KENDİ DALFER

Amsterdam sakini, saksofonda caz musiqisi ifaçısı Kendi Dalfer heyrətamiz əməksevərliyi ilə fərqlənir və bəlkə də məhz bu keyfiyyətinə görə, o, bir müddət "Pink Floyd" qrupu ilə işləmişdir, bütün dünyada çoxdan tanınmış Prins isə uzun illərdir ki, onunla əməkdaşlıq edir. O, Amsterdam şou biznesinin inkişafı üçün çox iş görmüşdür.
Kendi Dalfer 1969-cu il sentyabrın 19-da Amsterdamda anadan olmuşdur. Onun atası da musiqiçidir və saksofonda caz musiqisi çalır. Lakin Kendi hələ uşaq ikən soprano saksofonunu alt-saksofonla əvəz etmişdir və bu alət indiyə qədər onun sevimli çalğı alətidir. Kendinin on dörd yaşı olanda o, özünün "Funky Staff" adlı qrupunu yaratdı və bu yeni ulduz radioda və televiziyada çıxış etməyə başladı.
1987-ci ildə Madonna Rotterdam stadionunda konsert verərkən Kendinin qrupu da həmin konsertdə iştirak edirdi. Bu qrupun ifa etdiyi musiqi, demək olar ki, bütünlüklə improvizasiyalardan ibarət idi. Həmin konsertdən sonra, 1988-ci ilin əvvəllərində Kendi "Funky Staff" ilə yeni, daha peşəkar səviyyədə işə başlayır. Xoşbəxtlikdən, xalq yeni "Funky Staff" qrupunu da sevdi. Bu qrup bir ildən çox ölkə ərazisində konsertlərlə çıxış etdi, Amsterdamdakı “Paradiso club” adlı məşhur klubda final konserti isə əsl zəfər oldu.

Kendi Dalfer

1999-cu ilin may ayında bu qrupun "Saxuality" adlı ilk albomu böyük uğur qazandı. Alboma daxil edilmiş səkkiz mahnı Kendinin və "Funky Staff" qrupunun isdedadlı gənc gitaraçısı Uolko Bedin ifasında yazılmışdır. Bu albomun sayəsində Kendi təkcə Hollandiyada deyil, Avropanın başqa ölkələrində, həmçinin Birləşmiş Ştatlarda da çıxış etməyə başladı.
1993-cü ildə Kendi "Sax-a-go-go" adlı yeni albom yazdırdı. İfaçının öz musiqi köklərinə ehtiram əlaməti olan bu alboma daxil edilmiş mahlılardan birini Prins məxsusi olaraq Kendi üçün yazmışdır.

Kendi Dalfer

2000-ci il oktyabrın əvvəllərində Kendinin çoxdan nəzərdə tutduğu "Live in Amsterdam" adlı albomu, axır ki, işıq üzü gördü. Bir neçə aydan sonra isə o, Rotterdamda təxminən on min nəfər tamaşaçı qarşısında bir-birinin ardınca 5 konsert verdi. Bundan əlavə, o, Amsterdam televiziyasında "Paradiso"-şounun yazılışlarında iştirak edir, tələbkar tamaşaçılar qarşısında həm "Funky Staff" qrupu ilə, həm də məxsusi dəvəf edilmiş qonaqlarla çıxış edirdi. Onun atası Hans Dalfer də bu qonaqlar arasında idi.
1988-ci ildə Kendi "Funky Staff" qrupu ilə birlikdə bütün dünyada ulduz kimi şöhrət tapmış Prinslə işləməyə hazırlaşmağa başladı. Lakin Prins Hollandiyada verdiyi 3 konsertdə lap son anda bu qrupun çıxışlarını rədd etdi və bundan sonra Kendi ona bir qədər sərbəst ifadələrlə zəngin olan məktub yazaraq bildirdi ki, Prins "qızın saksofonda necə çalmasını dinləmək" şansını əldən vermişdir. Iki gündən sonra Prins Kendidən üzr istəyərək öz konsertində onunla birgə çıxış etməyə dəvət etdi və həmin konsertdə Kendi tamaşaçıları sözün hərfi mənasında heyran etdi. Bu çıxışdan çox məmnun qalmış Prins Kendidən Birləşmiş Ştatlarda Prinsin başqa layihələri üzərində onunla işləməsini xahiş etdi.

Kendi Dalfer

Sonradan Kendi özünün saksofonda çaldığı musiqi nömrələrini Prinsin "Graffiti Bridge" albomu üçün yazdırmışdır. O, Prinsin "Partyman" əsərinin yaranmasında da mühüm rol oynamış, şənbə günləri gecə şoularında onunla birlikdə çıxış etmişdir. Prinslə birgə işləmək Kendiyə çox böyük sevinc bəxş etsə də, o, öz qrupu üçün, sərbəstlik üçün darıxırdı. Buna görə də Kendi hər şeyi ətraflı götür-qoy edəndən sonra Prinsin dünya səyahətində onu müşayiət etməsi barədə təklifini qəbul etməməyi qərara aldı.
Prins Kendiyə zəng vurub ABŞ-a qastrol səfərində iştirak etməyə çağıranda o, Kendidən ötrü sadəcə dost idi. Bundan əlavə, Kendi Prinsin "New Power Soul Festival Tour" adlı festival qastrollarında iştirak etmişdir Həmin konsertlərdə həm Prins, həm də Kendi əla çıxış edərək tamaşaçıların rəğbətini qazanmışdı.
1988-ci ilin axırlarında Prins Avropada konsert çıxışlarını davam etdirmək üçün oraya qayıdanda yenə Kendini dəvət etdi ki, onu müşaiyət etsin. Iş elə gətirmişdi ki, Prinsin daim davam edən konsertlərindən sonra proqramda nəzərdə tutulmayan şoular da göstərilir və bu vaxt Kendi, əvvəllər Hollandiyada olduğu kimi, Prinslə və öz atası ilə birlikdə çıxış etmək imkanı qazanırdı. Bu şouların tamaşaçıları ondan ötrü bir növ doğma adamlara çevrilmişdi.

Kendi Dalfer

2001-ci ildə Prinslə Kendi arasında əməkdaşlığın tamam yeni bir tipi yarandı: Prins "Xenophobia" adlı yeni albom üzərində işləmək üçün onu öz studiyasına dəvət etdi.
2002-ci ilin aprel ayında Kendi Yaponiyadan Amerikaya qayıtdı və Prinsin “One nite alone” adlı konsert proqramında onunla birgə çıxış etməyə başladı. Etiraf etmək lazımdır ki, sonradan bu konsertlər kəskin tənqid edilmişdir.
Məşhur Prinslə birgə işlərindən əlavə, Kendinin taleyi dəfələrlə onun üzünə gülmüş, dünya şöhrətli başqa ulduzlarla, o cümlədən əfsanəvi "Pink Floyd" qrupu ilə işləmək şansı yaranmışdır. Kendi ilk dəfə 1990-cı ilin iyul ayında keçirilən "Knebworth Festival" zamanı çox boyük tamaşaçı kütləsi qarşısında həmin rok qrupunun çıxışlarına qoşuldu. Həmin gün güclü külək əsməsinə və yağış yağmasına baxmayaraq, yüz otuz nəfər tamaşaçı Kendinin möhtəşəm solo çıxışını dinləyirdi.
Kendi uzun müddət büt kimi pərəstiş etdiyi məşhur Devid Senborn ilə də birgə çıxışlar etmiş, əfsanəvi "Blondie" qrupu ilə də işləmişdir.
Tez-tez Yaponiyaya səfərlər edən, orada konsertlər verən Kendi Gündoğar ölkənin sakinlərinin böyük rəğbətini qazanmışdır. Hələ 90-cı illərin əvvələrində Kendinin Malayziyadakı pərəstişkarları onu alqışlayır, Yaponiyada isə küçədə getdiyi yerdə də adamlar onu tanıyır, hətta onun ardınca başqa şəhərlərə qastrol səyahətlərinə yollanırdılar. O dövrdə Kendi əsl ulduza çevrilmişdi! 1997-ci ildə Kendi Yaponiyada qastrol konsertləri vermiş, 2000-ci ildə Osaka və Tokioda təşkil olunan şoularda iştirak etmiş, 2002-ci ilin fevral ayında orada yenə uğurlu çıxışlar etmişdir.
Kendi Dalfer

1999-cu ildə Kendi özünün "Girls Night Out" adlı albomunu yazdırdı. Müəyyən mənada Kendinin fank stilnə qayıdışı əlaməti olan bu albom sayəsində o, çox məşhurlaşdı və sevildi. Buna baxmayaraq, bir fakt göz qabağında idi: daha müasir stillər, məsələn hip-hop stili Kendiyə güclü təsir göstərirdi. Həmin alboma daxil olan mahnılardan birini - "Cookie" ("Peçenye") adlanan mahnını Kendi Robert Altmanın "Cookie’s Forune" adlı yeni cizgi filmi üçün yazdırmışdı. Bundan sonra Kendi özünün "Funky Staff" qrupu ilə birlikdə yenidən dünya səyahətinə çıxdı və konsertlərdə böyük uğurla çıxış etdi.
Kendi Dalfer saksofon çalmağa başlayanda onun 6 yaşı vardı. Atası bu balaca qızcığazın istedad sahibi olmasını biləndə dərhal onu yerli "Jeud Doet Leven" qrupuna yazdırdı. Kendi musiqi dərsləri ilə məşğul olduğu dövrdə aldığı ən zəruri musiqi bilikləri ilə kifayətlənməyib sonrakı illərdə əsasən müstəqil şəkildə, musiqi savadını artırmaqla məşğul olurdu. Əlbəttə, bu işdə atası da ona kömək edirdi və bir neçə ay davam etmiş məşğələlərdən sonra atası öz qrupu ilə birlikdə Kendinin ilk solo konsertini təşkil etdi.

Kendi Dalfer

Kendinin lentə alınmış ilk ifası atası Hansla birgə çıxışıdır. O vaxt Kendinin cəmi 11 yaşı vardı. Bir il sonra isə o, Roza Kinqin "Ladies Hornsection" qrupunun üzvü kimi "North Sea Jazz Festival" adlı məşhur caz feztivalında çıxış etdi. Sonralar Kendi bu hadisəni xatırlayaraq deyirdi ki, Roza ona çox şey öyrətmiş və inandırmışdır ki, Kendi özü də qrup rəhbəri ola bilər. Beləliklə, Kendi "Own Cultivation" qrupu ilə birləşdi. Bu qrupun üzvləri həmin festivalın ən gənc iştirakçıları idi.
Kendi Amsterdam klubunda təşkil olunan cem-seşnlərdə bir neçə dəfə atası ilə birgə çıxış etmişdir. Buradakı musiqiçilər onun alovlu, yenilik elementləri ilə seçilən istedadlı çıxışlarını rəğbətlə qarşıladılar. Kendi tez-tez mətbuat üçün müsahibələr verməyə başlamışdı. Bir neçə şirkət ona birgə iş barədə təkliflər etmiş, Kendi isə bu təkliflərdən imtina etmişdi. O, Hollandiyada çəkilən cizgi filmi üçün Deyv Stüartla birlikdə bir neçə musiqi parçası yazdırmışdı. Bu yazılar hazır olanda hamı, ilk növbədə Kendi özü çox heyrətlənmişdi. Kendi deyirdi: "Heç vaxt fikrimə də gəlməzdi ki, azacıq da olsa uğur qazanacağam. Mən bu parçanı 5 dəqiqə ərzində yazdırmışdım və elə bilirdim ki, onu alboma daxil etməyəcəklər. Mən çox utanırdım. Axı hər şey çox sadə idi. Yalnız sonralar hər şeyi lazımınca qiymətləndirməyi öyrəndim və Deyv Stüartın neçə böyük dahi olmasını başa düşdüm". Əslində, belə də olmalı idi, çünki bu hadisədən sonra dünyanın bir sıra ölkələri öz qapılarını onun istedadı üçün açdılar.
Nəhayət, Kendi səsyazma şirkətinin təklfini qəbul etdi və qərara aldı ki, artıq öz albomunu buraxmaq, yəni bir musiqiçi kimi tam sərbəstlik əldə etmək vaxtı yetişmişdir.
Kendinin Prins və Deyv Stüartla birgə işləri və öz albomunun uğuru sayəsində Van Morrison "Pinkpop Festival"da onunla birgə konsertdə çıxış etməyə dəvət etdi. Kendinin çıxışı Van Morrisona o qədər güclü təsir bağışlamışdı ki, o hələ də Kendini onunla birgə çıxışlar etməyə və müştərək albomlar yazdırmağa dəvət edir.
Kendi özünün "Funky Staff" qrupu ilə birlikdə Avropanı və Asiyanı başdan-başa gəzib dolaşmışdır. Onun repertuarındakı bəzi çıxışlar artıq klassikaya çevrilmişdir.
Kendi Dalferin "Big girl" adlı daha bir albomu İkinci Dünya Müharibəsinin başa çatmasının və Avropanın faşizm əsarətindən xilas olmasının 50 illiyi Niderlandda bayram kimi qeyd edilən dövrdə işıq üzü görmüşdür. Həmin bayram mərasimində təyyarələr, tanklar, digər döyüş texnikası arasında, Co Koker, "UB40", "Wet Wet Wet" və Art Hafinkl kimi görkəmli super-ulduzların yanında olan Kendi bu möhtəşəm tədbirdə Alan Parsonla birlikdə özünün "I cannot make you love me" ("Səni məcbur edə bilmərəm ki, məni sevəsən") adlı mahnısını ifa etdi. Yüz mindən çox pərəstişkarın toplaşdığı bu şou bütün dünyaya yayımlanır, milyonlarla insan ona televiza ekranlarında tamaşa edirdi.

Kendi Dalfer

Maraqlıdır ki, Kendinin "Big girl" ("Böyük qız") adlı albomu onun atasının yazdırmış olduğu "Big Boy" ("Böyük oğlan") adlı alboma bir növ zarafatyana cavab idi. Bundan əlavə, həm də Kendinin artıq yetkinləşmiş olmasına işarə olan həmin albom 1995-ci ilin payızında işıq üzü gördü və o vaxtdan etibarən Uolko Bed ilə birgə işlərini başa çatdıran Kendi istedadlı musiqiçi, bəstəkar və produser Tomas Benk ilə əməkdaşlıq etməyə başladı.
Kendi Şərqi Avropada konsert proqramları ilə çıxış edərkən, xüsusən keçmiş Yuqoslaviyada şou tədbirləri zamanı onun pərəstişkarlarının sayı daha da artdı. Buna baxmayaraq, o, Van Morrison və sevimli atası Hans Dalfer ilə birgə albomlar yazdırmağa həmişə vaxt tapırdı.
1997-ci il mayın əvvələrində onun "For the love of you" ("Səni sevdiyim üçün") adlı albomu çıxdı və dərhal bu albomu almaq arzusunda olan pərəstikarlardan ibarət uzun növbələr yarandı. Kendinin albomlarının o vaxta qədər satılmış nüsxələrinin sayı isə 2 milyon yarımı keçmişdı. Həmin ilin may-noyabr aylarında 14 ölkədə 100-ə yaxın konsert proqramı ilə çıxış edən Kendi dekabr ayında ABŞ-ın prestijli televiziya tok-şoularına müsahibə vermək üçün bu ölkəyə səfər etdi. Kendinin albomu digər müasir caz albomları arasında ikinci yeri tutdu və bir neçə ay müddətində ən populyar albomların ilk onluğunda qaldı.

Kendi Dalfer

1998-ci ilin fevral ayında Kendi Brodveydəki prestijli teatrda konsertlər vermək üçün ABŞ-a getdi. Həmin ilin yayında uzun-uzadı danışıqlardan sonra o, yenidən Amerika Birləşmiş Ştatlarına getdi, sonra isə Avropaya dörd həftəlik qastrol səfərinə yollandı.
Kendi Dalfer əvvəlki kimi yenə də Prinslə işləyir, tez-tez Deyv Stüart və Van Morrisonla birgə çıxışlar edir. Atası Hans Dalfer də tez-tez öz qızının konsertlərində çıxış edir, lakin Kendi irəliyə doğru sərbəst hərəkət edir və öz karyerasını özü yaradır.