Caz lüğəti

Avanqard caz (fransızca "öndə gedən, qabaqcıl dəstə" mənasında işlədilən avant-garde sözündəndir) - Müasir cazda musiqi dilinin modernləşdirilməsinə, yeni, qeyri-ənənəvi ifadə vasitələrinin və texniki priyomların (atonallıq, modal improvizə və kompozisiya, sonoristika, səsin elektron vasitələrlə sintezi və sair sahələrdə) mənisənilməsinə yönəlmiş stil və istiqamətlər qrupunun şərti adı. Fri-caz, "üçüncü cərəyan", elektron-caz, həmçinin hard-bok, kul-caz və caz-rokun bəzi eksperimental formalarını avanqard caza aid edirlər.

Aranjirovka (ingiliscə "yerləşdirmək, düzənləmək, qaydaya salmaq" mənasında işlədilən arrange sözündəndir) - ifaçıların müəyyən heyəti üçün nəzərdə tutulmuş və not yazısı şəklində fiksə olunmuş musiqi şərhi. Cazda aranjirovka əsərin ansambl və ya orkestr interpretasiyası barədə ümumi niyyətin təsbit edilməsi üsulu və üslub keyfiyyətlərinin əsas daşıyıcısıdır. Buna görə də, cazda aranjirovkanın əhəmiyyəti akademik musiqidə kompozisiyanın əhəmiyyətindən heç də az deyildir.

Arxaik (erkən) blüz - blüzün ən qədim ənənəvi tipi. Ötən əsrin birinci yarısında ABŞ-ın cənubunda yaranması və Afrika qaynaqları ilə sıx əlaqəli olması güman edilir. Arxaik blüz Amerika zəncilərinin xalq musiqisinin digər ənənəvi janrları (məsələn, uork-sonq, holler, ballada və spiriçuel) ilə də sıx bağlıdır.
Arxaik (erkən) caz - XIX əsrin ortalarından başlayaraq ABŞ-ın bir sıra cənub ştatlarında mövcud olmuş ən qədim, ənənəvi caz tiplərinin adı. Arxaik caz XIX əsrin səyyar zənci və kreol orkestrlərinin musiqisi ilə təmsil edilmişdi. Arxaik caz dövründən sonra Yeni-Orlean stili (klassik stil) yaranmışdır.

Səs hücumu - cazda hər hansı musiqi alətində ifa və ya oxuma zamanı səsin köklənməsinin başlanğıc anı ilə əlaqədar olan ən mühüm dinamik xarakteristikalardan biri. Səs hücumu kəskin aksentlənmiş, aqressiv və ya mülayim ola bilər. Caz saundu xeyli dərəcədə səs hücumunun keyfiyyəti ilə müəyyən edilir.

Afrika "əl fortepianosu" - Afrikada (qitənin qərb sahillərində və cənub hissəsində) geniş yayılmış, mizrabla çalınan, ksilofona oxşar musiqi aləti. Onun rezonans korpusunun uzunluğu 10 sm-dən 1 m-ə qədər olub, üzərində müxtəlif yüksəklikli səslərə müvafiq olan, ağacdan və metaldan hazırlanmış bir və ya bir neçə sıra müxtəlif ölçülü dilciklər yerləşir. Bu alətə yerli xalqların dilində çox müxtəlif adlar verilmişdir - sanza, mbira, mbila, kalimba, ndimba, ndandi, ijari, mqanqa, likembe, selimba və s. Avropalılar Amerikanı öz müstəmləkələrinə çevirən dövrdə zənci qullar tərəfindən Kubaya aparılmış sanza orada hələ də qalmaqdadır.