ƏLAQƏLİ VƏ ƏLAQƏSİZ MÜLAHİZƏLƏR...

Azərbaycanda caz sənətinin öz biliciləri, öz həvəskarları və öz tamaşaçıları var, lakin etiraf etməliyik ki, bu sənətin layiq olduğu mətbuatın, yəni bu gün caz musiqisini işıqlandıran jurnalistlərin səviyyəsi Azərbaycan caz musiqiçilərin ifaçılıq mədəniyyətinin səviyyəsindən xeyli aşağıdır. Əcnəbi caz ifaçılarının konsertləri və festivallarla bağlı nadir hallarda dərc edilən yazılarda isə çox vaxt azərbaycanlı musiqiçilərin özlərinin simaları, necə deyərlər, kölgədə qalır. Halbuki onların ifaçılıq istedadı ölkəmizə qonaq gələn ifaçıların sənətindən nəinki geri qalmır, hətta bəzən onlardan da üstün olur. Məsələn, Salman Qənbərov kimi istedadlı və həssas musiqiçi haqqında, onun Azərbaycan xalq melodiyaları mövzusunda incə harmonizasiyaları barədə, yaxud Lətif Səfərovun "Kəndlilər" kinofilminə musiqini istedadlı bir tərzdə aranjirovka etməsi barədə yazılan məqalələrin sayı çoxdurmu? Ötən il Kapelhausda Salman Qənbərovun bənzərsiz Augün Hümbətova ilə (bu qızın bir qeyri-adi imicinə görə bizdə onun "əyalət adamı" hesab edilərək gözümçıxdıya salınmış olması hes kəsdən gizli deyil) birgə çıxışı - sənətkarlığın ən yüksək nümunəsi idi.

Emil İbrahim

Məxsusi olaraq əcnəbi qonaqlar üçün təşkil edilmiş bu konsertin iştirakçıları sənətçilərimizin çıxışını dinlədikdən sonra ayağa qalxaraq, uzun müddət onları alqışladılar. Lakin mətbuatda bu tədbir barədə az-çox ciddi bir rəyə rast gəlmədim. Bizdə musiqi tənqidinin zəif olması, Azərbaycan cazı barədə adi informasiya qıtlığı bizim caz musiqiçilərin əksəriyyətinin ətrafında müəyyən mənada ictimai-mədəni vakuum yaranmasına səbəb olur və bunun nəticəsində Azərbaycanda caz sənəti andeqraund sənətinə çevrilir.
Lakin gəlin kədərli faktlardan yox, urəkaçan hadisələrdən söhbət açaq. İstedadlı caz pianoçusu Emil İbrahimlə amerikalı müğənni Lola Moralesin bu yaxınlarda olmuş birgə çıxışı bu cür sevindirici hadisələrə misal ola bilər.
Bu iki musiqiçini bir-biri ilə əlaqələndirən londonlu bəstəkar və gitaraçı Riçard Hillman hazırda Bakıda "English Language Solutions" şirkətində işləyir, daha dəqiq desək, ingilis dili dərsləri keçir. Riçard Hillman bir dəfə Emilin ifasını dinləyəndən sonra ona özünün uzun illər boyu əməkdaşlıq etdiyi Lola Moraleslə birgə çıxış etməsini təklif etmişdi. Hillman Lola Moraleslə tanışlığının tarixini xatırlayaraq deyir: "Mən Lola ilə 12 il bundan əvvəl Ekvadorda, dostlarımın evində tanış olmuşam. O, mənim mahnılarımı oxumağa başladı. Mən məxsusi ondan ötrü elə öz şerlərimə 20-yə yaxın mahnı bəstələmişəm. Hazırda o Londonda yaşayır və "Mezzo" klubunda oxuyur. Son iki ildə biz birlikdə 15 mahnı yazmışıq. Onun oxu tərzi, tipik latın amerikalılara xas olan parlaq musiqi temperamenti mənim çox xoşuma gəlir. Lola özü San-Fransiskoda anadan olmuş və orada boya-başa çatmışdır, amma valideynləri əslən Nikaraquadandırlar".

Lola Morales

Lola Morales Emil İbrahimin qrupu ilə birlikdə Caz Mərkəzində və Caz Klubunda da çıxış etmişdir. Mən təkcə onun Caz Klubundakı çıxışının proqramını tam halda dinləyə bilmişəm. Müğənni həmin proqrama daxil olan ilk iki mahnını Riçard Hilmanla duet şəklində ifa etdi: Hillman onu gitarada muşayiət edirdi. Hər iki mahnı ("Trust the Fall" və "Any way you need") melodik və sakit musiqi üslubunda olub "kantri" janrına yaxındır. Bu mahnılar anqlosaks temperamentinə daha çox uyğun gəlir. Bəlkə də Riçardın xatirinə dəyə bilər, lakin şəxsən mənim fikrimcə, Lolanın "latın temperamenti" yalnız onun Emil və qrupu - Ruslan Hüseynov (bas-gitara), Sergey Krasnyanski (zərb alətləri) və
Tofiq Cabbarovla (tam-tam və başqa alətlər) birgə çıxışında üzə çıxdı. Lolanın ifaçılıq manerası caz, soul və latın "fankı" (Latın Amerikası rəqs ritmləri) kimi stilləri özündə birləşdirir. Özünün dediyinə görə, onun çıxışının əsas proqramına daxil olan 8 kompozisiyanın hamısı, eləcə də "bis" sədaları ilə alqışlanmış 9-cu kompozisiya onun öz bəstələridir. Bu əsərlərin bəzisinin musiqi mövzuları Şadenin "Santana" qrupunun repertuarından götürülmüşdür. Lolanın ifa etdiyi ən maraqlı kompozisiyalar məhz latın melodiyalarına əsaslanırdı ("La Vida En Tu Amor", "Volando"). Bu kompozisiyalarda latın musiqi temperamentinin stixiyası, Latın Amerikası ritmlərinin (esso, mamba, salsa), onların bayram əhvalı, sirayətedici həyatsevərliyi sayəsində Lola dinləyicilərin qəlbini fəth edirdi. Etiraf etməliyəm ki, müğənninin çıxışında müəyyən qüsurlar da vardı. Məsələn, bəzən səsini hədsiz dərəcədə ucaldırdı. Bəlkə də bu, elektron aparatura problemi ilə bağlıdır. Lakin müğənninin canlı, sərbəst səhnə davranışı, fərdi plastikası və zahiri cazibədarlığı ona əlavə "xallar" gətirirdi.

Lola Morales

Müğənniyə ən çox "xal" qazandıran isə bizim musiqiçilər idi. Məhz onların sayəsində Lolanın proqramı sözün həqiqi mənasında parlaq oldu.
Caz pianoçusu və bəstəkar, cəmi 30 yaşı olmasına baxmayaraq Bakı Caz bomondunun aparıcı musiqiçilərindən biri sayılan Emil İbrahim təəssüf ki, bizim mətbuat tərəfindən layiqincə diqqətlə qarşılanmayıb. Caz klubunda verilən konsertdə iştirak edən YUNESKO nümayəndəsi belə bir musiqiçinin indiyə qədər nə üçün heç bir disk yazdırmamasının səbəbini heç cür başa düşə bilmirdi. Bəli, bizim həyatımızın reallıqları başdan-başa absurddur və öz həyat tərzləri absurd olmayanlar bunun səbəbini heç cür anlaya bilmirlər. Amma mən söz vermişdim ki, kədərli məsələlər barədə danışmayım...
Emilin ifaçılıq üslubunu fərqləndirən - daxili dinamizm, böyük güc və özünəməxsus vitallıqdır. Mənim fikrimcə, onun yaradıcılıq imkanları bizim auditoriyada adətən tələb ediləndən xeyli genişdir. Emil Azərbaycan xalq melodiyaları mövzusunda improvizələrdən nadir hallarda istifadə edir, milli musiqi duyumumuza əsaslanan vərdişlərlə spekulyasiya etmir. Lakin bir dəfə mən Emilin bir kompozisiyasını dinlədim. Tofiq Quliyevin "Zibeydə" mahnısı mövzusunda olan bu kompozisiya əyani şəkildə göstərir ki, Emil 50-ci illərdə Bakıda dəbdə olmuş şəhər musiqii materialını çox həssaslıqla qavrayır.

Emil İbrahim və Lola Morales

Emilin ifasında eşitdiyim ən maraqlı kompozisiyalırndan biri də məşhur "Bessame muço" mahnısı mövzusunda improvizə idi. Ümumiyyətlə, Latın Amerikası musiqisi və cazın vəhdəti - Emilin ən çox maraq göstərdiyi janrlardan biridir. Bəlkə də elə buna görədir ki, Emil - Lola Morales tandemi bu qədər uğurlu oldu. Emil Lolanı müşayiət edərkən nəzakət xatirinə çalışırdı ki, öz ifası ilə müğənnini kölgədə qoymasın, lakin məhz Emilin parlaq ifası, eləcə də Tofiq Cabbarovun, Sergey Krasnyanskinin zərb alətlərində və Ruslan Hüseynovun bas-gitarada gözəl solo ifaları sayəsində Caz klubunda keçirilən gecəni əsl musiqi atəşfəşanlığına çevrildi. Konsertdən sonra mən Lola Moralesə və Riçard Hillmana müraciət edib Emilin ifası barədə onların fikirlərini soruşdum. Lola "Fantastic!", Riçard isə "Fabulous!", - deyə cavab verdi. Bu sözü "bənzərsiz, ağlasığmaz, misilsiz, eşidilməmiş" kimi tərcümə etmək olar. Bəli, bütün bunlar belədir, lakin bizdə "ulduzlar yalnız kiməsə və nə üçünsə lazım olanda parlayır". Elə deyilmi, əziz həmvətənlər?

Sənübər Bağırova