MAYLS DEVİS

1991-ci il sentyabrın 28-də XX yüzilliyin görkəmli musiqiçisi dünyasını dəyişdi. Haqqında çoxsaylı məqalələr çap edilən, tədqiqatlar aparılan, həyat və yaradıcılıq yolu bioqrafları, musiqi tənqidçilərini, musiqiçiləri, bütün dünyada adi caz həvəskarlarını maraqlandıran bu sənətçi Mayls Devis idi. Artıq 13 ildir ki, musiqi dünyası bu dahi insandan məhrum olmuşdur. Mayls Devisin adı cazda yeni bir istiqamət olan "Cool" ilə sıx bağlıdır. Bu janrın banisi Devisdir.
İllinoys ştatının qərbində Alton adlı kiçik bir şəhər var. XX əsrin ən böyük musiqiçilərindən biri - trubaçalan və bəstəkar Mayls Devi III Devis 1926-cı il mayın 25-də bu şəhərdə doğulmasaydı, bəlkə də çoxları heç vaxt bu şəhərin adını da bilməzdi. Mayls doğulandan az sonra onun ailəsi Sent-Luisə köçdü. İxtisasca diş həkimi olan atası burada öz şəxsi klinikasını açaraq uğurlu tibbi biznes fəaliyyətinə başladı. Ailənin maddi vəziyyəti yaxşı idi. Buna görə də Maylsın anası işləmir, bütün vaxtını ərinə və uşaqlarının tərbiyəsinə həsr edirdi. İmkanlı ailələrin hər birində olduğu kimi, Devislər ailəsində də fortepiano vardı. Devis evə dəvət edilmiş pedaqoqun köməyi ilə bu alətdə gözəl ifa etməyi öyrənəndə onun heç 9 yaşı yox idi. Ümumiyyətlə, bu evdə musiqiyə xüsusi hörmət vardı. Atası qramofon vallarını toplayırdı. Bu valların arasında klassika da vardı, caz musiqisi də. Beləliklə, uşaqlar, bəlkə heç özləri də başa düşmədikləri halda, musiqi ilə ünsiyyətdə olurdular. Onlar qramofon vallarına qulaq asır, özləri çalır, oxuyur və rəqs edirdilər. Mayls məktəbə daxil olan kimi məktəbin orkestrinə üzv yazıldı, burada ştatlı pianoçu oldu. Bir neçə ildən sonra trubada ifa texnikasını mənimsəyəndən sonra isə həmin biq-bendin trubaçalanlar seksiyasına başçılıq etməyə başladı. Gənc Mayls hələ məktəbdə oxuduğu illərdə müəllimlərinin diqqətini cəlb etmişdi, bəzən atasının dostları da bu gənc istedadın ifasını dinləmək üçün Devislər ailəsinin evində toplaşırdılar. Bundan əlavə, "Blue Devils" ansamblında işləyən yerli peşəkar musiqiçilər də bu oğlanla maraqlanır, hərdənbir onu dəvət edirdilər ki, onlarla birgə çalsın.

Mayls Devis

Qastrol səfərlərinə çıxan musiqi kollektivləri tez-tez Sent-Luisə gəlirdilər. Onların arasında caz qrupları da olurdu, bütöv simfonik orkestrlər də. Təbii ki, Devis bu şəhərdə verilən konsertlərin hamısına gedir, onların daimi dinləyicisi olurdu. 1940-cı illərdə çox populyar olan, Billi Ekstaynın rəhbərlik etdiyi caz orkestrinin 1944-cü ildə Sent-Luisə gəlişi gənc Maylsın həyatında ilk həqiqət anı idi. Mayls bütün cəsarətini və iradəsini toplayıb trubasını qoltuğuna vuraraq Ekstaynın yanına gedir və onun orkestri ilə birgə çalmağa icazə verməsini xahiş edir. 1945-ci ildə Devis məktəbi bitirir və valideynlərini dilə tutmağa başlayır ki, onun Nyu-Yorka getməsinə icazə versinlər. Oğlanlarının yerli tibb institutuna daxil olmasını və atası kimi həkim olmasını arzulayan valideynləri uzun müddət razılıq verməsələr də, Mayls dediyindən dönmədi. Nəhayət, tərəflər kompromiss variant qəbul etdilər: valideynləri Maylsın musiqiçi olmaq arzusu ilə razılaşdılar, bu şərtlə ki, o, Nyu-Yorkda Culyard musiqi məktəbində oxumağa başlansın. Mayls vadildeynlərinin şərtini qəbul etdi və Nyu-Yorka gələndən dərhal sonra Culyard məktəbinə yazıldı.
Mayls Devisin yaradıcılığını tədqiq edənlərin və onun bioqraflarının çoxu güman edir ki, Mayls Devisin Nyu-Yorka gəlişinin əsas məqsədi konservatoriyaya daxil olmaq deyil, ilk növbədə özünün pərəstiş etdiyi böyük "Quş"la - Çarli Parkerlə tanış olmaq və əgər bəxti gətirsə, onunla birgə işləmək imiş. Mayls ağlasığmaz inadkarlıqla və məqsədyönlü şəkildə qarşısına qoyduğu niyyətə doğru irəliləyirdi.
Nəhayət, o, istədiyinə nail oldu: tarixi görüş baş tutdu. Hərçənd o vaxt Çarli aparıcı instrumentalistlərdən və bop janrının banilərindən biri, Mayls isə təcrübəsiz, praktiki olaraq heç kəsin tanımadığı adi trubaçalan idi.
Bu hələ harasıdır! Gənc musiqiçinin ən cəsarətli ümidləri çin olmuşdu: o, Parkerin ansamblında Dizzi Gillespini əvəz edərək konsertlərdə çıxış etməyə başlamışdı, hətta bu ansamblla bərabər bir neçə qrammofon plastinkası da yazdırmışdı. O dövrdə Devisə xas olan gənclik enerjisi və həvəsi o qədər çox idi ki, o, Parkerlə işləməklə bərabər, Benni Karterlə də, Ekstaynın orkestri ilə də, digər məşhur musiqiçilərlə də əməkdaşlıq etməyə macal tapırdı. İl yarım beləcə gəlib keçdi. Təcrübə toplayıb püxtələşən, improvizə sənətinin sirlərini öyrənən, öz musiqi təfəkkürünü inkişaf etdirən Devis tədricən Nyu-York caz səhnəsində sanballı simaya çevrilməkdə idi.

Mayls Devis

1948-ci ildə Çarli Parkerlə Maylsın araları dəydi və Mayls özünün ilk fərdi kollektivini yaratmaq qərarına gəldi. Parkerlə araları dəyərkən Mayls 40-cı illərin axırlarında Nyu-Yokrda bəlkə də ən avanqard orkestr sayılan Klod Tornhillin orkestrinin bəzi musiqiçiləri ilə görüşmüş, sonradan onlarla dostlaşmışdı. Diskussiya və söhbətlər zamanı yaranan ideya və təklifləri həyata keçirmək üçün Mayls təşəbbüsü öz əlinə götürmək qərarına gəlmişdi. O, nəzəriyyəni praktikada tətbiq etmək üçün daim real addımlar atırdı. Hamını məşqə toplayır, yer icarəyə götürür, musiqiçiləri dəvət edirdi. Mayls bu birlikdə əsl katalizatora çevrilmişdi. "Ot" çəkə-çəkə fikir mübadiləsi aparmaq tədricən məşqlərlə, yeni əsərlərin partiturları üzərində iş şəklində real fəaliyyətlə əvəz olundu. Bu fəaliyyət yeni musiqi istiqamətinin başlanğıcı olmalı idi. 1948-ci ilin sentyabr ayında Mayls Devis "Royyal Rust" konsert salonunun musiqi üzrə direktoru Monti Keylə ansamblın ilk anqajementi barədə sazişə gəldi. Bu sazişin şərtlərinə görə, Mayls və onun dostları növbə ilə Kaunt Beysinin orkestrində ifa etməli idilər. Qrupun üzvlərinin dəqiq tərkibini Devis özü tərtib etmişdi. Zaman göstərdi ki, bu, həqiqətən tarixi hadisə imiş. Qrupun iştirakçıları bu sənətçilər idi: Mayls Devis, truba; Ted Kelli, trombon; Cunior Kollinz, valtorna; Kris Barber, tuba; Li Konits, alt-saksofon; Cerri Malliqan, bariton-saksofon; Con Lyuis, fortepiano; Mak Kibbon, kontrabas və Maks Rouc, zərb alətləri.
Nonetin musiqisinə reaksiya çox müxtəlif idi. Aparıcı musiqi tənqidçiləri və musiqiçilər, o cümlədən Kaunt Beysi özü və Dyuk Ellinqton bu musiqini ürəkdən alqışladığı halda "Royal Rust"un sahibləri və orkestrin çıxışına baxmağa gələn tamaşaçılar tamamilə laqeyd qaldılar. Buna görə də həmin 1948-ci ildə Devisin ansamblı bir daha konsert vermədi. Nonet yalnız sonrakı ildə "Klub Kliko"da qısa qastrol səfərlərində oldu.

Mayls Devis

50-ci illərdən başlayaraq Devis ona xas olan inadkarlıq və əzmlə, bir qayda olaraq kiçik formatlı ansamblar: kvartetlər, kvintetlər və bəzən də sekstetlər yaratmağa başlayır. Məhz həmin illərdə ən yüksək səviyyəli ifaçılar sayılan musiqiçilərin əksəriyyəti onun qruplarında çıxış etmişdi. Bu ulduzlar çox tez-tez dəyişirdi və bunun da öz səbəbləri vardı. Bəlkə də Maylsa həmişə elə gəlirdi ki, yeni dəvət edilmiş solist ondan nə tələb edildiyini yaxşı başa düşmür. Gec-tez (çox vaxt tezliklə) yeni musiqiçi bu qrupdan qovulur və onun əvəzinə təzəsi dəvət edilirdi. Sonra hər şəy təkrarlanırdı. Həmin illərdə Devisin ifa etdiyi musiqinin stili o dövrdə populyar olan boperlərin ifa manerasından və üslubundan kəskin fərqlənirdi. Caz sənətində Devisin əsas xidməti də məhz bu stili yaratması olmuşdur. Hərcənd tamamilə aşkardır ki, Devisin xidməti, özü də ən başlıca xidməti - Çarli Parker kimi, Devisin də o dövrdə cazda hökm sürən cərəyan və istiqamətlərin əsl islahatçısı olması idi. Fərq yalnız onda idi ki, Parker "svinq" stilinin, Devis isə "bop" stilinin "kökünü kəsmişdi". Onlar bunu çox incə tərzdə və haysız-küysüz edərək bir daha məşhur bir kəlamın doğruluğunu sübut etdilər: "stil - insandır".
Devisin orkestrlərinin heyətlərinin tez-tez dəyişməsinin ikinci səbəbi ondan ibarət idi ki, məhz həmin illərdə onun fəaliyyətində bir növ aritmiya yaranmışdı. Mayls get-gedə daha çox hallarda aylarla qastrol səfərlərində olur, növbəti albomunu yazdırır, sonra isə işdən tamam aralanır, naməlum istiqamətdə yoxa çıxırdı. Devisin bu hərəkətlərini həmin illərdə onun nakrotiklərə qurşanması ilə izah etmək tamamilə ağlabatandır. Üstəlik, onun alkoqolla bağlı problemləri də yaranmışdı. Təbii ki, bu cür "iş cədvəli" həmin illərdə Maylsla işləyən musiqiçilərin çoxunu qane etmirdi və onlar könüllü şəkildə ondan uzaqlaşıb başqa, daha sabit iş axtarırdılar. Nəhayət, Mayls kifayət qədər sabit heyət yaratmağa müvəffəq oldu və uzun müddət həmin heyətlə işləyərək, "Prestij" və "Kolambia" firmalarında bir sıra əla albomlar yazdırdı.
Mayls Devis

1955-ci ildə Devis birdəfəlik "Kolambia" firmasında işləməyə başlayır. Burada iki nəhəng tenor-saksofonçu görüşür: Mayls Devis və sonradan əfsanəvi fiqurlardan birinə çevrilmiş Con Koltreyn. Bu iki mütəfəkkir cazmenin görüşü caz musiqisinin tarixində yeni bir səhifə açılması ilə nəticələndi. 1955-ci ildə Nyu-Port festivalında kvintet həmin heyətdə çıxış edəndən sonra onları bütün dünyada tanıdılar.
50-ci illərin axırlarında Mayls bütün Amerikada konsert proqramları ilə çıxış edirdi. Maylsın musiqiçilərinin ifa etdikləri musiqi orta səviyyəli dinləyicinin qavraması üçün mürəkkəb olduğuna baxmayaraq, onların qastrolları həmişə uğurlu olurdu. Musiqiçi səhnədə görünən ilk andan etibarən onunla zal arasında tam qarşılıqlı anlaşma yaranırdı. Mayls caz haqqında ümumiyyətlə heç nə bilməyən və təbii ki, əvvəlcə bu musiqini anlamayan adamları sanki sehrli bir qabiliyyət sayəsində öz sənətinə cəlb edir, onun konsertlərindən sonra isə caz pərəstişkarlarının sayı hökmən artırdı. Maylsın populyarlığının artmasına ən çox kömək edən isə onun avropa qastrolları oldu. Bu səfərlər zamanı Devis məşhur fransız kinorejissoru Lui Malın sifarişi ilə onun məşhur "Eşafota gedən yol" filmi üçün (1957-ci il) musiqi yazmışdı. 60-cı illərdə Mayls yenidən öz yaradıcılığının ana xəttini tapmağa və müəyyən etməyə çalışır. Əvvəllər olduğu kimi, yenə onun ansamblının heyəti və bu heyətlə birlikdə Devisin hiss etməyə çalışdığı musiqinin gələcək inkişaf konsepsiyaları daim dəyişir.

Mayls Devis

Bu vəziyyət 60-cı illərin ortalarına qədər davam etdi və yalnız bu vaxt ansamblın heyəti sabitləşdi. Bu dövrdə Mayls caz həvəskarlarının yeni nəslinin ürəyincə olan ifa stili və manerası tapmağa çalışan cavanlarla birgə çıxış etməyə başladı. Təqribən 60-cı illərin axırlarına qədər tərkibi dəyişməz qalmış bu ansamblda həqiqətən görkəmli musiqiçilər vardı: əfsanəvi təbilçi Toni Uilyams, müasir cazın dayaqlarından biri sayılan kontrabasçı Ron Karter, caz-rokun təməlini qoymuş pianoçu Herbi Henkok və başqaları. Bu adamların hər biri bir neçə konservatoriya bitirmiş, çox savadlı musiqiçlər idi. Az sonra məşhur tenor-saksofonçu Ueyn Şorter də bu ansambla gəldi. 70-ci illərdə onlar hamısı "fank", "fyujn", "caz-rok", "yeni dalğa" kimi istiqamətlərdə görkəmli fiqurlara çevrilmişdi. Məhz həmin illər Devisin gələcək yaradıcılıq yolu seçməsi üçün dönüş dövrü oldu. İş burasındadır ki, 60-cı illərin ortalarında "fri-caz" deyilən stil daha israrla özünü göstərir, bibop stili isə artıq keçmişdə qalırdı. Bu proseslər caz aləmində qüvvələr nisbətini kökündən dəyişmişdi. Dəyişən təkcə musiqinin məzmunu deyildi, onun yeni formaları köhnə formaları əvəz edirdi. Devis hadisələrin gedişatının bu cür dəyişməsinə hazır deyildi. O, istər "fri-caz"dan, istərsə "caz-rok"dan çox uzaq idi. Lakin zaman Devisin seçim aparmasını tələb edirdi, əks halda o, bütün musiqi karvanından ümidsiz dərəcədə geri qala bilərdi, bu isə yaradacılıq üçün ölümə bərabər idi. Devis çox götür-qoydan sonra qəti qərara gəldi ki, "fri-caz" onu əsla qane etmir (o, sərbəst cazın əsas prinsipləri ilə, demək olar ki, tanış deyildi və orada öz yaradıcılığını tətbiq etmək üçün imkan görmürdü). Devis məxsusi, lakin caz-rok istiqamətinə yaxın bir yol seçməyi qərara aldı. O, bir neçə albom ("Nefertity", "Filles de Kilimanjaro" və s.) buraxdıqdan sonra özünün yeni yolunun istiqamətini müəyyənləşdirməyə cəhd etdi. Bu halda Devis onu da nəzərə alırdı ki, 70-ci illərin əvvəllərində rok musiqisi müəyyən fəlsəfi sistemə və sosial şüur sisteminə çevrilmişdi.
Devisin meynstrim və caz-rok janrlarının qovşağında elektron musiqi alətlərindən istifadə etməklə apardığı ilk təcrübələr təsəlliverici olmadı. Mayls hiss edirdi ki, yeni musiqinin banisi kimi onun oreolu artıq sönməyə başlamışdır və təcili olaraq nə isə təzə bir şey etmək lazımdır. Devis təcrübəli menecerinin sözünə qulaq asmağı qərara aldı və 1969-cu ilin əvvəllərində yazdırdığı "In a Silent Way" adlı növbəti plastinkasında bunu nəzərə aldı. Həmin albomun buraxılışına cəlb edilmiş musiqiçilər arasında məşhur gitaraçı Con MakLaflin də vardı. Albomun yazılışında ansambl rəhbərinin trubasının səsi az eşidilir. Lakin bu kompromiss də kommersiya uğuru qazanmağa kifayət etmədi. 1970-ci ildə Mayls "Bitches brew" adlı yeni albom yazdırdı. Burada akustik və elektron çalğı alətlərinin səsləri tamamilə bir-birinə qarışır, melodik caz improvizələri isə təbillərin qulaqbatırıcı gurultusu ilə müşayiət olunur. MakLaflin bu albomun yazılmasında da iştirak edirdi. Onlar məqsədlərinə çatdılar: birinci ildə yarım milyon plastinka satıldı və Mayls yenidən, bu dəfə "caz-rok" adlanan yeni musiqi istiqamətinin ulduzuna çevrildi. Bu vaxtdan etibarən Devis müntəzəm olaraq rok musiqisi albomları buraxmağa başlayır. Bu məqsədlə səsyazmanın müxtəlif xüsusi effektlərini tətbiq edir, konsertlərdə də, studiyada da həmin effektlərdən istifadə edir. Maylsın ansambllarının əsas iştirakçılarından biri də onun fərdi səs mühəndisi və prodüseri, "Kolambia"nın rəhbərlərindən biri olan Teo Masero idi.
Mayls vaxtı itirmidən irəliləyirdi. 70-ci illərin ortalarından başlayaraq, o, öz ansambllarında çaldığı truba da daxil olmaqla, təkcə nəfəs alətlərinin elektron alternativləri ilə kifayətlənməyib, həm də hind sitarası və tabladan, Afrikada və Braziliyada geniş yayılmış müxtəlif perkussiya və təbillərdən, çin tsimbalları kimi ekzotik musiqi alətlərindən istifadə edir. Bu ansamblların ifa etdiyi musiqinin bilavasitə məzmunu məsələsinə gəldikdə isə həmin musiqi əsl caz meynstrimindən və avanqard cazdan get-gedə daha çox uzaqlaşır, əsasən şəhərlərdə dəbdə olan afro-amerika rəqs ritmlərinə, "fanki" və "rep" tipli ritmlərə üstünlük verilirdi. Caz musiqiçilərinin çoxu bu yenilikləri soyuqqanlılıqla qarşılasa da, Mayls əvvəlki kimi yenə də populyarlığın zirvəsində idi. Bu populyarlıq təkcə Maylsın musiqi uğurları sayəsində deyil, həm də onun bəzən qalmaqal səviyyəsinə yaxınlaşan ekstravaqant davranışı sayəsində mümkün olurdu. Mayls səhnəyə çıxarkən ekstravaqant paltar geyinməyə başlamışdı.
Ümumiyyətlə, 50-60-cı illər Mayls üçün gərgin dövr idi. Ağır avtomobil qəzasından sonra aldığı çoxsaylı zədələr və sınıqların nəticələri, narkotiklərə və alkoqola yenidən meyl etməsi daim özünü göstərirdi. 70-ci illərin axırları - 80-ci illərin əvvəllərində Mayls müntəzəm olaraq Avropaya səfərə çıxır, orada çoxsaylı caz festivallarında iştirak edir, Avropanın görkəmli musiqiçilərinin çoxunu əməkdaşlığa dəvət edirdi. 1984-cü ildə məşhur danimarkalı trubaçalan, flüqelqorn ifaçısı və bəstəkar, əvvəllər tez-tez Devislə birgə çıxış edən və ona pərəstiş edən Palle Mikkerborq "Aura" adlı bir neçə hissədən ibarət süita yazıb onu Devisə ithaf etmişdi. Böyük orkestr və solo-truba üçün nəzərdə tutulan bu əsər Danimarka höküməti tərəfindən təsis edilmiş, dünya müsiqi mədəniyyətinə görkəmli bəstəkar töhfələrinə görə verilən prestijli "Sonninq" beynəlxalq musiqi mükafatının Devisə təqdim edilməsi münasibətilə yaranmışdı. 1985-ci ildə "Kolambia" firması Danimarka radiosunun orkestrinin və Mayls Devisin özünün ifasında həmin süitanı lentə yazmışdı. Sən demə bu, Devisin "Kolambia" studiya üçün yazdırdığı son əsər imiş. Mayls öz həyatının 30 ilini bu ilə birgə işə həsr etmişdi. "Aura" bu yaradıcı əməkdaşlığın layiqli finalı oldu.
"Kolambia" firması Kopenhaqendə "Aura" albomunu 1985-ci ildə yazmışdı. Məlum olmayan səbəblər üzündən, həmin yazı dörd il studiyanın arxivlərində qalmış və albom ilk dəfə yalnız 1989-cu ilin sentyabr ayında işıq üzü görmüşdür. "Aura"nın yazılmasında Mayls və müəllif Palle Mikkelborqun rəhbərliyi ilə Danimarka radiosunun orkestri ilə yanaşı, Avropa və Amerikanın görkəmli musiqiçiləri - gitaraçı Con MakLaflin, kontrabasçı Nils-Hönninq-Orsted Pedersen, bas-gitaraçı Bo Stiv və pianoçu Tomas Klauzen də iştirak etmişdi.
Həyatının son illərində Mayls daha bir neçə albom, o cümlədən, Mişel Leqranın orkestri ilə "Dingo" və "Milles and Quinsy Jones live at Montreaux 1991" albomlarını yazdırmışdır.
80-ci illərin axırlarında Mayls vaxtilə qastrol səfərlərinə çıxdığı illərdə gedə bilmədiyi ölkələrə çoxsaylı səhayətlər etmişdir. Bu səfərlər zamanı Mayls öz həyatı barədə xatirələrini maqnitofona diktə edir, taleyin onunla qarşılaşdırdığı adamlar barədə söhbətlər edir, musiqi barədə, cazın və ümimiyyətlə incəsənətin gələcəyin barədə fikirlərini bölüşdürür. Sonradan bütün bu yazılar əsasında onun sadəcə "Avtobioqrafiya" adlandırdığı çox maraqlı bir kitab yarandı. Təəssüf ki, bu kitab yalnız müəllifin vəfatından sonra işıq üzü görə bildi.

Mayls Devis

Devisin daha bir maraq obyekti vardı. Mayls ölümündən bir neçə il əvvəl özündə rəssam istedadı kəşf etmişdi. O, çəkdiyi rəsmləri - akvarelləri, yağlı boya ilə çəkilmiş tabloları, adi karandaşla çəkdiyi rəsmləri böyük məmnuniyyətlə öz dostlarına, kişi və qadın pərəstişkarlarına bağışlayırdı. Bir neçə dəfə infarkt və insult keçirəndən sonra Kaliforniya klinikalarının birində xəstəxanaya düşən Mayls həyatının 65-ci ilində həmin xəstəxanada dünyasını dəyişdi.
Devisin dünya musiqi mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan caz musiqisinə çox böyük töhfələri olmuşdu. Caz musiqisinin alovlu təbliğatçısı və istedadlı maarifçi olan Devisin bu janrın populyarlaşdırılması sahəsində xidmətləri bütün başqa cazmenlərin hər birindən çox idi.