Caz lüğəti

Baza (ingiliscə aşağı hissə, oturacaq, dayaq deməkdir) - solistləri müşayiət etmək funksiyasını yerinə yetirən ansambl və ya ansamblın bir hissəsi.

Ballada (latınca "rəqs edirəm" mənasında işlədilən ballo sözündən) - bir sıra xalqlarda rast gələn, qədim mahnı və rəqs mənşəli mahnı janrı. Balladanın tipik xüsusiyyətləri epik hekayətlə lirizmin birləşməsi, kuplet forması, yavaş və ya mülayim temp, süjetin və musiqi materialının tam açılmasıdır. Amerika zəncilərinin xalq musiqisində balladanın blüzə bir qədər oxşayan və Afrika ənənələri ilə əlaqələrini qoruyub saxlamış bənzərsiz bir tipi yaranmışdır. Cazda instrumental çalğı və oxumanın lirik ballada stili geniş yayılmışdır.

Banco - Afrika mənşəli, mizrabla çalınan, mandolina və gitaraya oxşayan simli musiqi aləti. Amerika zəncilərinin xalq musiqisində həm solo, həm də müşayiət aləti kimi çox geniş yayılmışdır. Banco üçün zənci xalq musiqisinin ozünəməxsus janrları reqtaymın və cazın erkən formalarının yaranmasına kömək etmişdir.

Barberşop-harmoniya ("bərbər harmoniyası") (ingiliscə "bərbərxana" demək olan "Barberşop" sözündən yaranmışdır) - akkordların (əsasən septakkordların) birləşdirilməsi zamanı səsin paralel xromatik hərəkətinə əsaslanan melodiyanın harmonik müşayiət tipi. Səsin bu texnikası banco aplikaturasına müvafiqdir. Görünür, bu özünəməxsus harmonik stil həmin alətdə ifa praktikasında formalaşmışdır. Belə bir ehtimal da var ki, onun mənşəyi qədim Amerikada vaxtilə şəhərlilərin sevimli istirahət və əyləncə yerləri olmuş bərbərxanalarda (bu cür bərbərxanalarda adətən bar, eləcə də oxumaq və rəqs etmək üçün otaq olurdu) ifa edən kiçik ansamblların yarıfolklyor tipli özfəaliyyət çıxışlarının mövcud olması ilə bağlıdır. Barberşop-ansambllar Amerika menestrel teatrının və reqtaymın inkişafına müsbət təsir göstərmişdir.

Barrel-haus-stil (Barrel house - traktir deməkdir) - ötən əsrin ikinci yarısında əmələ gəlmiş və XX əsrin əvvəllərində geniş yayılmış zənci fortepiano cazının arxaik stili barrel-haus stilində musiqi fortepianoda kəskin sinkopirə edilmiş zərbə maneralı pedalsız alətdə ifa edilir, bu zaman pianoçunun sağ və sol əllərinin funksiyaları arasında dəqiq hədd qoyulur (sağ əl üçün partiyada sərbəst sinkopirə edilmiş melodiya, sol əl üçün partiyada isə metrik pulsasiyaya ciddi riayət edilməklə "bas-akkord" tipli akkompanement nəzərdə tutulurdu). Barrel-haus-stil kiçik ansambllarda da tətbiq edilirdi. Bu ansambllarda fortepiano ilə yanaşı banco, gitara, mandolina, ağız qarmonu, bas və zərb alətləri, eləcə də bəsit folklor çalğı alətləri (kazu, caq, "oxuyan mişar", uoşboerd, üzərinə siqaret kağızı çəkilmiş daraq və sair) olurdu.
Bauns (ingiliscə tullanma, hoppanma deməkdir) - 1. Svinqin bir növü, taktın əsas hissələrinə xüsusi diqqət yetirilməklə mülayim tempdə ritmik elastik hərəkət. Zəif svinqləşdirilmiş bit və çox çevik tempi ilə seçilən campunun tam əksi. 2. Ləng fokstrota oxşayan mülayim 4/4 tempində ifa edilən, Şimali Amerikada çox dəbdə olan rəqs növü.

Begin - mülayim tempdə ifa edilən dörd ölçülü Latın Amerika mənşəli rəqs (bu rəqsin Martinika adasında yaranması ehtimal edilir). Tanqo və rumba ilə müəyyən oxşar cəhətləri var. XX əsrin 30-cu illərində beynəlxalq aləmdə yayılmışdır. K.Porterin "Jubilee" müziklinin (1935) "Begine the Beguine" melodiyası populyar caz mövzularından biridir.

Bibop - bax: Bop .

Big-bənd (böyük orkestr) - çalğı alətlərinin müəyyən tərkibi (nəfəs alətləri aparıcı rol oynamaqla), instrumental qrupların (seksiyaların) spesifik bölgüsü, ansamblın özünəməxsus ifa texnikası (aranjirovka edilmiş bölmələrlə solistlərin improvizələrinin birləşməsi, orkestr müşayiətinin xususi tiplərinin - bekqraundun, eləcə də metroritmik pulsasiyanın xususi tiplərinin tətbiq edilməsi, tembrlərin qarışması və s.) ilə fərqlənən caz orkestrinin xarakterik növü. Biq-bənddə musiqiçilərin sayı 10 - 20 nəfər olur. Orkestrin tipik heyəti belədri: 4 truba, 4 trombon, 5 saksofon və 1 ritmik qrup (fortopiyano, gitara, bas, zərb alətləri); bəzi başqa variantlar da mümkündür. Biq-bənddə saksofonlar seksiyası (rids), mis nəfəs alətləri seksiyası (brass) və ritm-seksiyası olması nəzərdə tutulur. Onlara ağacdan hazırlanmış nəfəs alətləri seksiyası (vuds) və simli alətlər qrupu da əlavə edilə bilər . Biq-bənd 20-ci illərdə inkişaf etməyə başlamış, 30-cu illərin əvvəllərində isə orkestr cazının əsas stillərindən biri olan svinq yaranmışdır.

Bit (ingiliscə zərbə) - sözün geniş mənasında musiqidə metroritmik pulsasiya. Cazda bitin tipi (qraund bit, off-bit, on-bit, tu-bit, four-bit və s.) taktın metrik strukturunun traktovkası ilə, bölgü və ritmik aksentlərin nisbəti ilə, onların üst-üstə düşmə və ya düşməmə dərəcəsi ilə müəyyən edilir. Adətən nizamlı, ciddi mütəşəkkil bitə qarşı daha sərbəst və çevik ritmika tətbiq edilir. Taktın hissələrinə nəzərən ritmik aksentlərin mikrosəviyyədə daim qarışıdırılması impulsivlik, daxili konflikt və musiqi hərəkətinin gərginliyi təsurratını gücləndirir.

Blok-akkordlar - pianoçunun hər iki əli üçün partiyalarda paralel monoritmik akkord hərəkətlərinə əsaslanan caz fortepiano çalğı texnikası. Bu texnikanın geniş yayılmış başqa adı - bağlı əllər texnikasıdır. İlk dəfə 1940-cı illərin əvvəllərində yaradılmışdır. Sonradan akkord fakturasının bu tipi kiçik ansamblların (kombo) və biq-bəndlərin ifaçılıq praktikasında tətbiq edilməyə başlanmışdır.