NURU ƏHMƏDOV:

"Caz - mənim cavanlıq dövrümün musiqisidir. Cazla bağlı çox xoş xatirələrim var. Hər dəfə caz musiqisini dinləyəndə xəyalən 60-cı illərə qayıdıram. O vaxt Bakı əsl caz şəhəri idi. Ən yaxşı caz konsertləri burada olurdu."

Caz Mərkəzində növbəti gecə keçirilmişdir. İntellektual musiqini xoşlayan adamların bu cür tədbirlərə getməsi onlardan ötrü ənənəvi hala çevrilmişdir.
Özünün həmişəki yerində əyləşib gözlərini bir qədər qıyaraq musiqi dinləyən bir nəfərin hərəkətlərini müşahidə edirəm. İri bir şirkətin rəhbəri olan bu adam bəlkə də məhz həmin dəqiqələrdə gərgin və məsul iş günündən sonra sanki dünyada hər şeyi unutmağa çalışaraq, dincəlir. Mərkəzin əməkdaşları Nuru Əhmədovu yaxşı tanıyırlar. Onlar yaxşı bilirlər ki, caz musiqisinin mədəniyyətdə üstünlük təşkil etdiyi dövrün təməlini qoymuş bu şəxs Azərbaycanda yaşayır və bu sahədə yeni-yeni istedadların yetişməsi naminə çox işlər görür. O, cazın təşəkkül tapması üçün çox səy göstərmişdir və incəsənətin bu növünü ən yüksək səviyyəyə çatdırmaq üçün bu gün də əlindən gələni edir. Şəhərimizin caz aləmində baş vermiş ən mühüm hadisələr Nuru Əhmədovun adı ilə bağlıdır. Məhz onun köməyi ilə bizim musiqiçilər festivallara gedir, beynəlxalq konfranslarda iştirak edir, kompakt disklər yazdırır və buraxırlar. Lakin ən mühüm hadisə Bakıda ilk Caz Mərkəzinin açılması olmuşdur. Nuru Əhmədovun yaxın dostu və ideya məsləkdaşı Fərhad Bədəlbəyli ilə birlikdə çoxdan arzuladıqları belə bir mərkəzin yaradılması heç də asan məsələ deyildi, lakin təbiətən güclü iradəyə malik olan Nuru Əhmədov qarşısına qoyduğu məqsədə nail olmağa adət etmişdir və elə buna görə də o, musiqiçilərin və caz musiqisi həvəskarlarının bəlkə də ağıllarına belə gətirə bilmədikləri bir işi görməyə müvəffəq oldu. İndi Bakı Caz Mərkəzi musiqisevərlərin hər gün toplaşdığı sevimli görüş yerinə çevrilmişdir. Musiqiçilər burada məşq etmək və konsertlər vermək, albomlar yazdırmaq və sadəcə olaraq bir-biri ilə ünsiyyət saxlamaq imkanı əldə etmişlər.
Bütün bunlarla yanaşı, Nuru Əhmədov həm də gözəl ailə başçısıdır. Ömür-gün yoldaşına - zərif cinsə xas olan gözəl keyfiyyətləri ilə ərinin həyatını bəzəyən bu ağıllı və savadlı qadına münasibətdə çox həssasdır, övladları ilə haqlı olaraq fəxr edir.
Nuru Əhmədov qeyri-adi dərəcədə maraqlı həmsöhbətdir. Onunla söhbət edəndə bu insanın intellektual səivyyəsinə və ziyalılıq dərəcəsinə valeh oluram. O, özünəməxsus təvazökarlıqla caz aləmində baş verən hadisələrdə özünün fəal iştirakı barədə suallardan yan keçir, musiqiçilərə göstərdiyi qayğı və köməkdən söhbət açmamağı üstün tutur. Nəcabətli bir insan kimi, özünün bu cür xidmətlərini musiqiçilərin istedadı ilə bağlayır, lakin bu da məlumdur ki, maddi yardım və mənəvi dəstək olmadığı şəraitdə işləmək və yaradıcılıqla məşğul olmaq çox çətindir.

Nuru Əhmədov

Nuru müəllim, Sizi caz musiqisi ilə bağlayan nədir, sizdə caza bu qədər məhəbbət hissi haradan əmələ gəlib?
Caz - mənim cavanlıq dövrümün musiqisidir. Cazla bağlı çox xoş xatirələrim var. Hər dəfə caz musiqisini dinləyəndə xəyalən 60-cı illərə qayıdıram. O vaxt Bakı əsl caz şəhəri idi. Ən yaxşı caz konsertləri burada olurdu. Qəribə dövr idi: bir tərəfdən, "kapitalistlərin musiqisi"ni ifa etmək qadağan olunurdu, digər tərəfdən - dünya şöhrətli kollektivləri buraya dəvət edirdilər. Yadımdadır, cazın korifeyi, dahi musiqiçi Maks Qreyqerin Bakıya gəlməsi bizdən ötrü çox mühüm hadisə idi. Məşhur musiqiçilərin çoxu Bakıda çıxış edir, caz musiqisi cavanları özünə cəlb edirdi. Yaxşı vaxtlar idi. Gənclik dövrümdəki dostlarımı, o vaxtkı ovqatımızı xatırlayıram. Bakıda istedadlı musiqiçilər çox idi, onları tez-tez Ümumittifaq səviyyəli ansambllara dəvət edirdilər. Məsələn, Eddi Roznerin orkestrində bakılı musiqiçilər çox idi. Lakin bütün bunlarla yanaşı, caz janrının qadağan edilməsi ona marağı daha da artırırdı. Ümumiyyətlə, qadağan edilən şey həmişə cəlbedici olur. Bizim musiqiçilər Ümumittifaq festivallarında dinləyicilər tərəfindən həmişə maraqla qarşılanmışdır. Tallində, Riqada, Minskdə keçirilən festivallarda Bakının təmsil edən qrupun çıxışı elan olunanda zalda canlanma yaranırdı, çünki bu qrupun çıxışları həmişə nə isə yeni və maraqlı məqamları ilə seçilərək, hamını heyrətləndirirdi.
Cox təəssüf ki, 80-ci illərin axırlarında baş verən məlum hadisələr nəticəsində bizdə cazın inkişafında ciddi geriləmə oldu. Azərbaycan cazının formalaşmasında çox böyük rol oynamış Vaqif Mustafazadənin vəfatı, sonra Rafiq Babayevin faciəli ölümü, Əzizə Mustafazadənin, elə həmin Rain Sultanovun və digər musiqiçilərin Bakıdan köçüb getməsi Azərbaycan cazında müəyyən boşluq yaranmasına səbəb olmuşdu. Bir tərəfdən də musiqiçilər caz ifaçılığı hesabına pul qazanmaq, öz ailələrini saxlamaq imkanından məhrum idilər. İfaçıların çoxu toylarda pul qazanmağa başlamışdı. O vaxt təkcə Cavan Zeynallı qalmışdı. Məhz Cavan Zeynallı öz çıxışları sayəsində Azərbaycan cazının az qala sönməkdə olan ocağının odunu qoruyub saxlayırdı, çoxları məhz onu dinləmək üçün "White club" və başqa restoranlara gedirdilər. Yalnız 90-cı illərin axırlarında müəyyən canlanma başlandı. Salman Qənbərovun "Bakustik caz", Rain Sultanovun "Sindikat" qrupları yarandı, başqa sözlə desək müəyyən hərəkət hiss edilməyə başladı. İndi bizdə 5-6 möhkəm kollektiv var. Onlardan hər biri respublikamızı dünya səhnəsində ləyaqətlə təmsil etməyə qabildir.

Razılaşın ki, bu prosesdə Sizin də müəyyən rolunuz olub…
Çox güman ki, bu təsadüfdür, çünki artıq istedadlı gənc musiqiçilər yetişirdi, amma onların öz imkanlarını ifadə etməsi üçün münasib bir yer yox idi. Təkcə Caz klubu vardı, orada da cavanların çıxış etmələrinə imkan verilmirdi, elə hesab edirdilər ki, bu gənclər hələ bu işə hazır deyildirlər.
Nuru Əhmədov

Əlbəttə, Caz Mərkəzinin yaradılması bu cür cavanları bir yerə cəmləşdirdi, onları birləşdirdi, hər birinin səhnəyə çıxmasına, məşq etməsinə, daha peşəkar musiqiçilərin təcrübəsini öyrənmələrinə kömək etdi. Hər şey Fərhad Bədəlbəylinin dəstəyi sayəsində reallaşdı. Əlbəttə, onun köməyi olmasaydı, belə bir Mərkəz yaratmaq mümkün olmazdı. Bundan əlavə, bir sıra firmalar və adi caz həvəskarları da bizə kömək etmişdi. Bakı Musiqi Akademiyasında caz fakültəsi açılmışdır, Mərkəzdə səsyazma studiyası fəaliyyət göstərir, gündəlik musiqi proqramı tənzimlənmişdir, xarici ölkələrdən musiqi kollektivləri dəvət edilir, konsertlər təşkil olunur. Mərkəzin nəzdində Azərbaycanda ilk caz jurnalı buraxılır. Bu, caz həvəskarları üçün qiymətli töhfədir. "Azərbaycanda caz antologiyası" adlı kitabın kompakt disklərlə birlikdə buraxılması da mühüm hadisə sayılmalıdır. Heç də hər bir ölkənin öz caz antologiyası yoxdur. Məndə olan məlumata görə, bu kitab Hollandiyada caz biliciləri tərəfindən çox rəğbətlə qarşılanmışdır. Hətta cazın sürətlə tərəqqi etdiyi Almaniyada da buna oxşar kitab hələ yoxdur. Biz İnternet şəbəkəsində ayrıca sayt yaratmışıq. Bu saytın materialları Azərbaycanın caz aləmində baş verən bütün hadisələri əhatə edir. Həmin saytdan bu kitab haqqında, "Jazz dünyası" jurnalı, caz musiqiçləri haqqında, Caz Mərkəzinin fəaliyyəti barədə məlumat almaq olar. Bundan əlavə, biz şəhərimizin hər bir caz musiqiçisi üçün şəxsi saytlar, eləcə də "Jazz dünyası" jurnalını tam işıqlandıran ayrıca sayt yaratmağa hazırlaşırıq.
Lakin əvvəlcə düşündüklərimizi hələ axıra çatdıra bilməmişik. Məsələn, Mərkəzdə ustad dərsləri ("master-klass") keçilməlidir və bu dərslərin hökmən xarici musiqiçilər tərəfindən keçilməsi heç də vacib deyildir. İstərdik ki, bizim peşəkar musiqiçilər də bu işə maraq göstərsinlər və təcrübəsiz gənclərə dərs keçsinlər.

Bəs caz festivalı barədə nə deyə bilərsiniz, yaxın vaxtlarda belə bir festival keçiriləcəkmi?
Bəli, növbəti caz festivalı 2005-ci ilin aprel ayında keçiriləcək və Caz Mərkəzinin qüvvələri hesabına təşkil ediləcəkdir. Bu, çox məsul və ciddi tədbirdir. İndiyə qədər Bakıda keçirilmiş festivalların hamısını xarici ölkələrin nümayəndələri təşkil edirdilər. Mən bir sıra festivalların iştirakçısı kimi deyə bilərəm ki, Bakıda keçirilmiş festivallar daha çox caz konsertlərinə oxşayırdı. Onlar çox aşağı səviyyədə təşkil edilmişdi və gələcəkdə belə hallara yol verməyin mənası yoxdur. Azərbaycanda biznesmenlər və iri şirkətlərin nümayəndələri arasında caz musiqisi həvəskarları çoxdur. Buna görə də biz bu cür festivalları layiqli səviyyədə keçirə bilərik. Əlbəttə, festivalın təşkil edilməsi asan məsələ deyil, lakin bəlkə də burada heç bir problem yoxdur.

Əvvəlki festivallarda bizim musiqiçiləri sıxışdırırdılar və sirr deyildir ki, əgər Siz bu məsələyə müdaxilə etməsəydiniz, dinləyicilər yerli musiqiçilərin ifalarını bəlkə də eşitməyəcəkdilər…
Elədir, qəzetlərdə oxudum ki, "Caspian Jazz and Blues" festivalının təşkilatçıları, ola bilsin ki, bizim musiqiçilərdən birini və ya ikisini həmin tədbirə buraxacaqlar. Sözün düzü, bu xəbərə görə mən özümü çox təhqir olunmuş hesab etdim. Belə çıxırdı ki, Azərbaycanda, Azərbaycan festivalında kimin çıxış etməsi və kimin çıxış etməməsi məsələsini kənardan gələn təşkilatçılar, konkret halda "American Voices"in nümayəndələri həll edirlər. Bu, məni hiddətləndirdi. Öz musiqiçilərimizin gücünə və istedadına bələd olduğum üçün mən vəziyyətdə dönüş yaratmağa çalışdım və festivalın əsas sponsorlarından biri kimi, bu cür gənclərin festivalda çıxış etmələri barədə məsələ qaldırdım. Yalnız bundan sonra həmin festivalda bizim cazmenlər üçün bir gün ayrıldı, hərçənd, əslində bu da az idi. Kollektivlərin hər biri 15 dəqiqə çıxış edirdi, halbuki festivaldakı çıxışların minimal müddəti 40 dəqiqə olmalı idi. Mənim fikrimcə, bizim musiqiçilər çox yüksək qiymətə layiqdirlər, onlar daim öz üzərlərində işləyir, təkmilləşirlər... Təkcə Rauf Babayevin çıxışı nəyə desəniz dəyər. Neçə illərdir ki, bu səntəçi uşaqlarla məşğul olur, onlardan əsl peşəkar musiqiçilər yetişdirir. Onun çox güclü vokal məktəbi var və bu cür insanlar özlərinin əməksevərliyi sayəsində əldə etdikləri nəticələri göstərmək imkanına malik olmalıdırlar.

Nuru Əhmədov

Bakıda Əzizə Mustafazadə ilə əlaqə saxlayan adamların sayı çox deyil və onlardan biri də Sizsiniz. Sizin fkirinizcə Əzizənin Bakıya gəlib burada konsert verməsi mümkündürmü?
O, hökmən gələcək, çünki Vətənini çox sevir. Əzizənin uzun müddət Bakıya gəlməməsinin səbəbi - işinin hədsiz çox olması ilə, bir də onu qabaqcadan planlaşdırılmış qrafik üzrə yaşamağa məcbur edən kontraktlarla bağlıdır. Əzizə hədsiz dərəcədə istedadlı insandır. Onu bütün dünyada tanıyırlar, Almaniyada, Amerikada, Türkiyədə, bir sıra başqa ölkələrdə gözəl konsertlər verir. Ola bilsin ki, onu buraya lazımi səviyyədə dəvət etməyiblər və məncə, Əzizənin buraya gəlməkdən imtina etdiyini düşünməyə əsas yoxdur. Mən onunla telefon vasitəsilə əlaqə saxlayıram, bir-birimizə məktub yazırıq və güman edirəm ki, bakılı caz həvəskarları lap yaxın gələcəkdə Əzizə Mustafazadənin konsertinə getmək kimi gözəl bir imkan əldə edəcəklər.