" musiqi həvəskarları Fergüsonun bu qərarından xəbər tutanda eyforiyaya yaxın bir vəziyyətə düşdülər: 1988-ci ildən sonra ilk dəfə idi ki, caz bayramı üçün sponsorlar tapmaq və bu bayramı təşkil etmək iqtidarında olan adam tapılmışdır. Lakin sonradan məlum oldu ki, həmin tədbiri yalnız şərti olaraq bayram adlandırmaq mümkündür, çünki Caspian Jazz & Blues Festival çox adamın qanını qaraldaraq, daim iri qalmaqalların episentrində olur.
Sözügedən festivalın birinci ilində kütləvi informasiya vasitələrinin nümayəndələri festival iştirakçılarının təsditq edilmiş siyahısı ilə tanış olandan sonra təşkilatçıları günahlandırdılar ki, guya onlar Azərbaycanın Cəmil Əmirov, Vaqif Gərayzadə və son vaxtlar xaricdə yaşayan Əzizə Mustafazadə kimi tanınmış musiqiçilərinə münasibətdə ədalətsiz hərəkət etmişlər. Jurnalistlər elə hey soruşurdular: "Nə üçün bu adamlar festivaldan kənarda qalıblar?" Cənab Fergüson ona xas olan olimpik soyuqqanlılıqla bu suala belə cavab verirdi: "Festivalın büdcəsi ölçüsüz deyil, biz hamını dəvət edə bilmərik. Buna görə bu qədər qanınızı qaraltmağa dəyməz, biz hər il festival keçirməyi planlaşdırırıq və bu dəfə dəvət edilənlərin sırasında olmayanlar gələn il çıxış edərlər". Lakin mənim qələm yoldaşlarım o vaxt növbəti iki festivalın necə keçəcəyini bilsəydilər, yəqin ki, heç səslərini də çıxarmaz və cənab Fergüsonun həmin jurnalistlərlə bir dövrdə yaşadığına görə ona hədsiz təşəkkür edərdilər.
İkinci il bu əhvalat bir növ təkrarlandı, lakin bu dəfə incimiş yerli musiqiçilərin sayı daha da artdı. Dördüncü hakimiyyətin nümayəndələri də, sanki bu vəziyyətdən ruhlanaraq, 2003-cü il festivalının başlanmasına hələ bir ay qalmış (əlbəttə, yerli müsiqiçilərin köməyi ilə) əvvəlkindən daha kəskin qarmaqarışıqlıq yaratdılar. Bir faktı qeyd etməyə bilmərik ki, ötənilki festivalda iştirak etmiş, bu dəfə isə təşkilatçıların fikrincə, dəvət edilmələrinə lüzum olmayan cazmenlər də narazılar arasında idi.
Görünür, həmin cazmenlərin könlünü almaq üçün təşkilatçılar ikinci il dəvət edəcəklərinə söz verdikləri adamları da çağırmağı "unutmuşdular". Cənab Fergüson, özünü təmizə çıxarmaq üçün, yalnız bunu deyə bildi ki, yerli musiqiçilər festivalda iştirak etmək üçün qabaqcadan sifariş verməli idilər. Onda belə bir ritorik sual yaranır: məgər artıq üç il dalbadal bu festivalda iştirak edən Verner Enqlerd və başqaları hər dəfə özlərinin bu festivalda iştirak etmələri üçün qabaqcadan yazılı şəkildə sifariş verirlər?
Amma gəlin namünasib suallara məhəl qoymayan bədnam Ferğüsona qayıdaq. O qeyd etmişdir ki, birinci il olduğu kimi yenə də iştirakçıların sayı əcnəbi və azərbaycanlı musiqiçilər arasında bərabər bölünmüşdür. Ferğüsonun dəvəti ilə ölkəmizi Emin Məmmədov və triosu, son illərdə Nyu-Yorkda yaşayan skripkaçı Səbinə Rakçeyeva, bir də Azərbaycan cazının fəxri Vaqif Sadıxıov və onun kvinteti ilə təmsil edirdi. Təşkilatçılar bizim dördüncü iştirakçını onlar Bakıya gələndən sonra seçməli idilər.



Kənarda qalmış yerli cazmenlərin çıxışını maliyyələşdirmək qərarına gəlmiş bir sponsor tapılmasaydı və nəticədə festivalın proqramına məxsusi Xəzər Cazı Axşamı adlanan daha bir tədbir əlavə edilməsəydi, biz bu əhvalatın sonu bizə qaranlıq qala bilərdi.
Bunu da qeyd etmək maraqsız olmaz ki, Respublika Sarayında (indiki Heydər Əliyev adına Sarayda) keçirilmiş festivalın gedişində bu tədbirin təşkilatçıları Azərbaycan cazının ulduzu Əzizə Mustafazadəyə ünvanlanmış müraciət üçün imza toplayırdılar. Onlar həmin müraciətdə Əzizə xanımdan gələn il bu tədbirə gəlməsini xahiş edirdilər. Hərçənd, oraya gələnlərin bir qismi bu aksiyanı lüzumsuz və təhqiramiz bir hərəkət kimi qiymətləndirdilər. Con Fergüson az qala and-aman edirdi ki, artıq iki ildir, Əzizənin menecerləri ilə danışıqlar aparılır və onların cavablarından məlum olur ki, soydaşımız oz vətənində çıxış etmək istəmir. Axırda cənab Fergüson dedi: "Əgər siz mənə inanmırsınızsa, onların koordinatlarını sizə verə bilərəm".
Görəsən, Caspian Jazz & Blues 2003 Festivalının konsertləri nə üçün yarıya qədər boş zalda keçirdi? Bu məsələ çoxları üçün müəmma kimi qaldı. Axı bu konsertlərə
dəvətnamələr pulsuz paylanırdı və arzu edən hər bir kəs festivalın baş ofisində festival günlərindən biri üçün iki nəfərlik bilet ala bilərdi!? Vaqif Sadıxovun fikrincə, bütün bunların səbəbi - təşkilat komitəsinin menecment siyasətinin düzgün olmamasıdır. Çoxlarının təəccübünə rəğmən, hətta "Xəzər Cazı Axşamı"nda da zal praktiki olaraq yarıya qədər boş idi. Hətta festivalın bağlanış mərasimində, bu tədbirə dəvət edilmiş ən məşhur ulduz - Meynard Ferğüson çıxış edəndə də eyni mənzərənin şahidi olmaq mümkün idi...

Tuts Tielemans

Amma bizim musiqiçilərdən heç kəs ağlına belə gətirməzdi ki, 2004-cü ildə keçirilən festival necə böyük qalmaqala çevriləcək - sadəcə olaraq, həmin adamların fantaziyası buna imkan verməzdi. Ferğüsonun köməkçisi Liz Smeylzın fantaziyasına isə həsəd aparmağa dəyər. O, əvvəlki illərin kədərli təcrübəsindən nəticə çıxararaq deyirdi ki, festivalla bağlı bütün xoşagəlməzliklər, bir qayda olaraq, yerli musiqiçilərin təqsiri üzündən baş verir. Buna görə də bu il Azərəbaycanın bütün adlı-sanlı caz ustalarını dəvət etmək qərara alınmışdı və onların çıxışlarının haqqını yenə ötənilki sponsor ödəyirdi. Festivalın adını da dəyişdilər: onu artıq adət etdiyimiz Caspian Jazz & Blues Festival əvəzinə Baku Jazz & Blues Festival adlandırdılar. Bunun nə üçün belə olduğunu heç kəs bilmir. Bu dəfə hər şey başqa cür idi: xüsusi qənaət rejimi hiss edilirdi. Axırıncı festivalın təkcə dekorasiyaları barədə məlumat versək, hər şey aydın olar. Təşkilatçılar ötənilki dekorasiyadan istifadə etmiş, yalnız Caspian sözünü Baku sözü ilə, 2003-cü ili göstərən ədədin axırındakı 3 rəqəmini isə 4 rəqəmi ilə əvəz etmişdilər, lakin "Caspian" sözünün yeri "xaincəsinə" diqqəti xüsusi cəlb edirdi.
Amma bunlar, necə deyərlər, "toya getməli" detallardır. İkinci il festival az qala boş zalda keçirdi (ən çoxu 200 tamaşaçı olardı). Buna görə də təşkilatçılar həmin tədbirə cavanları cəlb etmək qərarına gəldilər. Özü də bundan ötrü çox "orijinal" bir üsul tətbiq etmişdilər: tamaşaçıları Amerikanın Havikoro rəqs ansamblı cəlb edirdi. Bu ansamblın rəqqasları xalis breyk-dans nümayiş etdirirdilər, bu isə cazla bir araya sığmırdı. Halbuki, tamaşaçılar məhz cazın eşqinə gəlmişdilər. Az qala onlardan daha birisinin adını unutmuşdum: festivalın daha bir əcnəbi iştirakçısı vardı: türk cazmeni Kərəm Görsev. Vəssalam, xaricdən gəlmiş ulduzlar yalnız bunlar idi. Amerikalı breykerləri və türk cazmenini xaricdə caz hərəkatının ən məşhur nümayəndələri kimi qələmə verməyə çalışan təşkilatçıların "zəngin" fantaziyası tamaşaçıları xeyli əyləndirdi. Amma məsələ bununla bitmirdi. Müdriklər yaxşı deyiblər ki, iştah yemək vaxtı gəlir. Festivala həsr edilmiş bukletin üz qabığında həmin qrupun şəkli verilmişdi, halbuki əvvəlki iki ildə buraxılan bukletlərin üz qabığında Tuts Tillemans və Meynard Fergüson kimi virtuoz cazmenlərin fotoşəkilləri dərc edilmişdi. İzaha ehtiyac yoxdur. Əgər cavanlar həmin tədbirə gəlsəydilər, yəqin ki, təşkilatçıların bu təşəbbüsünə biz bir növ haqq qazandırmağa çalışardıq, lakin bu il tamaşaçıların sayı əvvəlki illərdən də az oldu.



Məsələn, buraxılan diskdə bəzi ifaçıların nömrələri o qədər ciddi "error" halları ilə (texniki səhvlərlə) müşayiət olunurdu ki, əsəbləri zəif olan adamların onu dinləməsi əsla məsləhət görülmür. Bizim belə hallarla üzləşməyimiz birinci dəfə deyil. Yerli musiqiçilər birinci festivala həsr edilmiş "firma" disklərini görəndə əvvəlcə, sevindiklərindən, az qala nitqini itirir, amma sonra hiddətlənirdilər: "Bakıda hətta ən ucuz səsyazma studiyalarında buraxılan disklər də bundan keyfiyyətli olur. Ümumiyyətlə, biabır olmamaq üçün bu diskləri gizlətmək lazımdır". Onlar haqlıdırlar: disklər, üzərində brinci festivalın fotodekorasiyaları çap edilmiş adi kağız zərflərə qoyulmuşdu (görünür, təşkilatçılar disklər üçün plastik kütlədən hazırlanmış qutu düzəltdirməyi "israfçılıq" hesab etmişdilər), səsin keyfiyyəti isə, yumşaq tərzdə desək, heç yaxşı deyildi.
Elə təsəvvür yaranırdı ki, bu diski hansısa kompüter mütəxəssisi öz evində, "Nuh əyyamından qalmış" aparatlarla yazmışdır. Üç festivalın təcrübəsini yekunlaşdıraraq bir nəticəyə gəlmək olar: bu festivalların təşkilati səviyyəsi ilbəil pisləşir (axırıncı festivalın reklam kampaniyası festivalın açılışından cəmi bir neçə gün əvvəl başlanmışdı).
Bəlkə təşkilatçılar elə düşünürlər ki, bizə bu da bəsdir?
Amma qeyd etməliyik ki, yaxşı məqamlara da rast gəlinirdi. Festivalların proqramları kifayət qədər zəngin olmuşdur. Hər il bu tədbirin birinci günündən axırıncı gününə qədər axşamlar Caz klubunda və Bakı caz mərkəzində cem-seyşnlər keçirilir, musiqiçilər Bülbül adına musiqi məktəbinin şagirdləri üçün ustad dərsləri keçirdilər. Bu tədbirlər təcrübəsiz cazmenlər üçün yaxşı stimuldur. Bundan əlavə, biz dünya cazının canlı əfsanələri sayılan Tuts Tillemansın və Meynard Fergüsonun çıxışlarını gördük. Başqa bir faktı - almaniyalı saksafonçu Verner Enqlerdin layihəsi əsasında bizim yerli musiqiçilərdən ibarət "Baku Big Band" qrupunun yaradılmasını unutmaq olarmı? Enqlerdin bu layihəsində ölkəmizin gənc musiqiçiləri - saksafonçular, trubaçalanlar, gitaraçılar və klavişli alətlərdə çalan ifaçılar iştirak edirdilər.
Hər şeydən başqa, bizim cazmenlər indiki dövr üçün çox nadir bir imkan - özlərini göstərmək və başqalarına baxmaq imkanı əldə etdilər, təcrübə mübadiləsi oldu (əslində festival məhz bu məqsədlə təsis olunmuşdu). Razılaşın ki, bü təcrübə mübadiləsi - caz kimi bir janr üçün əhəmiyyəti heç də az olamyan bir amildir. Növbəti festivalın necə olacağını indidən proqnozlaşdırmaq çətindir. Sağlıq olsun, yaşayarıq, görərik.

Seymur Zakarəyev