BAKI CAZ MƏRKƏZİ

Timuçin Şahinin Triosu

Bu yaxınlarda Azərbaycanın paytaxtı Bakı şəhərində məşhur musiqiçilərin - Timuçin Şahinin triosunun çıxışı olmuşdur. Bu tədbirin keçirilməsinə "Premier Art Management Agency"nin Türkiyədəki nümayəndəsi Nəzakət xanım Qasımovanın çox köməyi olmuşdur. Əvvələn onu qeyd etməliyəm ki, trionun tərkibində dünya şöhrətli bas-gitaraçı Kay Ekhardt da çıxış edirdi. Görkəmli gitaraçı Con Makloumenlə birgə çıxışlar etmiş bu musiqiçini bakılı caz həvəskarları yaxşı tanıyırlar.
Trionun rəhbəri Timuçin Şahin əslən Türkiyədəndir. 1992-ci ildə o, Niderlanda köçüb getmiş, orada Amsterdam və Xilversam konservatoriyalarında gitarada caz ifaçılığı məktəbi keçmişdir. Az sonra bu musiqiçi Nyu-Yorka köçüb getmiş, oradakı Manhetten musiqi kollecində təhsilini davam etdirmişdir. Gitaraçı və bəstəkar Timuçin Şahin dəfələrlə müxtəlif caz festivallarında mükafata layiq görülmüşdür. Timuçin Şahini bütövlükdə caz və improvizasiya musiqisində yeni istiqamətləri tədqiq edən musiqiçi kimi səciyyələndirmək olar. O, öz çıxışlarında spesifik səslənməyə nail olmaq üçün əsas alət kimi ladsız gitaradan istifadə edir.

Timuçin Şahinin Triosu

Bakı Caz Mərkəzində Timuçin Şahin "ikibaşlı" ladsız gitara ilə yanaşı, həm də ənənəvi ladlı gitaradan istifadə edirdi. Ladsız gitaranın qlissandrosu, sənətçinin mikrotonal ifası, semplerdən və müxtəlif priyomlardan istifadə etməsi dinləyicilərdə qeyri-adi hisslər oyadırdı. Timuçin Şahinin musiqisi ənənəvi Cənubi Hindistan, Şərqi Avropa və Asiya musiqilərinin sintezidir. Bundan əlavə gitaraçı müxtəlif kollektivlərin heyətində müxtəlif layihələrdə iştirak edir. Özünün rəhbərlik etdiyi kollektiv də əsasən onun musiqisini ifa edir. Timuçin Şahin "Rare Falcons" qrupuna və "Occult ensemble" kamera ansamblına başçılıq edir. O, Mayk Mainiyeri, Kay Ekhardt və bir sıra başqa məşhur caz musiqiçiləri ilə birlikdə çıxış etmiş, onlarla bərabər albomlar yazdırmışdır. Qeyd etmək lazımdır ki, Timuçin Şahinin musiqisini ifa etmək üçün onun qrupunun üzvlərindən yüksək peşəkarlıq və fədakarlıq tələb olunur. Bu prinsipləri rəhbər tutan Timuçin Şahin öz triosuna görkəmli musiqiçiləri dəvət etmişdir. Onlardan biri müasir caz aləmində ən yaxşı bas-gitaraçılardan biri olan Kay Ekhardtdır. Bu musiqiçi Almaniyanın Mayns şəhərində anadan olmuşdur. 1983-cü ildə Kay Bostondakı Berkli musiqi kollecinə daxil olmuşdur. Kay hələ kollec tələbəsi olduğu dövrdə müxtəlif qruplarda işləyərək beynəlxalq miqyasda tanınmışdı. Kolleci bitirəndən sonra ona Berklidə müəllimlik vəzifəsi təklif edilmişdi. 1987-ci ildə məşhur vibrofonçu Geri Berton Kay Ekhardtı tanınmış caz-füjn-gitaraçı Con Makloulinə bas-gitaraçı kimi tövsiyə edir. 1988-ci ildə Kay Ekxardt Con Makloulinin triosuna qəbul edilir. Burada Kay və Con Maklounlinlə yanaşı, məşhur təbilçi və perkussiyaçı Trilok Qurtu da çalışırdı. Onlar birlikdə bütün dünyanı gəzib dolaşmış, iki albom yazdırmışlar. Kay Ekhardt bibop, hardbop, fricaz və caz seşns kollektivlərində özünü eyni dərəcədə sərbəst hiss edən fərasətli və çevik bas-gitaraçıdır. Neçə illərdir ki, o, Billi Kobem, Bill Evans, Steps Axid, Omar Hakim və Əzizə Mustafazadə kimi musiqiçilərlə işləyir. Yeri gəlmişkən, Kay Ekhardt Əzizə Mustafazadə ilə onun diski üzərində birgə işləməsini xatırlayaraq onun barəsində çox hərarətli sözlər söylədi.
Nəhayət, bir neçə kəlmə də təbilçi Ouen Hart barədə. Ouen hələ Nyu-Yorkda yaşadığı dövrdə Benni Qrin, Ravi Koltreyn, Ronald Vestrey və bir sıra başqa görkəmli musiqiçilərlə birgə çıxış edərək, öz musiqi vərdişlərini xeyli inkişaf etdirmişdi. Hazırda bu musiqiçi Qroningen (Niderland) konservatoriyasının caz zərb alətləri fakultəsinin rəhbəri və caz studiyasının professorudur.

Rain Sultanov və Timuçin Şahinin Triosu

Trionun rəhbəri Timuçin Şahinin kollektiv qarşısında qoyduğu məsələ ümumən uğurlu yerinə yetirilmişdir. Tamaşaçılar trionun musiqisini məmnunluq və məftunluqla dinləyirdi. Bu yaxınlarda musiqiçi özünün "Rare Falcons" ansamblı ilə "Slick Road" adlı yeni albom yazdırmışdır. Bu albomun yazılmasında iştirak etmiş musiqiçilər heyəti beynəlmiləl xarakter daşıyır. Buraya məşhur trombonçu Robin Yubenks, basist Xeyn Van de Geyn və iki ekzotik perkussiyaçı - Mancunat Mussavisade və Afra Mussavisade daxildir. Kvintetin musiqisi çox ekzotik olması ilə seçilir. Disk üçün bütün kompozisiyaları Şahin özü bəstələmişdir. Buradakı kompozisiyalar çox mürəkkəb ritmik rəsmli etnik cazla cənubi Hindistanın musiqi ənənələrinin və tamamilə unikal saundun sintezindən ibarətdir.


Fayyum portretləri

Oktyabrın 5-də Bakı Caz Mərkəzində "Fayyum portretləri" adlı konsert olmuşdur. "SoNoR" Müasir Musiqi Təşəbbüs Mərkəzi tərəfindən təşkil edilmiş, "Azintertur" turizm şirkətinin və Bakı Caz mərkəzinin təşkilati dəstəyi sayəsində baş tutmuş konsertdə üç yaradıcı kollektiv iştirak edirdi: "SoNoR" ansamblı, İranın "Mehr" triosu, bir də pianoçu Şahin Növrəslinin triosu.
Əvvəlcə "SoNoR" Təşəbbüs Mərkəzinin musiqiçiləri çıxış etdilər. Onlar üç əsər ifa etdilər: Giyyom de Maşonun "Ad te susperamus", Fərəc Qarayevin "Forst şəhəri üçün musiqi" və "Fayyum portretləri" əsərini. Bu sonuncu əsərin müəllifi "SoNoR" kollektivinin bədii rəhbəri Elmir Mirzəyevdir. "SoNoR" sözünün latın dilindən tərcümədə mənası "səsləşmə" deməkdir. Tamaşaçılara müxtəlif
eksperimental layihələr təqdim edən kollektivin fəaliyyətində bu ad səciyyəvi amildir. Qeyd etmək lazımdır ki, "Fayyum portretləri" əsərinin müəllifi qeyri-adi bir priyomdan istifadə etdi: o, Misir portretlərinin təsvir olunduğu slaydlar nümayiş etdirməklə o dövrün ab-havasını yaratmağa nail oldu, bu isə, öz növbəsində, musiqinin təsirini daha da gücləndirirdi. Zənnimcə, müəllif öz məqsədinə nail oldu: bu priyom dinləyicilərin musiqini daha tam qavramalarına kömək edirdi. "Fayyum portretləri" - bu kollektivin cari ildə təqdim etdiyi ikinci layihədir. Birinci layihədə müasir musiqi ilə azərbaycanlı rəssam Əli Herisçinin əsərlərini sintez etməyə cəhd göstərilmişdi.
Konsertin ikinci bölməsi İranın "Mehr" triosunun çıxışı ilə başlandı. Trionun üzvlərindən Babək Daneşvar santurda, Bəhmən Fəryadras kamançada, Həmid Qəmbəri isə dümbək və dəfdə çalırdı. Müxtəlif instrumental heyətlərdə çıxış edən bu ansambl əsas etibarilə ənənəvi Yaxın Şərq musiqisini ifa edir. "Mehr" triosu üç kompozisiya ifa etdi - "Pişdəraməd və Çaharmezrab", "Bədahe Dəstgahe Şür" və "Segah Dəstgah". Musiqiçilər muğamları yüksək peşəkarlıqla ifa etdilər. Sonra pianoçu Şahin Növrəsli öz triosu ilə çıxış etdi. Bu trionun improvizasiya texnikasının yüksək səviyyəsi, gənc və istedadlı pianoçunun ifa etdiyi hər bir musiqi frazasında hiss olunan emosionallıq heç kəsi laqeyd qoymadı. Musiqiçi bu konsertdə üç kompozisiya ifa etdi. Bunlardan birincisi Vaqif Mustafazadənin "Əzizəni gözləyərkən" kompozisiyası idi. Sonra "Əlində sazın qurbanı" xalq mahnısı mövzusunda improvizasiya və daha sonra Şahinin özünün "İpək yolu" kompozisiyası səsləndi. Qeyd etmək lazımdır ki, musiqiçi hər üç kompozisiyanı eyni dərəcədə

Şahin Növrəsli

yüksək səviyyədə ifa etdi, ilk iki əsərin mövzusu qorunub saxlanmaqla Şahin Növrəslinin özünə xas olan musiqi improvizasiyası elementləri ilə zənginləşmişdi. Şahinin özünün bəstələdiyi üçüncü kompozisiya isə bu pianoçuya daha yaxın olan ifa üslubunu nümayiş etdirdi. Burada muğam elementləri ilə modern caz elementləri sintez edilmişdi, ekspressiya və emosionallıq duyulurdu. Gənc pianoçunun musiqi ifaçılığı istiqamətinin seçimində Kit Carred və Qonzalo Rubalkaba kimi böyük caz pianoçularının təsiri hiss edilir. Bu pianoçunun ifa manerasında həmin həmkarları ilə bir qədər oxşarlıq olsa da, onun özünəməxsus musiqi təfəkkürü var və məşhur musiqiçilərdən hər hansı elementləri əxz etməsi onun ifasına məxsusi bir kolorit bəxş edir. "Fayyum portretləri" konsertində musiqinin ilk baxışda tamamilə müxtəlif olan üç istiqamətinin səsləndirilməsinə baxmayaraq, bu üç kollektivi birləşdirən əsas amil onların hər birinin caz musiqisi ilə etnik musiqini sintez etmək, musiqi ilə təsviri sənəti bir-birinə yaxınlaşdırmaq və bir sıra başqa maraqlı cəhd etmələridir.


Lola Morales

Əcdadları Nikaraquadan olan, özü isə San-Fransiskoda anadan olmuş Lola Morales hazırda Londonda yaşayır və işləyir. Müğənni həm özü kompozisiyalar yazır və ifa edir, həm də Antonio Karlos Jobin, Corc Benson və bir sıra başqa məşhur caz musiqiçilərinin repertuarından müxtəlif vaxtlarda hit sayılan mahnılar oxuyur. Lola Morales öz repertuarında caz kompozisiyaları ilə yanaşı, pop musiqisindən də gen-bol istifadə edir. Müğənninin işlədiyi istiqaməti pop musiqisi ilə Latın Amerikası rəqs ritmlərinin qarışığı, Braziliya Boss-Novası ilə lirik balladaların sintezi kimi xarakterizə etmək olar.

Lola Morales

Konsertin əvvəlində, müğənni hələ səhnəyə çıxmamış musiqiçilər Herbi Henkokun "Contalupe island" kompozisiyasını ifa etdilər. Yeri gəlmişkən onu da qeyd edək ki, Lola Moralesi bakılı caz musiqiçiləri muşayiət edirdi: Emil Məmmədov -klavişli alətlər, Ruslan Hüseynov - bas-gitara, Sergey Krasnyanski - təbillər və Tofiq Cabbarov - perkussiya. Sonra Lola Morales səhnəyə çıxdı və özünün effektli, ekstravaqant zahiri görkəmi ilə dərhal diqqəti cəlb etdi. Müğənnini ən çox fərqləndirən cəhət onun səhnədə özünü çox sərbəst və rahat hiss etməsi idi. Obyektivlik xatirinə qeyd etməliyik ki, Lola Moralesin ifasında heç bir novasiya, eksperiment və aranjirovkalarda axtarış hiss olunmurdu. Amma mənə belə gəlir ki, bu müğənnini böyük ifaçılarla müqaiysə etməyin heç bir mənası yoxdur, çünki bu gün o, özünə qədər görülmüş işləri əsas tutaraq, lakin indiyə qədər edilənləri əsla təkrarlamadan, musiqi ifaçılığı ilə məşğuldur. Buna görə də onun ifası son dərəcədə özünəməxsusdur.
Azərbaycanlı cazmenlər arasında isə perkussiyaçı Tofiq Cabbarovun adını xüsusi qeyd etmək istərdim. O, Karlos Santana və digər məşhur sənətçilərin bəzi latın kompozisiyalarında həm özünün, həm də perkussiyanın imkanlarından tam istifadə etdi. Bütövlükdə konsert dinləyicilərə xoş təsir bağışladı. Hər halda, Bakı Caz Mərkəzində konsertə gəlmiş və əksəriyyəti Bakının əcnəbi qonaqları olan tamaşaçılar bu müğənninin çıxışını "ura" sədaları ilə alqışladılar.

Faiq Qurbanov