Redaktordan

Əziz melomanlar!
Əlinizdə tutduğunuz bu musiqi jurnalının birinci nömrəsi məxsusi olaraq şəhərimizin caz musiqisi həvəskarları üçün hazırlanmışdır. Razılaşın ki, Azərbaycanda cazı həmişə xoşlamışlar, musiqinin bu janrına həmişə ehtiram bəsləmişlər. Bunun səbəbləri çoxdur. Həmin çoxsaylı səbəblərdən biri də ondan ibarətdir ki, Bakıda caz sənəti musiqi dünyasının ölməz korifeyləri Niyazinin, Qara Qarayevin, Tofiq Quliyevin yaradıcılığından bəhrələnmişdir. Biz onların böyük sənəti qarşısında baş əyir, işıqlı xatirələrini hörmətlə yad edirik.
Sonradan Bakı keçmiş Sovetlər İttifaqının ən tanınmış caz şəhərlərindən birinə çevrildi. Bu fakt özlüyündə musiqinin həmin janrının bizdə nə səviyyədə inkişaf etməsini göstərir. Bu gün adları ilə fəxr etdiyimiz, bu janrın inkişafına və ona gətirdikləri yeniliklərə görə minnətdar olduğumuz adamlar çoxdur. Burada onların hamısının adını çəkməyəcəyəm. Onların barəsində jurnalımızın bu və sonrakı nömrələrində ətraflı söhbət açacağıq. Lakin təbii ki, jurnalımız təkcə bu səpkili materiallardan ibarət olmayacaq. Bu yurnalın köməyilə Siz cazın ümumiyyətlə harada və necə yaranması barədə məlumat alacaq, onun bütün tarixini vərəqləyəcək, dünya cazının korifeylərinin yaradıcılığı ilə yaxından tanış olmaq, caz aləmində baş vermiş ən son yeniliklərdən xəbər tutmaq, tənqidi məqalələr oxumaq imkanı da əldə edəcəksiniz. Ümidvaram ki, caz biliciləri bu jurnalı sevə-sevə oxuyacaqlar.
Bu jurnal gənclər üçün də faydalı olacaq, onların çoxu caz aləminin özləri üçün ən gözlənilməz tərəflərini kəşf edəcəklər.
Arzum budur ki, Siz məişət problemlərinizi qısa müddətə də olsa unudub, bizim "Jazz Dünyası" adlı ilk nəşrimizi oxuya-oxuya istirahət edəsiniz.
Leyla Əfəndiyeva