VAQİF MUSTAFAZADƏ

2005-ci il dekabrın 16-da məşhur pianoçu, Azərbaycan cazının əfsanəsi Vaqif Mustafazadənin dünyasını dəyişdiyi gündən 25 il keçir. Bu görkəmli musiqiçini tanımaq və xatırlamaq hər birimizin borcudur, onun həyat və yaradıcılığı isə bizim hər birimiz üçün nümunə olmalıdır.
Jaz-mugam üslubunun banilərindən biri olan Vaqif Mustafazadə doqmatik çərçivələrə, zaman anlayışına sığışmayan bir insan idi. O, gözəl pianoçu olmaqla yanaşı, həm də çoxsaylı caz əsərləri yaratmış istedadlı bir bəstəkar kimi yaddaşlarda qalmışdır.
Vaqif Mustafazadə 1940-cı il martın 16-da Bakı şəhərində, qədim tarixə malik İçəri Şəhərdə dünyaya göz açmışdır. Musiqi sahəsində qazandığı uğurlara görə Vaqif ilk növbədə öz anasına - dahi bəstəkar Üzeyir Hacıbəyovun şagirdi, Azərbaycanın ilk qadın pianoçularından biri, mugam musiqisinin gözəl ifaçısı olmuş Zivər xanıma minnətdar idi. Doqquz yaşında ikən milli melodiyaları yaxşı mənimsəmiş Vaqifin pianoda hər bir musiqini özünəməxsus bir tərzdə ifa etməyə çalışması Zivər xanımı çətin vəziyyətə salırdı. Zivər xanımın uzun-uzadı izahlarına və söhbətlərinə baxmayaraq, improvizə etməsini hələ özü də anlamayan balaca Vaqif inadından dönmürdü. Beləliklə, Vaqif musiqi məktəbinə daxil olur və burada o vaxtadək yaxşı tanış olduğu mugamlarla yanaşı, Bax, Motsart, Şopen kimi dahi klassik bəstəkarların əsərlərindən də bəhrələnir. Vaqifgilin evində maqnitofon olandan sonra xarici ölkələrin məşhur caz musiqiçilərinin lent yazılarını dinləmək imkanı onun musiqi fəaliyyətinin istiqamətini seçməsində həlledici rol oynadı.

Vaqif Mustafazadə

30 may 1956-cı il on altı yaşlı Vaqifin həyatında ən unudulmaz və əlamətdar günlərdən biri oldu. Məhz həmin gün o, Bakı Filarmoniyasının böyük səhnəsində Mendelsonun fortepiano ilə konsertinin birinci hissəsini məharətlə ifa edərək Azərbaycanın görkəmli dirijoru və bəstəkarı Niyazini valeh etmişdi.
Vaqif A.Zeynallı adına Bakı Musiqi Məktəbinə daxil olduqdan bir il sonra - 1958-ci ildə Azərbaycan Dövlət Radio verilişləri Komitəsində solist kimi əmək fəaliyətinə başlayır. 1964-cü ildə o, Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olur və 1965-ci ildə Tbilisiyə köçür: onu "Orero" ansamblına musiqi rəhbəri vəzifəsinə dəvət etmişdilər. Tbilisidə V.Mustafazadə peşəkar musiqinin qiymətini bilən istedadlı musiqiçi Tomaz Kuraşvili ilə dostlaşır və onunla əməkdaşlıq edir. Onlar birlikdə yeni layihələr yaradır, caz festivallarında və konsertlərdə müvəffəqiyyətlə çıxış edirlər. Belə festivallardan biri də Tallində keçirilən Ümümdünya Jaz musiqisi festivalı oldu. Bu festivalda V.Mustafazadə bir neçə kompozisiyani böyük məharətlə ifa edərək tamaşaçıların və festival iştirakçılarının hərarətli alqışları ilə qarşılanır.
"Vaqif Mustafazadə çox yüksək səviyyəli pianoçudur, dünya caz musiqisində onun səviyyəsində ifaçılar tapmaq çətindir. O, ifasını dinlədiyim ən lirik pianoçudur" - amerikalı tənqidçi Uills Kanover V.Mustafazadə fikrini bu sözlərlə ifadə etmişdir.

Vaqif Mustafazadə

1968-ci ildə Azərbaycanın musiqi aləmində yüksək nüfuza malik olan məşhur bəstəkar, Azərbaycanın mədəniyyət naziri Rauf Haciyevin təkidi ilə V.Mustafazadə Tbilisidən Bakıya qayıdır. Doğma Bakı, İçəri Şəhərin dar küçələri, burada keçirdiyi uşaqlıq illərinin unudulmaz xatirələri, tanış insanların mehriban çöhrələri Vaqif üçün sanki yeni ilham mənbəyinə çevrildi və o, yaradıcı fəaliyyətinin yeni mərhələsinə qədəm qoydu. 1970-ci ildə Vaqif "Leyli" vokal qrupunu yaradır və qısa müddətdə bu qrup bakılı musiqisevərlərin böyük rəğbətini qazanır. Bir il sonra - 1971-ci ildə bəzi səbəblərə görə "Leyli" vokal qrupunun tərkibi və adı dəyişir. Bu dəfə "Sevil" adlanan qrup tamaşaçılara daha dogma, daha yaxın olur. Bu dövrdə müxtəlif mahnı və melodiyaların caz üslubunda yazılışları və videokliplərin təşkili işləri üzərində işləyən Vaqif Mustafazadə özünün həm də bacarıqlı, öz işini gözəl bilən və düzgün yol göstərən musiqi rəhbəri olmasını sübut etdi. O öz kompozisiyalarında tez-tez dünya və Azərbaycan klassiklərinin yaradıcılıqına müraciət edir və onlardan bəhrələnirdi. Azərbaycan bəstəkarlarının əsərlərinə hədsiz rəgbət bəsləyən Vaqif Mustafazadə dahi Üzeyir Hacıbəyovun sənətkarlığı qarşısında baş əyir, Qara Qarayev, Fikrət Əmirov, Niyazi kimi peşəkar bəstəkarların yaradıcılığına böyük hörmətlə yanaşırdı.
Vaqif Mustafazadə

Xüsusən, ona dəstək verən, heç vaxt öz koməyini əsirgəməyən unudulmaz bəstəkar Tofiq Quliyevin, eləcə də Rauf Hacıyevin və Pərviz Rüstəmbəyovun respublikada caz musiqisinin yayılması sahəsində misilsiz fəaliyətlərinə görə onlara minnətdar idi. Rafiq Babayevlə Vaqif Mustafazadə birləşdirən isə səmimi dostluq münasibətləri və hər ikisinin caz musiqisinə vurğun olması idi. Onlar konsertlərdə tez-tez birlikdə çıxış edir, caz festivallarına birlikdə gedirdilər.
1977-ci ildə V.Mustafazadə "Muğam" caz qrupunu yaradır. Ansamblın belə adlanması heç də təsadüfi deyildi. Vaqif caz və muğamın incə sintezini - ilk baxışda bir-birinə tam əks olan Şərq və Qərb aləmlərini birləşdirən musiqini çoxsaylı sənətsevərlərin yaddaşında əbədi həkk etdi. Kollektivdə işləyən peşəkar musiqiçilər ondan çox şey öyrənmişdilər. Bu, sözün həqiqi mənasında yüksək musiqi məktəbi və öz üzərində daimi iş illəri idi. V.Mustafazadənin ifasını başqa musiqiçilərdən fərqləndirən - yalnız ona məxsus olan fenomenal yaddaş, parlaq ifa tərzi, zərif və incə ifa üslubu idi. O, vaxtını və gücünü əsirgəmədən işləyir, mübaligəsiz demək olar ki, bu işə ürəyini və canını sərf edirdi.
Lakin bütün bunlar Vaqifin öz övladlarından - iki qızından ötrü həqiqi sənət adamının nümunəsi və etalonu olmasına, onlara gözəl tərbiyə və əla musiqi savadı verməsinə mane olmadı. Gürcüstanda keçirilən "Tbilisi 78" Ümumittifaq Festivalında Vaqif kiçik qızı Əzizə ilə birlikdə çıxış edirdi. Bu festivalda Vaqifin laureat adına layiq görülməsi, səkkiz yaşlı Əzizəyə isə festivalın xüsusi mükafatının verilməsi hər ikisinin qəlbində hədsiz qürur və sevinc hissləri oyatdı. O vaxt Vaqif bəlkə də heç təsəvvür edə bilməzdi ki, gənc Əzizə onun arzularını həyata keçirəcək, dünya şöhrətli musiqiçi olacaq.
Təəssüf ki, Vaqif dünya caz səhnəsində çıxış edib öz məharətini göstərə bilmədi: o dövrün sərt qanunları çoxlu maneə və çətinliklər törədirdi. Yalnız bir dəfə - 1979-cu ildə Vaqifin Monakoda keçirilən Ümumdünya caz musiqi müsabiqəsinə göndərdiyi "Əzizəni gözləyərkən" adlı kompozisiya, müəllifinin bütün dünya musiqiçiləri ilə rəqabət apara biləcəyini sübut etdi. Vaqif öz kompozisiyasının müsabiqədə birinci yer tutması, özünün isə dünya miqyaslı musiqiçilər arasında ən yaxşı ifaçı adına layiq görülməsi xəbərini alanda, bəlkə də ömrünün ən həyəcanlı və xoşbəxt anlarını yaşadı. Müsabiqədə qalib gəldiyinə görə ona hədiyyə kimi, sülh və həyat eşqinin rəmzi, sırf musiqi rəmzi olan "Ağ royal" verilmişdi. Vaqif Mustafazadənin musiqisi bax, belə musiqi idi.
1979-cu il dekabrın 15-də Vaqif "Muğam" qrupu ilə birlikdə Daşkənd şəhərində növbəti qastrollarda idi. Konsertin birinci hissəsi zamanı hiss etdi ki, barmaqları sözünə baxmır, nəfəsi təngiyir. Həkimlər konsertin davam etdirilməsini məsləhət görmədilər, lakin Vaqif öz fikrindən dönmədi və ikinci hissədə çox gözəl ifa edib, öz çıxışını sona çatdırdı. Bu, Vaqif Mustafazadənin - həyat eşqi və enerjisi ilə dolu insanın, Azərbaycan caz musiqisinin əfsanəsi olan musiqiçinin son konserti oldu. Vaqifin ölümü onun bütün yaxın adamları üçün, onu sevənlərin hər biri üçün çox gözlənilməz idi. Çünki, hələ lap cavan olan, otuz doqquz yaşlı Vaqifi irəlidə bütöv bir həyat və saysız-hesabsız əsərlər gözləyirdi. Lakin, müdriklər demişkən, "ölüm ən yaxşıları seçir" və taleyin qismətindən qaçmaq mümkün olmadığı kimi, bizə yaxın, lakin bizi tərk edib getmiş insanı qaytarmaq da mümkün deyil.

Vaqif Mustafazadə

Azərbaycanda sosializm siyasətinin və sərt qaydaların hökm sürdüyü, heç də asan olmayan o illərə bu günümüzün prizmasından baxanda başa düşürük ki, Vaqif Mustafazadə kimi qeyri-adi, heç kəsə bənzəməyən pianoçu və bəstəkar üçün o dövrdə yaşamaq və işləmək heç də asan deyilmiş. Vaqif şəxsiyyətinin ətrafında həmişə çoxlu mübahisə və polemikalar olub - onun sağlığında da, ölümündən sonra da. O, cəmiyyətin yaratdığı stereotiplərə tabe olmur, musiqidə və həyatda heç bir doqmatik qaydanı qəbul etmirdi. Onun əsər və improvizasiyaları bu gün həm peşəkar caz musiqiçiləri, həm də onun işini davam etdirməyə cəhd göstərən gənclər tərəfindən diqqətlə təhlil və müzakirə edilir. Vaqif Mustafazadə öz zəmanəsinin inqilabçısı və görkəmli şəxsiyyət idi.

Rain Sultanov