TOFIQ CABBAROV:

"Percussionun imkanları tükənməzdir"

Dahilərdən kim isə deyib: "Həqiqəti dərk etməyin ən qısa yolu - ağıllı adamlarla ünsiyyətdə olmaqdır". Əslində, caz musiqisi də ünsiyyət vasitəsidir. Axı məhz istedadlı caz musiqiçilərinin sayəsində biz onların musiqi axtarışlarının həm şahidləri, həm də tamhüquqlu iştirakçıları olmaq imkanı əldə edirik. Caz musiqisi səslənəndə insanlar arasında energetik ünsiyyət yaranır, daha dəqiq desək, energetik mübadilə baş verir. Bu hadisənin iştirakçılarının çöhrələrində - istər musiqiçilər olsun, istərsə də tamaşaçılar, tez-tez həqiqi ləzzət ifadəsinə çevrilən ümumi coşqunluq hissini duymaq çətin deyil. Əsl cazmeni diletantdan fərqləndirən əsas məsələ budur ki, musiqiçi kamilləşib püxtələşdikcə, özündə qeyri-adi bir sərbəstlik, daxili azadlıq hiss edir. Bu azadlıq - musiqiçiyə mənəvi rahatlıq bəxş edən məxsusi bir aləm yaradılması deməkdir. Bu aləmlər üzvi şəkildə bir-birinə qovuşanda musiqiçilərin və musiqi sərraflarının sanki "çəkisizlik şəraitində qanad çaldığı" caz kompozisiyası yaranır...
Əgər ünsiyyət həqiqəti dərk etməyin ən qısa yoludursa, musiqi, ədəbiyyat, təsviri sənət - bu məqsədə çatmağın daha uzun yoludur. Bəlkə də, CAZ MUSİQİÇİSİNİN missiyası bundan ibarətdir ki, o, insanların həyatı dərk etmələri üçün onları daha uzun, lakin heç də az maraqlı olmayan yollara sövq edir.
Caz bilicilərinin ümumi fikrinə görə, tanınmış azərbaycanlı perkussioçu Tofiq Cabbarov məhz bu cür musiqiçidir. "Perkussioçu" sözünün mənasını bilməyənlər üçün izah etmək yerinə düşər ki, perkussioçu - zərb alətləri qurğusunda deyil, ayrı-ayrı zərb alətlərində - əl ilə çalınan "konqo" və "bonqo" deyilən təbillərdə, cowbell, tree-bells, marakas, cabasa, tamburin, rumba, wood-blocks, zınqırov, vibrafon, silofon, marimba və başqa alətlərdə çalan ifaçıdır.
Qəhrəmanımızın bu gün də çıxış etdiyi trionun rəhbəri, məşhur pianoçu Emil İbrahim oğlu Məmmədov mənə dərhal izah etdi ki, Tofiq Cabbarov haqqında nə qədər istəsəniz, özü də yalnız xoş sözlər danışmaq olar: "O, gözəl musiqiçi, yaxşı yoldaş, jaz sənətini bütün varlığı ilə sevən və bir sıra digər yaxşı keyfiyyətlərə malik olan həyatsevər insandır. Onun yanında olanda adam heç vaxt darıxmır, qəmdən-qüssədən uzaq olur. Tofiq bizi həmişə təbəssümlə qarşılayır və onun müsbət enercisi ətrafdakılara da sirayət edir. Siz elə bir adam tapa bilməzsiniz ki, onun barəsində neqativ fikirlər söyləsin. Tofiq jazın ən çılğın tərəfdarlarından biridir. Bir neçə musiqiçi bir yerə toplaşanda Tofiq onlardan təklif gözləmədən, özü sözə başlayır: "Uşaqlar, gəlin bir az çalaq"...
Bu insan daim axtarışdadır. Onunla birlikdə çox maraqlı ritmləri ilə seçilən yaxşı musiqi yaratmaq mümkündür. Həmişə yeni ritmik rəsmlər axtarıb tapan, daim inkişafda olan Tofiq Azərbayjanın fəxridir. O, öz ölkəsini hər yerdə ləyaqətlə təmsil etməyi bajarır"...

Tofiq Cabbarov

Tofiq müəllim, qətiyyətlə demək olar ki, siz xoşbəxt musiqiçisiniz - çoxillik yaradıjılıq karyeranızda siz bir sıra tanınmış musiqiçilərlə, Azərbayjan jazının həqiqi ustadları ilə əməkdaşlıq etmisiniz. Sizdə musiqiyə maraq, konqo kimi ekzotik çalğı alətinə həvəsiniz necə yaranıb?
Musiqiyə maraq hissini mənə ailəmizin yaşlı üzvləri aşılayıblar. Atam akkordeonda, əmim isə gitarada çalırdı. Onlar jazı çox xoşlayırdılar və biz tez-tez polyak ifaçılarının qrammofon vallarına qulaq asırdıq. Lakin mənim maraq dairəm təkjə jaz musiqisindən ibarət olmayıb. Javanlıqda mən əvvəlcə rokla çox maraqlanırdım. Bütün yaşıdlarım kimi, mən də Liverpulun "Bitlz" kvartetinin ifasından həzz alırdım. Orta məktəbdə oxuyarkən Pionerlər evinə getməyə başlamışdım. Elə orada da rok çalırdıq. Bundan əlavə, o dövrdə Azərbaycan estradası peşəkarlıq baxımından çox yüksək səviyyədə idi. Bəzən biz rokla yanaşı Rəşid Behbudovun, Müslüm Maqomayevin, Polad Bülbüloğlunun repertuarına daxil olan mahnıları da ifa edirdik...

Bəs caz? Onun hisslərinizə hakim kəsildiyini nə vaxt anladınız?
Mən qrammofon vallarına qulaq asanda bu canrın qeyri-adiliyini hiss edirdim. Sanki başqa bir aləmə düşürdüm, nəbzimin nejə sürətlə vurduğunu hiss edirdim. Bu, yoluxuju xəstəlik kimi bir şeydir, ona mübtəla olanın sağalması qeyri-mümkündür. Caz - insanın ruhi vəziyyətidir. Təbii ki, Pionerlər evində rok və populyar musiqi ilə yanaşı caz da çalırdıq.

Yəni konqo alətində?
Əlbəttə yox! O dövrdə konqo və digər perkussio alətlərinə çox seyrək hallarda rast gəlmək olardı. Mən təbil çalırdım. Konqo ilə 80-ci illərin əvvəllərində "Qaya" ansamblına gələndən sonra jiddi məşğul olmağa başlamışam. Bu alətin ecazkar qüvvəsini ilk dəfə 70-ci illərin əvvəllərində məşhur gitaraçı Karlos Santananın bobinalı maqnitofona yazılmış ifasını dinləyəndən sonra hiss etmişəm. O vaxt melodiyada səslənən qeyri-adi ritmlər məni çox heyrətləndirirdi. Öz-özümə soruşurdum: "Görəsən orada neçə nəfər təbilçi var? Və onlar həmin alətlərdən bu jür səslər çıxarmağa necə müvəffəq olurlar?". Məlum oldu ki, orada təbildən əlavə, konqo və bir neçə başqa zərb aləti də çalınır.

Tofiq Cabbarov

O vaxt siz hələ Pionerlər evində çalırdınız?
Bəli. Sonra məni hərbi xidmətə çağırdılar. Əsgərlikdə olanda hərbi orkestrdə çalırdım. Mənimlə birlikdə bir nəfər trubaçalan caz musiqiçisi də xidmət edirdi. O, məndən əvvəl tərxis olunub öz vətəninə - Qırğızıstana getmiş və orada mənim barəmdə danışmışdı. Günlərin bir günü o mənə telefonla zəng edib soruşdu ki, Frunze (İndiki Bişkək şəhəri) Filarmoniyasında işləmək istəyirəmmi. Beləliklə, mən keçmiş İttifaqın hər yerindən cəlb edilmiş ifaçıların kollektivinə düşdüm və iki il Qırğızıstan Filarmoniyasında işlədim. Bu dövr mənim üçün yaxşı məktəb oldu, kollektivimizdə çox yaxşı musiqiçilər çalışırdı, biz tez-tez qastrol səfərlərinə gedirdik.

Bəs "Qaya" kvartetinə qəbul edilməyiniz necə oldu?
Bu hadisə 80-ci illərin əvvəllərində olmuşdu. O vaxt mən artıq Bakıya qayıtmışdım və iki il idi ki, Rus Dram Teatrının qarşısındakı "Teatral" restoranında işləyirdim. Həmin dövrdə "Qaya"nın bədii rəhbəri Teymur Mirzəyev öz kollektivi üçün təbilçi axtarırdı. Bir dəfə o, yoldaşları ilə birlikdə "Teatral" restoranına gəlmişdi. Mənim ifamı dinləyəndən sonra xahiş etdilər ki, onlara baş çəkim. Məlum oldu ki, onlar məndən əvvəl də bir neçə musiqiçinin ifasını dinləyiblər, lakin heç kəsin ifası ürəklərincə olmayıb. O vaxt "Qaya" qrupu Qaqarin körpüsünün yaxınlığındakı "Bakport" klubunda məşq edirdi. Mənim ifamdan çox razı qaldılar və məni kvartetə götürdülər. Əvvəlcə razılıq verdim, lakin sonra imtina etdim.

O cür məşhur musiqiçilərlə birgə çıxış etməyə qorxdunuz?
Xeyr, sadəcə olaraq, "Qaya"nın kollektivi daim qastrol səfərlərində olurdu, mən isə o vaxt Bakıdan getmək istəmirdim. Rauf Babayev bir neçə dəfə mənim ardımca "Teatral"a gəldi, amma mən dediyimdən dönmədim. Onlar da başqa təbirçi götürdülər. Bir ildən sonra yenə Raufla rastlaşdıq və bu dəfə mən özüm maraqlandım: "Rauf, sizə konqo çalan lazım deyil ki?". O, "Əlbəttə, lazımdır!", - deyə cavab verdi. Beləcə, mən "Qaya" ilə əməkdaşlığa başladım və beş il bu kollektivdə işlədim.

Tofiq Cabbarov

Konqo çalmağa da elə orada başladınız?
Bəli, onlarda bu alət hələ 1974-cü ildən vardı, onu Kubadan gətirmişdilər. Mən kvartetə gələndə bu alətdə ifa barədə dəqiq anlayışım yox idi, lakin intuitiv olaraq nə isə təsəvvür edirdim və yavaş-yavaş məşğul olmağa başladım. Mənim bəxtim gətirdi: "Qaya"ya gələndən üç ay sonra bu kvarteti Kubaya qastrol səfərinə göndərdilər.
Bizim qaldığımız mehmanxana okeanın lap yaxınlığında idi. Yerli musiqiçilər hər gecə orada konqo çalırdılar. Mən onları müşahidə etməkdən özümü saxlaya bilmirdim. Bu, çox qəribə bir mənzərə idi. Təsəvvür edin ki, 20 nəfər konqo çalır, yanlarında da tonqal yanır. Təəccüblü deyil ki, bir-iki axşamdan sonra mən də onlara qoşuldum. Cem-seyşnə oxşayan bu cür konsertlərdə mən çox şey öyrəndim. Mən bu aləti necə çalmaq lazım olduğunu gördüm, onun bütün zəngin imkanlarını hiss etdim. Axı bizdə konqo çalmağı öyrədən məktəb yox idi. Konqo çalmaq isə digər zərb alətlərində çalmaqdan əsaslı şəkildə fərqlənir. Konqo da royal və ya skipka kimi alətdir və özünə çox ciddi münasibət tələb edir.
Tofiq Cabbarov

İndi Siz həm də Emil İbrahim oğlu Məmmədovun triosunda çıxış edirsiniz...
Mən sizə dedim axı... Kollektivlər barədə həyatda bəxtim gətirib. Bu trio 90-cı illərin axırlarında yaradılıb. Biz Latın Amerikası xalqlarının musiqisini və ənənəvi caz əsərlərini ifa edirik. Trioda çox istedadlı, öz işini sevən uşaqlar çalışır. Deməli, onlarla birgə işləmək maraqlıdır.

Mən dəfələrlə fikir vermişəm ki, tamaşaçılar perkussioya çox böyük maraqla baxırlar...
Bəli, perkussio doğrudan da çox maraqlı alətlər dəstidir. Mənim öz evimdə müxtəlif zınqırovların, şax-şaxların bütöv bir dəsti var. Lakin bir də görürsən, müəyyən nömrənin ifası zamanı zınqırova yalnız bir dəfə toxunuram. Elə bil daxilən hiss edirəm ki, həmin anda məhz bu alət səslənməlidir.

Caz improvizasiyalara əsaslanır. Maraqlıdır, necə olur ki, müxtəlif alətlərdə çalan çoxsaylı musiqiçilər bütöv bir tam kimi qəbul edilir?
Biz cem-seyşnlərdə tez-tez əcnəbi musiqiçilərlə birgə çıxış edirik. Biz hamımız - həmfikirlərik və hamımız bir dildə - musiqi dilində danışır, dünya duyumumuzu bu dildə ifadə edirik. Aydındır ki, improvizasiyada bizim hər birimiz özünü ifadə edir. Lap futbolda olduğu kimi: axı yaxşı futbolçu hər bir komandada yaxşı oynayır.

Bəs o biri idmançıların səviyyəsi aşağı olsa necə? Axı bu vəziyyət ümumi nəticəyə təsir göstərəcək?
Zəiflər özlərini güclülərə çatdırmağa çalışacaqlar. Bu barədə mənim bəxtim gətirib. Mən həmişə cazı yaxşı bilən və dərindən hiss edən musiqiçilərlə işləmişəm. Təbii ki, bütövlükdə hamı eyni səviyyədə deyil. Yaxşı musiqiçilərin sayı ən çoxu 15 nəfər olar, qalanları isə özlərini onlara çatdırmağa çalışırlar. Cavanlar tez-tez bizə qulaq asmağa gəlirlər və biz onları bizimlə birgə ifaya dəvət edirik. Müəyyən müddətdən sonra tərəqqi hiss olunur. Cavanlar inkişaf edir - bu, normal haldır. Vaxtilə mən də professionalların ifasına tamaşa etmişəm, onlardan nə isə öyrənmişəm. Prinsip etibarilə bu vəziyyət indi də davam edir. Mən həmişə başqa musiqiçilərin ifasını dinləyirəm. Hər gün məşğul oluram. Bizim sənətimiz, bir növ, idmana oxşayır. Məşq etməyi tərgitsən, formadan düşəcəksən. Hər gün səhər yeməyindən əvvəl yarım saat çalıram. Səhər yeməyindən sonra yenidən alətin arxasına keçirəm və ta o vaxta qədər çalıram ki, mənəvi cəhətdən doyuram, bu gün bir qədər irəli getdiyimi hiss edirəm. Əks halda mənə elə gəlir ki, nəyisə ötürmüşəm, bir qədər geri qalmışam. Xüsusən yaxşı musiqiçilərlə birgə çalmaq inkişaf üçün böyük stimul verir. Bəzən görürəm ki, evimizin aşağısında adamlar toplaşıb mənim çalğımı dinləyirlər. Qonşular şikayət etmirlər. Onlar məni tez-tez televiziyada görür və hətta mənimlə fəxr edirlər.
Çox məşhur bir perkussioçu var - təbilçi Aleks Akunia. Məndə onun çıxışları yazılmış bir videokaset var. Bu kaset məndən ötrü bir növ stolüstü kitaba çevrilib. Ona bəlkə yüz dəfə baxmışam. Hər dəfə təzədən baxanda nə isə yeni bir ştrix, təzə bir nüans tapıram və öz-özümə soruşuram: "Necə olub ki, bu məqama əvvəlcə fikir verməmişəm?". Həmişə belə olur. Bilirəm ki, sabah bu kasetə bir də baxacam və yenə nə isə təzə elementlər aşkar edəcəm. Bircə şeyə heyfsilənirəm ki, cavanlığımda az oxumuşam. Əgər mən təzədən dünyaya gəlsəydim, daha çox məşğul olar, özümü bütünlüklə incəsənətə həsr edərdim. Yəqin ki, gündə 6-8 saat çalardım.

Tofiq Cabbarov

Sizin söhbətinizdən bu nəticəyə gəlmək olar ki, həyatnız başdan-başa sevinc içində olub. Amma məlumdur ki, caz - musiqinin heç də kütləvi janrı deyil və bu da heç kəsdən ötrü gizli deyil ki, bu janr Azərbaycanda dəfələrlə tərəqqi və tənəzzül dövrlərini yaşamalı olub. Heç elə hal olubmu ki, siz fəaliyyət sahənizi dəyişmək və ya başqa, daha çox tələbat olan janra keçmək istəmisiniz?
Mən heç vaxt elə fikirdə olmamışam. Mənə belə gəlir ki, həqiqi musiqiçi həmişə çörəkpulu qazana bilər. Biz mobil musiqiçilərik, hər şeyi ifa edirik: yeri gələndə popsa da çalırıq, xalq musiqisi də. Buna görə də heç vaxt işsiz qalmırıq. Mən əvvəllər tez-tez bizim aparıcı ulduzların şou konsertlərində çıxış edirdim və bu gün də çıxış edirəm. Bütün dünyada belədir. Hətta ən tanınmış ustalar da tez-tez mahnıların yazılmasında iştirak edirlər. Sovet cazının tarixinə nəzər salsaq, çoxları razılaşar ki, onilliklər boyu bu janr qadağan edilmişdi, caz musiqiçiləri həmişə müxtəlif problemlərlə üzləşirdilər. Bəli, bir vaxtlar biz cazı yalnız öz təşəbbüsümüz əsasında ifa edirdik. Üstəlik, caz musiqisi hesabına pul qazanmağa başlayanda biz çox təəccüblənirdik.
O ki qaldı çətinliklərə, əgər musiqiçi cazı həqiqətən sevirsə, onu ürəkdən ifa edir və dinləyirsə, nə çətinlik ola bilər? Əsas məsələ budur ki, tamaşaçı sənin çaldığını və ona nə vermək istədiyini düzgün başa düşsün. Özü də bu cür tamaşaçıların bir nəfər, yoxsa yüz nəfər olmasının fərqi yoxdur. Əgər sən sənət yaradırsansa və bunlar sənin daxilindən gəlirsə, onda yaratmağa dəyər.
Hazırda nağaraçı Natiq Şirinovla birlikdə çox maraqlı bir layihə üzərində işləyirik. Bu layihəyə ölkənin ən yaxşı musiqiçilərini cəlb etmişik. Biz müxtəlif zərb alətlərindən istifadə etməklə, bizim milli ritmlərdən başlamış, ta Hindistan və Latın Amerikası ritmləri də daxil olmaqla müxtəlif etnik ritmləri sintez edərək maraqlı nömrələr hazırlamışıq. Zənnimcə, bu eksperiment uğurlu olacaq.

Bəs gələcək nəsillər? Siz öz biliklərinizi onlara vermək istəyirsinizmi?
İstəyirəm, özü də lap çox istəyirəm. Cavan musiqiçilər mənə tez-tez müraciət edirlər. Onlara müəyyən məsləhətlər verirəm, bəzi elementləri göstərirəm. Lakin bu məsələ ilə ciddi məşğul olmaq üçün müəyyən şərait lazımdır, mənim isə hələlik elə şəraitim yoxdur.
Vaxtilə çox çətinliklərlə üzləşmişəm. Demək olar ki, sıfırdan başlamışam, addım-addım irəliləmişəm. Bir ifaçını dinləyəndən, başqa bir musiqiçinin ifasını görəndən sonra mən bu alətlərin mahiyyətini bir qədər qavramışam. Amma, onları tam mənimsəmiş olduğumu deyə bilmərəm, çünki konqo və digər perkussio alətlərinin imkanları tükənməzdir.

Tofiq Cabbarov

Bəs necə oldu ki, tale sizi Rafiq Babayevlə görüşdürdü?
Rafiq Babayevlə birlikdə ilk çıxışım 1983-cü ildə, Vaqif Mustafazadənin xatirəsinə həsr edilmiş I Bakı caz festivalında olmuşdu. O vaxt Rafiq Babayev Rəşid Behbudovun Mahnı Teatrında işləyirdi. Həmin Caz Festivalında mən üç kollektivlə - Rafiq Babayevin ansamblı, "Qaya" kvarteti və "Moskva" mehmanxanasının musiqi kollektivi ilə çıxış etmişdim.
Sonra - 1985-ci ildə Rəşid Behbudov məni özünün Mahnı Teatrına dəvət etdi, lakin o vaxt mən imtina etdim. Bir müddətdən sonra Rafiq Babayev Dövlət Teleradio Şirkətinin ansamblına rəhbərlik etməyə başladı. O vaxt mən artıq "Qaya" kvartetini tərk etmişdim. Rafiq müəllim məni öz kollektivinə dəvət etdi və o vaxtdan ta bu qeyri-adi musiqiçinin faciəli ölüm gününə qədər mən onun ansamblında çalışdım. İllər keçdikcə mən Rafiq Babayevin böyüklüyünü daha çox hiss edirəm. Onun ölümündən sonra çox şey məcrasından çıxdı, caz musiqisi bir növ kölgədə qaldı. Onunla işləyərkən biz, əsasən, folk-caz çalırdıq, neçə-neçə xarici ölkələrdə olmuşuq...
Lakin tale yenə mənim üzümə güldü: Salman Qəmbərov məni özünün "Bakustik caz" ansamblına dəvət etdi. İndi 10 ilə yaxındır ki, bu kollektivdə işləyirəm. Bu müddətdə Almaniyada, Tbilisidə və Odessada keçirilmiş çoxsaylı prestijli caz festivallarında çıxış etmişik. Keçən il isə Frayburqda çox möhtəşəm bir caz festivalında olduq. 17 gün davam etmiş bu festivala dünya şöhrətli ulduzlar gəlmişdi - Çoşuva Redman, Çarli Mariano, Kassandra Uilson, Perri Robinson, Cef Ballard...

Seymur Zakaryayev