Redaktordan

Əziz musiqisevərlər!
Sizi Yeni, 2005-ci il münasibətilə təbrik edirəm!
Yeni ildə sizə möhkəm cansağlığı, sevinc və bolluca musiqi arzulayıram. Qoy Yeni ildə musiqi Sizin həyatınızı bəzəsin, onun sayəsində həyatınız daha maraqlı, əhvalınız daha xoş olsun. Axı musiqi yalnız müsbət energetikaya malikdir və o, həyatda çox şeyi dəyişməyə kömək edir.
"Jazz dünyası" jurnalının ilk nömrəsi ilə bağlı xoş sözlərinizə və onu yüksək qiymətləndirdiyinizə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Zənnimcə, jurnalımızın qış nömrəsində də çoxlu yeni və maraqlı məlumatlar tapacaqsınız.
Jurnalımızın bu nömrəsi Rain Sultanovun Vaqif Mustafazadənin xatirəsinə həsr edilmiş məqaləsi ilə başlayır. Artıq 25 ildir ki, Azərbaycanın bu dahi musiqiçisi aramızda yoxdur. Vaqif Mustafazadənin vəfatının 25 illiyi ərəfəsində onun bənzərsiz ifasından seçmələrdən ibarət unikal kolleksiya buraxılmışdır. Jurnalımızın bu nömrəsində həmin kolleksiya barədə daha ətraflı məlumat əldə edə biləcəksiniz. Caz musiqisi aləmi ilə mümkün qədər çox ünsiyyətdə olun, inanın ki, bu halda Siz çox böyük mənəvi qida alacaqsınız.
Leyla Əfəndiyeva