Vaqif Mustafazadənin vəfatının 25 illiyi ərəfəsində UNOCAL şirkətinin sponsor dəstəyi ilə unikal məzmunlu kolleksiya buraxılmışdır. Bu kolleksiyaya dahi pianoçunun 6 diski və onun həyat və yaradıcılığından söhbət açan buklet daxil edilmişdir. Musiqiçinin ifa etdiyi səksən əsərdən tərtib edilmiş bu disklər onun həyatının müxtəlif dövrləri üzrə komplektləşdirilmişdir. Kolleksiyaya sənətçinin gənc yaşlarından başlamış, ömrünün son illərinədək ifa etdiyi ən yaxşı əsərlər daxildir. Toplunun əla klassik üslubda yerinə yetirilmiş dizaynı və ABŞ-da görülmüş çap işlərinin yüksək keyfiyyəti xüsusi qeyd edilməlidir. Çoxsaylı fotoşəkillərdən istifadə etməklə tərtib olunmuş bukletə musiqiçinin "Azerbaijan International" jurnalının və sözügedən layihənin redaktoru Betti Bleyerin peşəkar qələmi ilə yazılmış tərcümeyi-halı da daxildir. Bundan əlavə, bukletdə diskoqrafiya və topluya daxil olan disklərin mündəricatı da var. Belə bir kolleksiyanın işıq üzü görməsi Azərbaycanın mədəni aləmində əlamətdar hadisədir. UNOCAL şirkətinin beynəlxalq münasibətlər üzrə meneceri Bəxtiyar Axundov bununla əlaqədar şirkətə təşəkkürünü bildirmiş müxbirimizə belə cavab vermişdir:
- Bizim şirkət Azərbaycanın mədəni irsinin qorunub saxlanması ilə bağlı aksiyaları həmişə fəal dəstəkləyir. Artıq bir neçə ildir ki, biz xeyriyyə konsertləri təşkil edir, tarixi mövzuda kitabların çapına və kompakt disklərin buraxılmasına kömək edir, uşaqlar və gənclər arasında müxtəlif müsabiqələr keçiririk. Bu, bizim caz sahəsində həyata keçirdiyimiz birinci aksiya deyil. İndiyə qədər bir sıra görkəmli caz musiqiçilərinin xatirə gecələrini keçirmişik, "Caspian Jazz and Blues" festivalının sponsorlarından biri olmuşuq. Vaqif Mustafazadə kimi tanınmış musiqiçinin əsərləri toplusunu buraxmaq ideyası şirkətimizin prezidenti Maykl Börnsü çoxdan düşündürürdü. Buna görə də, bəstəkar Cavanşir Quliyevin Vaqif Mustafazadə ilə bağlı layihə barədə təklifi Maykl Börnsün arzusu ilə üst-üstə düşdü və şirkətimiz bu təklifi ürəkdən dəstəklədi. Yeri gəlmişkən, bu kolleksiya üçün bütün musiqi materialını toplayan məhz Cavanşir Quliyev olmuşdur. Biz bu layihə üzərində üç il işləmişik və indiyə qədər gördüyümüz bütün işlərdə olduğu kimi, bu dəfə də ən yaxşı nəticə əldə etməyə çalışmışıq. Kolleksiya üzərində işləmək üçün savadlı mütəxəssislər qrupu yaratmışdıq. Zənnimcə, bu kolleksiya hər cəhətdən uğurlu olmuşdur.











Nyu-Yorkdakı Linkoln Mərkəzində (Lincoln center) Caz Evinin təntənəli açılışı mərasimi olmuşdur. Caz Evinin yaradılması barədə təşəbbüsün müəllifi "Lincoln center"nin bədii rəhbəri, məşhur saksofonçu Uinton Marsalisdir. Onun rəhbərlik etdiyi bir qrup musiqiçi Brodveydə "When the Saints Go Marching In" melodiyasını ifa edə-edə yürüş keçirmişdir. Küçədən keçənlər və ofis işçiləri evlərin pəncərələrindən onlara tamaşa edərək çəpik çalır, ritm tuturdular. Açılış mərasiminə dəvət edilənlər arasında çoxlu, o cümlədən xarici ölkələrdən gəlmiş qonaqlar da vardı. Caz Evinin binasının layihəsi üzərində arxitektor Frederik Rouz işləmişdir. Qiyməti 128 milyon dollar məbləğində dəyərləndirilən Caz Evi üç konsert zalından, məşq yeri olan tədris mərkəzindən, bütöv bir okrestrin işləyə biləcəyi böyük səsyazma studiyasından, iki tədris otağından və caz şöhrət zalından ibarətdir. Üç zaldan biri - 140 yerlik rahat "Dizzy's Club Coca-Cola" zalıdır. "Frederick P.Rose hall" adlanan ikinci zal 1100-1300 tamaşaçı üçün nəzərdə tutulmuşdur. Burada opera konsertlərinin, balet və teatr tamaşalarının, orkestrlərin çıxışlarının da təşkil edilməsi planlaşdırılır. "Allen Room" adlanan və öz arxitekturasına görə yunan amfiteatrına oxşayan üçüncü zal 600 tamaşaçı üçün nəzərdə tutulmuşdur.
Caz mərkəzinin icraçı direktoru Derek Qordonun dediyinə görə, Caz Evinin yaradılması "İncəsənətin həqiqətən Amerika mənşəli olan yeganə janrına", eləcə də bu zalın açılış gününü görmək xoşbəxtliyi nəsib olmamış əfsanəvi cazmenlərə - Lui Armstronq, Dizzi Gillespi və başqalarına həsr edilmişdir.





Şahin Növrəsli uğurlu yaradıcılıq fəaliyyətini davam etdirir. Ötən mövsümdə o, iki sanballı festivalda çıxışı etmişdir: sentyabr ayında Soçidə "Black Sea Jazz" festivalında və oktyabrın 22-dən 24-dək Haaqada keçirilmiş European Music Council annual meeting "Improvision in Music" festivalında "Bayatı-şiraz" müğamı mövzusunda caz işləmələri ilə dinləyiciləri heyran etmişdir. Musiqiçinin uğurları təkcə bu faktlarla bitmir. Noyabr ayında "Global CD" şirkətinin (Rusiya) dəstəyi ilə onun "J'z Mu" adlı ilk albomu işıq üzü görmüşdür. 2005-ci il yanvarın 22-də isə Şahin Moskvada Vaqif Mustafazadənin xatirə gecəsində çıxış edəcəkdir.

Dekabr ayında Həştərxanda Rusiyada Azərbaycan mədəniyyətı günləri çərçivəsində "Bakustik caz" triosunun (Salman Qəmbərov - piano, Emil Həsənov - bas-gitara, Sergey Krasnyanski - zərb alətləri) çıxışı olacaqdır. Konsertin proqramına həm ənənəvi, həm də Azərbaycan caz kompozisiyaları daxildir. Pianoçu Rəşad Kazımov da bu tədbirdə iştirak edəcəkdir. O, Vaqif Mustafazadənin fortepiano ilə orkestr üçün konsertini ifa edəcəkdir.

Oktyabr ayında Tbilisidə keçirilmiş "Eastern European Arts Expo" (EEAE) festivalında "Bəri bax" ansambılı uğurla çıxış etmişdir. Gürcüstanda ilk dəfə keçirilmiş builki EEAE festivalında 11 ölkədən, o cümlədən Böyük Britaniya, Ukrayna, Moldova, Gürcüstan və Azərbaycandan gəlmiş ifaçılar iştirak edirdi. "Bəri bax" ansamblı iki konsert vermişdir - şəhərin mərkəzindəki açıq meydançada və Noa-Noa caz klubunda. Polifonik caz manerasında ifa edilmiş Azərbaycan, Amerika və gürcü mahnıları qonşu ölkədə ənənəvi hal olan xor oxumaları və gürultulu alqışlarla qarşılandı. "Bəri bax" ansamblını Rauf Sultanovun triosu müşayiət edirdi.

Emil İbrahim oğlu Məmmədov hazırda yeni albom üzərində işləyir. Layihənin bir növ konspirasiya edilməsinə baxmayaraq, etibarlı mənbədən öyrənə bilmişik ki, bu disk Emilin özünün hələ ifa edilməmiş, tam novator istiqaməti ilə seçilən kompozisiyalarından ibarət olacaqdır. Albomun yazılmasında iştirak edəcək musiqiçilər heyəti barədə hələ heç nə bildirilmir, lakin Emilin özünün dediyinə görə, çoxlu musiqiçi dəvət ediləcək.Albomun nə vaxt çıxacağı hələ elan edilməsə də, biz bu albomu səbrsizliklə gözləyirik və onun uğurlu olmasını arzu edirik.

Fransız skripkaçısı Jan-Lük Pontinin "In Concert" albomu eyni vaxtda həm CD, həm də DVD versiyalarında buraxılmışdır. Bu albom skripkaçının 1999-cu ildə Varşavada məşhur Polşa "Jazz Jamboree" festivalında çıxışının yazısıdır. Albomun DVD versiyasına 71 dəqiqə davam edən konsertdən əlavə, bu musiqiçinin dünyanın müxtəlif şəhərlərində verdiyi konsertlərdən ayrı-ayrı epizodları özündə birləşdirən "Touring Memories" adlı 11 dəqiqəlik bonus-film də daxil edilmişdir.

Pianoçu və bəstəkar Çik Korianın məşhur "Electric band" ansamblı son on ildə ilk dəfə bir yerə toplaşmışdır. Erik Mariyental, Frenk Gembeyl, Con Patituççi və Deyv Vekl öz liderləri ilə birlikdə "To the stars" adlı albom yazdırmışlar. 12 dəfə Qremmi mükafatına layiq görülmuş Koria yeni layihə barədə ağız dolusu danışır: "Mən bütün ömrüm boyu belə bir albom yazdırmaq arzusunda olmuşam. İndi bu arzum reallığa çevrilmişdir. Bu layihə mənim sevimli albomumdur".

Məşhur Amerika-Kuba pianoçusu Qonsalo Rubalkaba üç illik sükutdan sonra "Blue Note" leyblində "Paseo" adlı yeni albom buraxmışdır. Rubalkaba əvvəllər olduğu kimi, özünün yeni albomunda da doğma adanın zəngin musiqi ənənələrini əsas götürür. Bundan əlavə, həmin alboma Rubalkabanın əvvəllər yazdırdığı "Rapsodia" (1992) və "Antiguo" (1998) albomlarındakı köhnə pyeslərin yeni versiyaları daxildir. Pianoçu öz ansamblının heyətini tamamilə təzələmişdir. Yeni layihədə o, zərb alətlərində çalan İqnasio Berroa, basist Xose Armando Qola və saksofonçu Luis Felipe Lamolyanın daxil olduğu "New Cuban Quartet" kvarteti ilə işləmişdir.