RAUF SULTANOV

I hissə. Başlanğıc
Onun daxili aləminin bütün cəhətlərini, üsyankarlığını və barışmazlığını, qəlbinin bütün musiqisini hələ heç kəs lazımınca ifadə edə bilməyib. Görəsən, bunu etmək, ümumiyyətlə, mümkündürmü? Axı bu məsələni o özü də axıracan dərk etmir, qarşıda üzləşəcəyi hansı dəyişikliklərin onu həyəcanlandıracağını və narahat edəcəyini, gecələr yuxusunu ərşə çəkəcəyini, bitib-tükənməyən hansı suallara cavab axtaracağını bilmir.
Onun bütün həyatı başdan-başa improvizasiyadır. O, fitri istedada malik olan bir musiqiçidir və təkcə bu sözlər çox şeydən xəbər verir.
Rauf Sultanovu müsbət qəhrəman adlandırmaq istəməzdim. Çox güman ki, o, sadəcə olaraq, hərtərəfli inkişaf etmiş güclü şəxsiyyətdir. Onunla uzun-uzadı söhbət etmək olar. Əlbəttə, söhbətinizin mövzusu barədə onun baxışları ilə razılaşa da bilərsiniz, razılaşmaya da. Lakin bundan asılı olmayaraq, əmin ola bilərsiniz ki, bu söhbətdən sonra sizi maraqlandıran məsələlərin yeni həllini tapacaqsınız. Rauf Sultanovun yaradıcılıq karyerasının müddəti onilliklərlə ölçülür. Ən yaxşı sənətkarlarla işləmiş Rauf özü də ən yaxşı sənətkarlardan biri sayılmışdır. Onun musiqi duyumu, əməksevərliyi, sevimli çalğı alətinin hər bir simini, hər bir detalını dərindən öyrənmək istəyi həmişə göz qabağında olmuşdur.
Yaradıcılıq karyerasına əfsanəvi Rəşid Behbudovun ansamblında başlaması, onunla şəxsi münasibətlərinin əla olması Rauf Sultanovun peşəkar fəaliyyətində öz müsbət nəticələrini verdi. Qısa bir müddətdə ən yaxşı bas-gitaraçı, yüksək səviyyəli musiqiçi, qeyri-ordinar improvizator kimi məşhurlaşmış gənc musiqiçinin Avropa, Asiya və Afrika ölkələrində konsertlər zamanı layiq görüldüyü başgicəlləndirici, qulaqbatırıcı alqış sədaları, cəlbedici həyat tərzi onun qəlbində qarşısıalınmaz arzular doğururdu. O illərdə Rauf özünü həqiqətən xoşbəxt hiss edirdi. Ona elə gəlirdi ki, zaman təbiətin qanunlarına tabe deyil, onun öz mizan-tərəzisi var. Lakin vaxt ötüb-keçir, cavanlıq dövrü geridə qalır və o illəri bir daha geri qaytarmaq mümkün deyil.

Rauf Sultanov

II hissə. Yeni üfüqlər
Dostlarının çətinliklə tapdıqları və üzünü köçürdükləri lent yazıları Raufun musiqi zövqünün formalaşmasına, əlbəttə, çox güclü təsir göstərmişdir. Onlar hələ məktəbdə oxuyarkən caz musiqisinə qulaq asır, onu sevirdilər. Axı caz elə bir musiqidir ki, hər dəfə onu təhlil edəndə, ifa olunmuş improvizə barədə hər dəfə düşünəndə nə isə yeni bir şey tapmaq mümkündür. Raufun pərəstiş etdiyi Cako Pastorius bas-gitaraçıların yaxşılarının ən yaxşısı idi. Pastoriusu bas-gitara ifaçılığında yeni cərəyanın banisi, dahi və axıradək öyərinlməmiş müsiqiçi hesab edən Rauf bu gün də onun ifasını dinləməkdən doymur. Hələ gənc yaşlarından cazın vurğunu olan Rauf həm ona, həm də özünə sadiq qalaraq bütün həyatını musiqinin bu növünə həsr etmişdir.
Rafiq Babayevlə işlədiyi illər çox gərgin və səmərəli olmuşdur. Ümumiyyətlə, Rafiq Babayev həm Rauf üçün, həm də ansamblın digər musiqiçiləri üçün caz yaradıcılığının arxitektoru idi və Rauf onunla işlədiyi 20 ildə çox şey öyrənmişdir. Məhz bu dövrdə O, caz musiqisi sahəsində çox zəngin təcrübə və bilik qazanmış, sutkada 12 saat, bəzən 15 saat fasiləsiz məşq etməyi öyrənmişdir. Əlbəttə, Rafiq Babayevin ansamblına ən yaxşı musiqiçilər seçilib cəlb edilirdi və Rauf Sultanov bu kollektivə getməklə öz taleyini dəyişmiş oldu. Bu, onun həyat və yaradıcılığında ən mühüm məqamlardan biri idi.

Rauf Sultanov

III hissə. Vətəndən uzaqlarda
Yəqin ki, sivilizasiyanın yarandığı vaxtdan dünyada sülh və məhəbbətlə yanaşı, şər qüvvələr də mövcuddur. Bu mövcudluğun sonu dəyişməz qalır. Dəhşətli bəla Azərbaycandan da yan keçmədi və o vaxtadək özümüzə dost saydıqlarımızın əslində qatı düşmən olması üzə çıxdı. İncəsənətin hər bir növünun tənəzzülə uğraması, ölkədə yaramnış gərginlik və ağır siyasi vəziyyət hamını narahat edirdi. Təbii ki, müharibə şəraitində nə quruculuqla, yaradıcılıqla əvvəlki kimi məşğul olmaq mümkün idi, nə də musiqi ifaçılığı ilə. Bu haqsızlığa, bu ədalətsizliyə dözmək istəməyən Rauf Vətəni tərk edib, beş il Moskvada yaşadı. Əlbəttə, orada da işləyirdi. Məşhur musiqiçilərlə tanışlıq, seşn və konsertlər fikrini dağıtsa da, bütün bunlar ona təsəlli ola bilməzdi...

IV hissə. "Sindikat"
"Sindikat" qrupu yarandığı gündən həm Bakıda, həm də onun hüdudlarından kənarda sevilən və populyar bir caz kollektivinə çevrildi. Bu qrupu Raufun kiçik qardaşı, tanınmış caz saksofonçusu Rain Sultanov yaratmışdı. Bəlkə də, məhz buna görə Raufun bu qrupda işləməsi çox maraqlı idi. Bundan əlavə, Eldar Rzaquluzadə (klavişli alətlər), Vaqif Əliyev, sonralar isə Raufun kiçik qardaşı Ramin Sultanov da (zərb alətləri) həmin qrupda çalışırdı. Rauf artıq yetkin musiqiçi idi. Onun ifası qeyri-adi virtuozluğu, dəqiq və bitkin olması ilə fərqlənirdi. Rauf bu qrupun əsas və güclü bəndlərindən biri idi.

Rauf Sultanov

"Sindikat"da ifa edilən kompozisiyalar Raufun daxili ritmikası ilə qeyri-adi harmoniya yaradırdı. Bu qrupun ifasında səslənən qüsursuz caz-rok improvizasiyaları caz festivalları zamanı verilən konsertlərdə həmişə "bravo" sədaları ilə qarşılanırdı. Raufun "Last moment" adlı kompakt diskə daxil etdiyi solo bas-gitara kompozisiyası "Miraj" adlanır. "Sindikat" güclü ansambl idi və o kvartetin hər bir musiqiçisi ehtirama layiqdir.
Şübhəsiz, peşəkar musiqiçinin həyatında belə bir məqamın xüsusi əhəmiyyəti var: o, dönüş anının başlanmasını hiss edir, yeni bir səs axtarır. Belə anda onun barmaqları həmin səsi çıxara biləcək başqa simlər axtarır. Rauf Sultanovdan ötrü kontrabas həmişə pərəstiş predmeti olmuşdur. Bilirdi ki, günlərin birində bu aləti öyrənməklə ciddi məşğul olmağa başlayacaq və onu özünə tabe edəcəkdir. Qarşısına məqsəd qoymaq və ona nail olmaq bacarığı həmişə Raufun xasiyyətinin güclü və ən yaxşı cəhəti olmuşdur. Tezliklə kontrabasın öhdəsindən gəldi və dinləyicilər Rauf Sultanovun şəxsində həm də gözəl bir kontrabasçını, caz balladalarının və dinləyicilərin çox xoşladığı ənənəvi musiqinin lirik ifaçısını "kəşf" etdilər.

V hissə. Müdriklik
"Sindikat" qrupu parçalanandan sonra Rauf öz kollektivini yaratdı, bu kollektivə ifaçılıq təcrübəsi və manerası baxımından ən münasib musiqiçləri daxil etdi. O vaxtdan etibarən bütün yaradıcılığını kontrabas ifaçılığına həsr edir və ənənəvi musiqini klassik caz musiqisinin zirvəsi sayaraq bu sahədə öz imkanlarını üzə çıxarır. Raufun bügünkü ovqatını ifadə edən mülayim, sakit, üzvi axın çox şeyi yenidən dərk etməyə və onlara başqa mövqedən yanaşmağa imkan verir. Kontrabas ifaçılığına xas olan sərbəstlik və genişlik indi onu bas-gitarada ifa etdiyi çılğın ritmik improvizasiyalardan daha çox cəlb edir. Bu improvizasiyalar onun fantaziyasını qanadlandırır, ifaçı sanki hər şeyi unudaraq musiqi ümmanında qərq olur.

VI hissə. Söhbət

Rauf, Rəşid Behbudovun ansamblından getməyinə səbəb nə olmuşdu?
Rəşib Behbudovun ansamblına məni gətirən də Rafiq Babayev olmuşdu, məni oradan aparan da o oldu. Həmin dövrdə Rafiq Babayev öz ansamblı üçün ən yaxşı musiqiçiləri seçirdi, mən də onun təklifinə razılaşdım.

Belə demək olarmı ki, sənin caz karyeran Rafiq Babayevin ansamblına keçəndən sonra başlanmışdır?
Həm hə, həm də yox. Ona görə "hə" deyərdim ki, Rafiqlə işlədiyim müddətdə mən cazı bütövlükdə bir janr kimi, incəsənət kimi dərindən başa düşdüm və deyə bilərəm ki, Rafiq Babayev mənim müəllimim olub. Ona görə "yox" deyərdim ki, mənim qəlbimdə caz musiqisinə məhəbbət hissi çox-çox əvvəl yaranmışdı.

Rauf Sultanov

Bu doğrudurmu ki, Rafiq Babayevin ansamblındakı musiqiçilərin bir-birindən zəhləsi gedirdi?
Yox, bu fikirlə razı deyiləm. Rafiq Babayevin dahiliyi onda idi ki, o, hamıya nəzarət etməyi, hamını əlaqələndirməyi bacarırdı. O, əsl rəhbər idi. Məsələn, Mayls Devis kimi, Art Bleyki kimi. Bu adam əsl ulduzlardan ibarət bir kollektivi öz əlində saxlayırdı. Bu isə heç də asan məsələ deyildi.

Mənə məlumdur ki, sənin Rafiq Babayevlə çox yaddaqalan bir söhbətin olub və məşum bir təsadüf üzündən, bu sizin sonuncu söhbət imiş…
Doğrudur, bu söhbəti xatırlamaq məndən ötrü çox ağırdır. O vaxt mən Moskvada işləyirdim. Bir dəfə Rafiq mənə oraya telefonla zəng vurub soruşdu: - Rauf, mənə de ki, həmişəlik getməmisən, axı biz hələ birlikdə işləyəcəyik, elə deyilmi?
Rauf Sultanov

Moskvada olduğun illər sənə nə verdi?
Moskvada mənim işim, ilk növbədə, restoranlarda çalmaqdan ibarət idi. Normal yaşamaq üçün, mənzil kirayələmək, mənimlə bərabər oraya getmiş ailəmi saxlamaq üçün pul qazanmalı idim. Qalan vaxtımı da bütünlüklə musiqiyə həsr edirdim, səsyazma studiyalarında lent yazılarında iştirak edirdim. Kozlov, Ostaxov, Barışnikov kimi tanınmış moskvalı müsiqiçilərlə əməkdaşlıq edirdim. Mənə belə gəlir ki, orada yaşadığım dövrü hədər yerə sərf etməmişəm. Bütün bunların xeyri olub. O dövrdə mən bir musiqiçi kimi təcrübə topladım, daha da bərkidim və formalaşdım.

Sənə dəfələrlə təklif ediblər ki, köçüb xaricdə yaşayasan, nə üçün burada qalmısan?
Bu, mənə verilən ən çətin suallardan biridir. Mənim fikrimcə, hər bir insanın öz taleyi var və biz nə qədər çalışsaq da, bu taledən qaça bilmərik. Görünür, mənim inandığım ulu Tanrı belə hökm verib.

Adətən, istedadlı adamlar deyirlər ki, ətrafdakılar onları əslində olduqları kimi qəbul etmirlər?
Mənim fikrimcə, bu, tamamilə normal haldır, çünki yaradıcı adamlar adətən bir qədər başqa ölçüdə yaşayırlar və kənardan baxanda onlar qeyri-ordinar şəxslər kimi təsir bağışlayırlar.

Belə hallar tez-tez olurmu ki, sənin dediyin söz başqalarının xoşuna gəlmir? Ümumiyyətlə, sən özünü konfliktbaz adam hesab edirsənmi?
Mən özüm, ümumiyyətlə desək, konfliktbaz adam deyiləm, lakin bəzən müsahibim məni əsəbiləşdirməyə başlayır. Belə hallarda mən konfliktə şərait yarada bilərəm, lakin bu zaman çalışıram ki, ünsiyyətdə olduğum insanın qəlbinə dəyməyim. Çox vaxt mən, necə deyərlər, öz ideyamı və fikrimi başqasına qəbul etdirmək imkanına malik oluram və ümumiyyətlə desək, bunu qəbul edirlər, lakin bu, bəzən narazılığa səbəb ola bilər. İnsanların əsassız olaraq özləri barədə çox yüksək fikirdə olmalarını heç xoşlamıram. Dostlarıma və qohumlarıma isə onların istədiyi kimi münasibət bəsləməyə çalışıram. Axı insanlar təbiətcə müxtəlif olduqları kimi, xasiyyətcə də müxtəlifdirlər...

Rauf Sultanov və Rafiq Babayev

Eşitdiyimə görə, sən "Sindikat" qrupunun parçalanmasının tərəfdarı olmusan. Bu doğrudurmu?
Bəli, bu doğrudur. "Sindikat" çox möhkəm və hərtəfərli düşünülüb yaradılmış ansambl idi. Bu işdə ansamblın rəhbəri, mənim qardaşım Rain Sultanovun da böyük xidmətləri olmuşdu, elə mənim özümün də... çünki ritm seksiyasına mən cavabdeh idim, ritm seksiyası yaxşı olan kvartet isə həmişə diqqət mərkəzində olur.
Bizimlə işləyən Vaqif Əliyev də çox professional musiqiçi, əla təbilçi idi. Pianoçu Eldar Rzaquluzadə də peşəkarlıqda ondan geri qalmırdı. "Sindikat" barədə, onu yaradandan xeyli əvvəl fikirləşirdik. O, bizdən ötrü bir arzu idi, arzu isə necə gəlirsə, eləcə də, hiss olunmadan gedə bilər. Bu dəfə də belə oldu.

Hansı kollektivdə işləyərkən özünü daha sərbəst hiss etmisən?
Heç birində. Məndən ötrü belə kollektiv hələ olmayıb, amma ümid edirəm ki, haçansa olacaq. Mən işdə həmişə nəyisə xoşlayıram, amma nədənsə xoşum gəlmir.
Bu, ilk növbədə mənim özümlə, özümdən narazı olmağımla bağlıdır. Hçərdən mənə elə gəlir ki, ifa etdiyim əsərlərdən birisi ən yaxşısıdır, lakin zaman keçdikcə görürəm ki, yox, ən yaxşısını hələ ifa etməmişəm.

Sən özünün indiki kollektivinə musiqiçiləri hansı prinsip üzrə seçirdin?
Məndən ötrü ən vacib məsələ - kollektivdəki musiqiçilər arasında daxili münasibətlərdir. Onlar, imkan daxilində, o qədər səmimi olmalıdırlar ki, səhnədə bir-biri ilə savaşmasınlar, lazım olmayan yerdə biri o birisini üstələməyə çalışmasın. Bir dəfə Vaqif Sadıxov onunla işləməyimi təklif etdi. Biz cəmi iki kompozisiya ifa edəndən sonra başa düşdük ki, bir-birimizi anlaya bilməyəcəyik. Buna görə də münasibətlərimizi korlamadan, vaxtında ayrıldıq. Mənim dostlarımın sayı azdır, amma əvəzində, qarşdaşlarımla münasibətlərimiz əladır və buna görə ürəkdən fəxr edirəm. Bizim eyni bir kollektivdə işləməyimiz o qədər asan olmadığına baxmayaraq, bu səmimi münasibətləri qoruyub saxlaya bilmişik. Hər birimiz peşəkar musiqiçiyik və təbii ki, sənətə münasibətdə hər birimizin şəxsi fikrimiz olur. Buna görə də bəzən, necə deyərlər, "iti bucaqları hamarlamaq" çətin olurdu. Lakin biz bir-birmizi o qədər yaxşı düşürdük ki, səhnədə yaranan istənilən mürəkkəb vəziyyətdən çıxmağı bacarırdıq. Hər birimiz digərinin ifasını çox incəliklə hiss edirdik. "Sindikat" qrupunun bənzərsizliyi bundan ibarət idi. Mənim bugünkü kollektivimdə də dostluq anlayışı var və mənə belə gəlir ki, bu, çox böyük əhəmiyyət kəsb edir.

Son vaxtlar sən bas-gitara çalmırsan, bu nə ilə bağlıdır?
Bunun bir neçə səbəbi var. Təkcə onu deyə bilərəm ki, həqiqətən, öz yaradıcılığımın indiki dövründə mən kontrabas çalmağa daha çox üstünlük verirəm.

Bəs qorxmursanmı ki, bas-gitara çalmağı yadırğayarsan?
Xeyr, bu barədə narahat deyiləm, çünki kontrabas və bas-gitara - eyni qrupa aid alətlərdir. Onlarda ifaya münasibət müxtəlif olsa da, hər ikisi musiqi frazalarını dinləciyə eyni tərzdə çatdırır. Bas-gitaranı mən heç vaxt unuda bilmərəm, çünki həyatımın təqribən 15 ilini bu alətə həsr etmişəm və ilk dəfə onun vasitəsilə improvizə etməyə başlamışam. 60-cı illərin axırlarında Bakıda musiqiçi çox idi, lakin improvizə etməyə cəhd göstərənlərin birincisi mən olmuşam. O vaxta qədər bas-gitaranı həmişə müşaiyətedici alət sayırdılar. Əlbəttə, kontrabas və bas-gitara müxtəlif alətlərdir və kontrabas ağır alət olduğu üçün onda çalmaq fiziki cəhətdən daha çətindir, lakin təcrübəli bas-gitaraçı bu alətdə çalmağı asanlıqla mənimsəyə bilər.

Özünə yaxın hesab etdiyin musiqiçi varmı?
Mən dahi musiqiçi Eddi Qomesə oxşamaq istərdim, lakin basist kimi özümü Corc Mrazla müqayisə edərdim. Bu musiqiçi mənə ruhən çox yaxındır və çox vaxt onun ifasını dinləyəndə hiss edirəm ki, bizim hətta düşünməyimiz də bir-birinə oxşayır.

Rauf Sultanov

Sən Azərbaycanda cazın gələcəyi barədə nə düşünürsən?
Mən belə hesab edirəm ki, bizim cazın gələcəyi var. Rafiq Babayevin faciəli ölümündən sonra bir müddət bu sahədə durğunluq yaranmışdı. Musiqiçilərin çoxu özlərini itirmişdilər, çünki Bakıda cazın hərəkətverici qüvvəsi olan, intellektual incəsənətin bir növü və yaşlı nəslin bizə verdiyi bir sərvət kimi cazın nə qədər vacib olmasını anlayan bu insan aramızdan getmişdi. Lakin belə çətin anlarda həmişə ulu Tanrı öz xalqının mədəniyyətinin taleyinə laqeyd olmayan insanlar göndərir. Son dərəcədə yüksək mədəniyyəti ilə seçilən Nuru Əhmədov da məhz belə insandır. Artıq bir neçə ildir ki, onun adı şəhərimizin caz aləmində baş verən ən yaxşı hadisələrlə bağlıdır. Ölkəmizdə bu unikal janrın inkişaf etdirilməsi sahəsində Nuru Əhmədovun gördüyü bütün işlərə görə ona və bu sahədə yorulmaq bilmədən işləyən qardaşım Rain Sultanova minnətdaram. Bir də ulu Tanrıya şükür edirəm ki, o heç vaxt bizi bu cür insanlardan məhrum etmir.

Sənin öz şagirdlərin varmı?
Hazırda mənim şagirdim yoxdur, lakin mənimlə əlaqə saxlamağa can atan gənc musiqiçilər var və mən də onların problemlərinin həllinə kömək etməyə çalışıram, onları doğru yola istiqamətləndirirəm.

Elə bir hadisə olubmu ki, ona görə təəssüflənirsən?
Hələlik heç nəyə təəssüflənmirəm, çünki həyatımı sevdiyim işə həsr etmişəm. Xalq Təsərrüfatı İnstitutunu bitirdiyimə baxmayaraq, musiqiçi olmuşam. Doğrudur, məni başqa fəaliyyət sahəsinə cəlb etməyə çalışanlar çox olub, amma mən musiqiçi oldum və görürəm ki, bu məhz belə olmalı idi.

Sənin fikrincə, öz yaradıcılığının zirvəsi nədən ibarətdir?
Bilmirəm. Sadəcə olaraq, mən öz həyat yolumu keçmək istəyirəm. İstəyirəm ki, bildiklərimi başqalarına da öyrədim, özümün şagirdlərim olsun, mənim başladığım işi onlar davam etdirsinlər. Yəqin ki, bütün bunlara nail ola bilsəm, bu elə mənim yaradıcılığımın zirvəsi olacaq…
Mən onun danışığında nə isə bir ümidsizlik hiss etdim. Axı mən Bakıdan çox mürəkkəb bir vaxtda getmişdim. Mən Bakıdan gedərkən o belə bir söz demişdi: - Sən çətin anda bizi tərk edib gedirsən. Lakin mənim vəziyyətim çox çətin idi və daha burada qala bilməzdim. O dövrdə Bakıda yaradıcılıqla, musiqi ilə məşğul olmaq üçün normal şərait yox idi. Yadımdadır, ansambl tamamilə sintezatorda yazılan kompozisyalar üçün sifarişlər götürürdü. Sonradan buna görə qonorar alırdıq, Rafiq də həmin qonorarı musiqiçilər arasında bərabər bölürdü. O vaxt ansamblda cəmi üç adam qalmışdı - Rafiq Babayev, Səyavuş Kərimi, bir də mən. O biri musiqiçilər hərəsi bir tərəfə dağılışmışdı. Çox çətin dövr idi. Biz vaxtaşırı zəngləşirdik. Rafiq mənim vəziyyətimlə, yaşayışımla, işimlə maraqlanırdı. Lakin onunla axırıncı söhbətimizdən sonra nə isə pis hisslər keçirirdim. Nə üçün belə olduğunu bilmirəm, bunun səbəbini izah edə bilmirəm.

Leyla Əfəndiyeva