2004-cü il sentyabrın 17-19-da "Rossiya" Dövlət Mərkəzi Konsert Zalında ikinci Parliament Jazz Festival keçiriləcəkdir. "İntermediya" informasiya agentliyinin verdiyi məlumata görə, builki festivalda ABŞ-ın dəfələrlə Grammy mükafatına və digər yüksək mükafatlara layiq görülmüş ulduzları - əfsanəvi piyanoçu və bəstəkar Əhməd Camal (ABŞ), saksofonçu Kenni Ci, müğənni Natali Koul (o, məşhur Net "Kinq" Koulun qızıdır) və onun həmkarı Çaka Xan (əsl adı Stivens İvett Mari) iştirak edəcəkdir. Festivalda St. Germain proqressiv fransız caz qrupunun və rusiyalı saksofonçu İqor Butmanın da çıxış edəcəyi gözlənilir.

Dünya musiqisində ən mühüm simalardan biri olan əfsanəvi Rey Çarlz uzun sürən xəstəlikdən sonra iyunun 10-da 73 yaşında Beverli-Hillzdə (Kaliforniya) öz evində vəfat etmişdir. Cazmenin səhhətinin pisləşməsi üzündən o, özünün bir sıra konsertlərini ləğv etməyə m əcbur olmuşdu. Rey Çarlzın tamaşaçılar qarşısında son çıxışı 2004-cü il aprelin 30-da - 40 ildən bəri özünün xüsusi səsyazma studiyası yerləşən binada xatirə lövhəsinin açılış mərasimində olmuşdur. Rey Çarlzın Los-Ancelesdəki evi rəsmən tarixi əhəmiyyətli obyekt hesab edilir.



Vokalçı və bəstəkar, improvizasiyalı vokal oxuma sahəsində virtuoz sənətkar sayılan El Carro yeni albom hazırlayır. Musiqiçinin özünün deydiyinə görə, yeni albom onun əvvəllər yazdırdığı bütün albomlardan fərqlənəcəkdir.

Əsası Brenford Marsalis tərəfindən qoyulmuş Marsalis Music leyblinin iki yaşı tamam olmuşdur. Bu müddətdə iki nəfər istedadlı gənc musiqiçinin - Duq Uomblun və Miquel Zenonun albomları buraxılmışdır.
Brenford Marsalis özü isə öz kvarteti - pianoçu Coy Kalderattso, basist Erik Revis və zərb alətlərində çalan Ceff Teyn Uotts ilə birlikdə "Eternal" diskini yazdırmışdır. Bu disk sentyabr ayında satışa buraxılacaqdır. Leybl bu ilin axırlarında Amsterdamda konsert zamanı Marsalisin kvartetinin ifasında Koltreynin "A Love Supreme" əsərinin yazıldığı DVD buraxmağı planlaşdırır.



Caz aləmində və Mayls Devisin yaradıcılığında ən populyar albomlardan biri olan "Kind of Blue" albomunun buraxıldığı vaxtdan 45 il keçir. Bununla əlaqədar, prodüser Geri Qatri bu ilin ən maraqlı albomlarından biri olan "A New Kind of Blue" albomunun yazılmasını təşkil etmişdir. Devis yaradıcılığının bu yeni versiyasında bonus treki - Bill Evansın "Peace Piece" kompozisiyası da var. Albom Sony şirkətinin Nyu-Yorkdakı studiyalarında yazılmışdır. Albomun yazılmasında Rendi Breker (truba), Devid Fink (kontrabas), Viktor Lyuis (zərb alətləri), Çak Loeb (gitara), Mayk Riççutti (fortepiano) və Endi Snittser (alt-saksofon) iştirak etmişdir.

Gitaraçı Stivi Rey Voenin və onun Double Trouble qrupunun 2001-ci ildə CD diski şəklində buraxılmış iki çıxışı - 1982-ci və 1985-ci illərdə İsveçrədə keçirilən Montreux Jazz Festival caz festivalındakı çıxışlar bu ilin yayında DVD şəklində buraxılacaqdır. Voen və onun Double Trouble qrupunun 1982-ci ildə keçirilmiş Montreux Jazz Festival caz festivalındakı çıxışı onlar üçün böyük təkan oldu: onların səsləri ilk dəfə doğma Texasın hüdudlarından kənarda eşidildi. Məhz bu çıxışdan sonra musiqiçilərə kontrakt təklif edildi və artıq 1983-cü ildə onların "Texas Flood" adlı ilk albomu işıq üzü gördü. 1985-ci ildə Voen böyük uğurla Montreux Jazz Festival festivalına qayıtda. Musiqiçi 1990-cı il avqustun 23-də təyyarə qəzası nəticəsində həlak olmuşdur.

Avqustun 24-də 215 Records leyblində növbəti reliz - e.s.t. "Seven Days Of Falling" triosunun albomu çıxacaqdır. Piyanoçu Esbyern Svensson, basist Dan Berqlund və təbilçi Maqnus Ostrem öz imkanlarını çoxdan göstəriblər. Avropada, ABŞ-da və İsveçdə çox populyar olan bu qrupun diskləri ən çox alınan 20 diskin siyahısına daxildir.





Braziliyalı məşhur musiqiçi Joao Jilbertonun qızı Bebel Jilberto çox sadə adlı "Bebel Gilberto" yeni albom buraxmışdır. Bu alboma daxil olan 12 kompozisiyadan 9-unu müğənni özü bəstələmişdir. Layihə üzərində iş Braziliyada, Londonda və Nyu-Yorkda aparılmışdır.

Amerikalı məşhur gitaraçı Con Yorgenson qaraçı caz musiqisi aləmində "Canqo" üslubunda gitara ifaçılığı ilə məşğul olan ən yaxşı amerikalı sənətkarlardan biri kimi tanınmışdır. Con Yorgenson Con Duigenin "Head In The Clouds" filmində Canqo rolunu ifa etmiş və onun iki kompozisiyasını ("Blue Drag" və "Minor Swing") yazdırmışdır. Film 2004-cü ilin sentyabr ayında ekranlara çıxmalıdır. Bundan əlavə, FGM Records leybli Yorgensonun "Franco-American Swing" adlı növbəti albomunun çıxmasını elan etmişdir.

Blüz və soul-caz janrında 25 ildən artıq iş stajına malik olan veteran kimi musiqi dünyasında çox məşhur olan, Bi Bi Kinq, Roomful of Blues, Karl Densonla birgə çıxış etmiş, 9 dəfə Qremmi mükafatı nominantı olmuş Ron Levi özünün "After Midnight Grooves" adlı ən yeni albomunu yazdırmışdır. Levinin yeni layihəsi blüz, xip-xop və soulun ekzotik qarışığıdır. Onun indiki Ron Levy's Wild Kingdom qrupunda Karl Denson, Melvin Sparks və Rass Louton kimi ustad sənətkarlar işləyir.

Torontoda şəhərin maliyyə rayonundakı meydana əfsanəvi caz musiqiçisi Oskar Petersonun adı verilmiş, 2004-cü il iyunun 22-i isə Oskar Peterson günü elan edilmişdir. Xatırladaq ki, bu musiqiçi təqribən 50 il Torontoda yaşamışdır.

Sentyabr ayında 7 kompakt diskdən ibarət "Seven Steps: The Complete Columbia Recordings Of Miles Davis 1963-1964" adlı yeni komplekt satışa buraxılacaqdır. Bu disklərə daxil olan 47 trekdən 7-si əvvəllər heç vaxt dərc edilməmiş, 3-ü isə yeni redaksiyada dərc edilmişdir.

 

Fourplay cazmenləri özlərinin "Journey" adlı yeni studiya albomu üzərində işi tamamlamışlar. Diski təqdimetmə mərasimi iyunun 22-də olmuşdur. Diskin yazılmasında 1998-ci ildən bəri dəyişməz qalmış heyət - klavişçi Bob Ceyms, basist və vokalçı Natan İst, gitaraçı Larri Karlton və təbilçi Harvi Meyson iştirak etmişdir.
"Journey" Fourplay-in elektron vasitələrdən istifadə edilməklə yazılmış ilk albomu olacaqdır.

Məşhur italyan caz musiqiçisi Pino Minafra (Pino Minafra) Ruvo di Pulyada (Bari, Cənubi İtaliya) keçirilən "Talos-2004" festivalında artıq 12-ci dəfə qonaqları qəbul etməyə hazırlaşır.
Sentyabrın 1-dən 5-dək keçiriləcək bu tədbirdə İtaliya, İngiltərə, Fransa, Belçika, Hollandiya, Litva, İsrail, Livan, ABŞ, Albaniya, Rusiya və CAR-ı təmsil edən yüz nəfərə yaxın musiqiçi iştirak edəcək. Festivalın proqramında 17 konsert nəzərdə tutulmuşdur. Gözlənildiyinə görə, Mişa Menqelberq - Xan Bennink dueti, Rabi Əbu-Xəlilin kvinteti, Lui Sklavisin kvarteti ("Neapolitan valsı" proqramı ilə), Meridiana Multijazz Orchestra öz qonağı Can-Luici Trovezi ilə çıxış edəcək, eləcə də Kit Tippetin solo konserti səslənəcəkdir. Vokalçı Evelina Petrova da öz proqramını tamaşaçılara təqdim edəcəkdir.

Sentyabrın 14-də Columbia Eighty-Eights leyblində "Someday My Prince Will Come" adlı yeni albom buraxılacaqdır. Bu, iki məşhur cazmen qardaşın - piyanoçu Henk Cons və bu ilin may ayında vəfat etmiş təbilçi Elvin Consun son birgə işidir.

Bu il Amerikada prezident seçkiləri keçiriləcəkdir. Prezident vəzifəsinə namizədlərdən biri olan Con Kerrini dəstəkləmək üçün Jazz for America's Future adlı xüsusi təşkilat yaradılmışdır.
İyunun 14-də Nyu-Yorkun konsert salonlarından birində keçirilən xeyriyyə konsertində dünya səviyyəli caz ulduzları: Di Di Bricuoter, Coşua Redmen, Bred Meldou, Maykl Breker, Nikolas Peyton, Çarli Xanter, Krisçen Makbrayd və Ceff Teyn Uotts iştirak etmişdir. Konsertdən toplanan vəsait Kerrinin seçki qərargahına cəlb edəcəkdir.

İyunun 4-də müasir caz tarixində ən mahir soprano saksofon çalanlardan biri - Stiv Leysi adı ilə tanınmış Stiven Norman Lakrits həyatının 67-ci ilində Bostonda qara ciyər xərcəngindən vəfat etmişdir. 30 ildən çox vətəndən kənarda yaşamış Lakrits yalnız 2002-ci ildə Bostondakı Yeni İngiltərə Konsevatoriyasında dərs demək təklifini qəbul edərək Parisdən Amerikaya qayıtmışdı.

Müğənni Nora Consun "Feels Like Home" adlı ikinci studiya albomu buraxılandan cəmi bir ay sonra onun satış tirajı 4 milyon həddini aşmış və bu albom ABŞ-da dörd dəfə platin disk statusu qazanmışdır.

Fransalı piyanoçu və bəstəkar Jan-Pyer Mas "(H)ombre" adlı yeni albom buraxmışdır. Jan-Pyer Mas 1998-ci ildən bəri heç bir albom yazdırmır, yalnız kino üçün musiqi ilə məşğul olurdu.