FƏRHAD BƏDƏLBƏYLİ:

"Akademik hazırlıq cazı daha da maraqlı edir"

"Mən bütün gün fikirləşdim, amma məlum oldu ki, bu qədər fikirləşməkdənsə, qısa müddət elm öyrənmək daha xeyirli olar".
                                                       Syun-tszı


Məlumdur ki, millətin mədəniyyətinin əsasını təhsil təşkil edir. Bugünkü musabihim Azərbaycanda təhsilə bilavasitə aidiyyəti olan bir şəxs - Bakı Musiqi Akademiyasının rəhbəri və Bakı Caz Mərkəzini yaradanlardan biridir. Fərhad Bədəlbəyli ziyalılığın parlaq nümayəndəsi, zamanla ayaqlaşmağı bacaran elə bir şəxsiyyətdir ki, onun sayəsində ölkəmizin musiqi mədəniyyətinin inkişafı davam edir.

Fərhad müəllim, necə olub ki, Bakı Musiqi Akalemiyasında indiyə qədər caz fakültəsi yoxdur?
Əslində belə bir fakültə var, lakin məsələ burasındadır ki, həmin fakültəyə praktiki olaraq heç kəs daxil olmur. Hərçənd, şəxsən mənim fikrimcə, bunun müəyyən səbəbləri var. Caz musiqiçilərinin çoxu Akademiyanın müxtəlif fakültələrini bitirmiş, lakin sonradan caz ifaçılığına başlamışlar. Caz musiqiçisi - qeyri-adi ideya kimidir, o, qəflətən, necə deyərlər, bədahətən yaranır. Bəzən musiqiçi 18-20 yaşlarında caz ifa etməyə başlayır. Bu, çox yaxşı haldır və biz bu istiqamətdə atılan hər bir addımı alqışlayırıq. Qoy gənclərimiz bu fakültəyə daxil olsunlar, diplom alsınlar. Lakin bir məsələ də var ki, caz musiqiçiləri özlərinin təbiətinə görə, pedaqoji baxımdan bir qədər qeyri-mütəşəkkil olur, sərbəstliyi daha çox xoşlayırlar, pedaqoji proses isə intizam və sistematika tələb edir. Məsələn, Rauf Babayev və "Bəri bax" ansamblının üzvləri bu istiqamətdə çox işləyir. Onlar sistematik məşğələlər sayəsində yaxşı nəticələr əldə etmişlər, a-kapella-ları, caz improvizələrini çox gözəl ifa edirlər. Demək istəyirəm ki, işləmək lazımdır və biz bu cür gəncləri qəbul etməyə həmişə hazırıq.

Amma hər halda, yaxşı caz musiqiçisi olmaq üçün klassik məktəb keçmək lazımdırmı?
Əlbəttə lazımdır, klassika sənətkarın özünü inamlı hiss etməsinə imkan verir. Mənim fikrimcə, əsl caz musiqiçisi hökmən klassik məktəb keçməlidir. Amerikada klassik caz təhsili harmoniya, solfecio, kontrapunkt, improvizələr üçün not yazısı və bir sıra başqa məsələləri əhatə edir. Bütün bunlar heç də asan deyil. Əlbəttə, musiqi təhsili almayan adamların arasında da dahi ifaçılar ola bilər. Lakin bu, çox nadir hallarda olur. Cazda akademik hazırlıq olmalıdır, onda caz daha da maraqlı olar. Cazmen öz ideyalarını həyata keçirmək üçün trioliləri də ifa etməyi bacarmalıdır, oktavaları da, qoşa notları da... Məsələn, Piterson passajları o qədər məharətlə ifa edirdi ki, heç bir klassik musiqiçi onunla bəhsləşə bilməzdi. Onun ifası həddən artıq sürətli olmasına baxmayaraq, hər bir not aydın eşidilirdi. Bütün bunlar əsaslı klassik hazırlığın nəticəsidir.
Fərhad Bədəlbəyli

Bəs caz musiqiçilərinin klassik əsərləri ifa etmələrinə Sizin münasibətiniz necədir?
Çox yaxşı. İndi çox maraqlı proseslər gedir: caz klassikaya üz tutur, klassika isə daha yüngül musiqiyə yaxınlaşır. Məsələn, Pavarotti Stinqlə oxuyur, Spivakov öz virtuozları ilə birlikdə caz konsertləri verir, klassiklər caz musiqiçiləri ilə birgə çıxış edirlər. İndi həyat daha demokratik olub. Televiziya Almaniyada və başqa ölkələrdə verilən hər bir caz konsertinə baxmağa imkan verir. Əvvəllər bu cür imkanlar yox idi. Cazın bir qədər təmkinli, klassikanın isə daha mütərəqqi olması - tamamilə normal prosesdir. Məsələn, əvvəllər konsertlərdə Gerşvinin əsərləri ifa ediləndə bunu pisləyirdilər, hərçənd bu cür konsertlər zamanı salonlar tamaşaçı ilə dolu olurdu və dinləyicilər çox güclü emosional təsirə məruz qalırdılar. O vaxtlar Bramsın, Listin və başqa bəstəkarların əsərlərini çalmaq daha prestijli idi. İndi caz musiqisi ilə klassika qovuşur, müasir musiqinin yeni formaları yaranır.

Sizin fikrinizcə bizdə, Azərbaycanda, cazın vəziyyəti necədir?
Bizdə caz hələ inkişaf mərhələsindədir. İstedadlı musiqiçilərimiz az deyil. Həm onlar üçün, həm də caz musiqisinin pərəstişkarları üçün şərait yaratmaq lazımdır. Bakı Caz Mərkəzinin açılması hamımızı sevindirdi. Burada musiqiçilərin məşq etməsi və konsertlər verilməsi üçün imkan yaradılmışdır. Bu cür mərkəzlərin və caz klublarının sayı daha çox olmalıdır. Axı Bakı həmişə ənənəvi caz şəhəri olmuşdur və biz bu ənənələri qoruyub saxlaya bilmişik. İstərdim ki, burada yenə festivallar keçirilsin, görkəmli musiqiçilər dəvət edilsin. Onda caza həvəs göstərən dinləyicilərin sayı daha da artacaq, caz musiqisi daha populyar olacaqdır.

Bəlkə caz və klassik musiqi üçün reklam lazımdır?
Əlbəttə lazımdır, özü də caz üçün reklam populyar musiqi ilə müqayisədə on qat çox lazımdır. Cazı təbliğ etmək, bu sahədə hər hansı təşəbbüsləri rəğbətləndirmək, gənc istedadları dəstəkləmək lazımdır. Televiziya və radio da bu işə qoşulmalıdır. Təəssüf ki, bu gün yüksək musiqiyə biganə münasibət hiss edilir, aşağı səviyyəli şou-biznesə isə daha çox diqqət yetirilir. Lakin mənim fikrimcə, yaxın vaxtlarda caz musiqisi yenə öz yerini tapacaq və bizim gənclər onu öyrənmək və yaxşı təhsil almaq istəyəcəklər.

Leyla Əfəndiyeva