CAZ MƏRKƏZİNİN İNTİBAHI

Rəşid Behbudov küçəsi 19 ünvanında yerləşən Caz Mərkəzinin yeni təyin olunmuş baş meneceri Rain Sultanov öz missiyasını izah edərək belə dedi: "Mən bunun Bakıdakı caz aləmində sensasiya olmasını istəyirəm".
Yüksək ambisiya və demək olar ki, artıq edilmiş bir çox dəyişikliklər böyük optimizmdən xəbər verir. Bürünc rəngli pəncərələri olan Milli Bankın qülləsinin ətəyində yerləşən Caz Mərkəzinin giriş qapılarında neon işıqlanması ilə quraşdırılmış truba və kontrabas ifaçılarının fiqurları mərkəzin məhz orada yerləşdiyini daha da vurgulayır. Foyedə rəssam Hüseyn Haqverdi tərəfindən yaradılmış tam caz ruhlu, diqqəti cəlb edən əsərlər və musiqi zalındakı əsaslı dəyişikliklər buna daha çox inam yaradır. Zəif isıqlanma və ayrı-ayrı qoyulmuş masalar həm dinləyicilərə intim və rahat atmosfer, həm də musiqiçilərin səhnədə öz daxili aləmlərinə qapılmalarına şərait yaradır.
Həftənin cümə günu, 21 may tarixində, keçirilən açılış gecəsindəki dinlədiyimiz musiqi rəhbərliyin burada apardığı dəyişikliklərlə yanaşı musiqiyə də ciddi yanaşdığını sübut etdi. Bu sübutlardan biri - gənc və bir qədər yaşlı nəsil ulduzlardan Şahin Novrasli, Bəri Bax, Cəmil Əmirov və Bakustikın bir - birinin ardınca canlı musiqi ifa etdikləri vaxtda arxa planda tarixə düşmüş musiqiçilərdən Tofiq Quliyev, Rafiq Babayev, Vaqif Mustafazadə və başqalarının lent yazılarının göstərilməsi oldu. Çoxsaylı və dəyərverən dinləyicilərə daha bir qayğı Rain Sultanovun prodüsserlik etdiyi, 1940-2003-cü illər ərzində bəstələnmiş 28 musiqi parçası lentə alınmış iki CD (kompakt disk) ilə müşaiyət olunan 65 fotoşəkil, Azəri, ingilis, rus və alman dillərində 31 musiqiçinin qısa tərcümeyi-halı olan 380 səhifəlik "Jazz in Azerbaijan Anthology" ("Azərbaycan caz antalogiyası") adlı kitabın təqdimatı oldu.
"Mənim seçimim belədir ki gərək dünyada Azəri caz musiqisini eşitsinlər", deyən Rain bu təqdimatı ilə bizə özünün sevdiyi caz musiqisinin inkisafı üçün toxumun cücərib kök atmasında və kökdən çiçəklərin yetişməsində dayanmadan calışdığını göstərdi. Onun həqiqətən də çətin və dəyərli daha bir xidməti, son əldə etdiyi bəhrə, uzun muddətdir yetişdirdiyi meyvə gələcəyinin doğrudan da təkanlı bir formada işıqlı istiqamətə yönəldiyi musiqinin köklərini və inkişafını tərənnüm edir.

Bakı Caz Mərkəzi

Caz mərkəzinin açılması müstəqil respublika musiqiçilərinin həyatında dönüş yaradan bir hadisə kimi yadda qala bilər. Azərbaycanın öz musiqisi ilə fəxr etməyə haqqı var. Amma bununla yanaşı son dekadada ifaçılara və bəstəkarlara dəstək olmaq üçün çox mübarizə aparmalı olub. Caz mərkəzinin fəaliyyət göstərməsi üçün onun rəhbərliyinə çox istedadlı musiqiçinin təyin edilməsində məhz dəyərli sponsor olan AzEuroTelin rəhbəri Nuru Əhmədov cənablarının təşəbbüsü cazsevərlərin sevincinin artmasına daha bir qüvvə verdi.
Bütün zövqləri qane etmək məqsədilə həftənin hər axşamı fərqli caz musiqisi ifa olunur. Rain Sultanovun dediyinə görə bu, Bakı caz musiqiçilərinin həyat tərzini yaxşılaşdırmaq üçün daha bir şansdır və eyni zamanda onun ümdə məqsədi olan Azərbaycanda cazın inkisafına xidmət edir.
Caz mərkəzi təkçə dinləyicilərin musiqiyə qulaq asmaq üçün gəldiyi yer deyil, eyni zamanda musiqiçilərin məşqləri üçün bir mənbədir. Rəsmi açılışdan bir neçə gün əvvəl caz mərkəzinə gəldikdə studiyada bir qrup tələbənin ifa etdiyi musiqinin lentə yazılmasının və eyni zamanda əsas zalda caz musiqiçilərinin məşq etdiyinin şahidi olduq. Məşqlər yerli caz musiqiçiləri üçün azaddır və bundan ötrü ciddi vaxt cədvəli tərtib olunub. Bu baxımdan öz istedadı ilə insana həyacan yaşadan Sahin Novraslini xüsusi qeyd etmək lazımdır. O, yeni rejimdən həddindən çox razıdır. Sahin, "Bu əladır! Nəhayət ki biz məşqlərimiz üçün şərait tapdıq. Buranın musiqiçi rəhbərə ehtiyacı var idi", deyir.
Bu ərəfədə ofisdə dizaynerlər - tərkibinə Rainin həyat yoldaşı və eyni zamanda yaradıcı həmkarı Leyla xanım Əfəndiyeva daxil olmaqla bir-biri ilə məsləhətləşərək proqram üzərində işləyirdilər.

Bakı Caz Mərkəzi

Birinci üç aylıq proqram çox şeylər vəd edirdi və artıq bu özünü sübuta yetirməkdədir: hər axşam canlı musiqi, üstə gəl 11 konsert və 4 beynəlxalq əfsanəvi musiqiçiyə ithaf gecələri caz həvəskarlarının sayının artmasına və onların daha çox məlumatlanmasına xidmət edir.
Proqram üzrə konsertlər Maylz Deyvis, Con Koltreyn, Bill Evans, Çarli Parker və yerli saksafonçu Tofiq Şabanova həsr olunmuş ithaf gecələri, musiqiçilərdən Salman Qəmbərovun, Şahin Novraslinin (Mineapolisə "Hot Summer" - "Isti Yay" - caz festivalına getməzdən əvvəl) və Rain Sultanovun konsertləri avqustun sonuna qədər planlaşdırılıb. Bu, musigiçilərin həyatlarını, onların canlı konsert çıxışlarını əks etdirən lent yazılarının həmin konsertlər vaxtı arxa planda göstərilməsi də Bakı ictimaiyyətinə caz haqqında daha çox məlumat vermək məqsədi güdür. "Jazz in Azerbaijan Antholgy" kitabını hazırlayarkən yaşlı nəsillə qarşılasdığı problemlərdən sonra gələcək nəslə sanballı bir miras qoymaq məqsədi ilə Rain caz mərkəzində ifa olunan canlı konsertlərin səs və foto arxivini yaratmağı planlaşdırır.
Mövsuma daxil olan böyük konsertlərdən başqa gündəlik ifalar da öz gözəlliyi ilə onların dinlənilməyə layiq olduqlarını sübut edirlər. Bəri Bax qrupunun konserti keçirilən gün, çərşənbə günü, işdən sonra olduğundan konsertin sonuna gəldik və pərakəndə izdihamın arasından içəri daxil olub proqrama uyğun növbəti cıxışa qulaq asmaq üçün yerləşdik. Yenicə bir şey içmək üçün rahatlaşmışdıq ki, Sahin piano arxasına keçdi və bizə klassik və caz musiqisinin sintezindən valehedici bir improvizasiya bəxş etdi. Bu ifa baş meneceri öz rəsmi vəzifəsindən ayrılıb saksafonunu götürüb ona qoşulmağa məcbur etdi. Səhnədə onların bir-biri ilə və bir-birindən enerji alaraq musiqi dilində səmimi söhbətini dinləmək bir xoşbəxtlik yaşamaq idi. Həmin anda orada olduğumuzdan və bu təkrarsız musiqini dinlədiyimizdən qürur duyduq. Burada buna bənzər hallar çox olur - calışın onları siz də qaçırmayın.
"Jazz in Azerbaijan Anthology" kitabını Rəşid Behbudov 19 ünvanda yerləşən caz mərkəzindən 25 dollara əldə edə bilərsiniz, bundan əlavə yaxşı musiqi mağazalarında da satışı var.

Ian Peart and Saadat Ibrahimova