YAN QARBAREK

Yan Qarbarek 1947-ci il martın 4-də Misində (Norveç) anadan olmuşdur. Onun valideynləri oraya vaxtilə Polşadan köçüb gəlmişdilər. Qarbarek öz müsahibələrinin birində demişdir: "Atam mənə polyak dili öyrədə bilmədi. Düzdür, klassik kollec təhsili alandan sonra (orada yunan, latın və başqa dilləri öyrənirdim) Oslo Universitetinə "Polyak dili" ixtisası üzrə daxil olmuşdum, lakin … cəmi üç həftə oxuyandan sonra öz musiqiçilərimlə birlikdə (o vaxt mən artıq cazmen idim) kiçik bir turneyə yola düşdüm və bir də Universitetə qayıtmadım. Budur, indi sizin yanınızda əyləşmişəm".
Qarbarek nəinki Avropada, həmçinin ABŞ-da da tanınmış ilk norveçli caz musiqiçisidir. Onun adı Amerikanın ən məşhur sənətçilərinin çoxundan daha tez-tez çəkilir. Avropada özünəməxsus caz musiqisinin yaranması ilk növbədə onun adı ilə bağlıdır. Yan Qarbarek avropa cazının liderlərindən biri, ötən əsrin 70-80-ci illərində isə çox güman ki, yeganə lideri olmuşdur. Onun saksofonunun saf, müstəqil, ciddi səsi asanlıqla seçilir. Qarbarek Norveç xalq folkloru ilə çox sıx bağlı olsa da, hər hansı eksperimentlər üçün açıqdır - onun Afrika və Asiya musiqi mədəniyyətlərinə ekskursları çox məşhurdur.
Mənim musiqimin qaynaqları? - Şimal və təbiət, mahnı və mistika.
Yan uşaq yaşlarında musiqi ilə heç maraqlanmırdı. Bütün balaca oğlanlar kimi, o da dostları ilə futbol oymanağı, xizək sürməyi xoşlayırdı.

Yan Qarbarek

Amma yaxşı deyiblər ki, bəzən bir gün insanın bütün həyatını dəyişir. Məhz belə günlərin birində Yan dərsdən evə qayıdandan sonra radioda bir musiqi eşitdi. Qarbarek həmin günü belə xatırlayır: "Bunun nə olduğunu bilmirdim, lakin eşitdiyim musiqi məni vəcdə gətirdi. Bu, Norveç radiosunun o vaxtlar həftədə bir dəfə efirə çıxan "caz saatı" verilişində axırıncı pyes idi. Mən dərhal mağazaya gedib bir neçə caz plastinkası aldım, amma onlar məni çox məyus etdilər, çünki bu plastinkalar mənim radioda eşitdyim kimi səslənmirdi. Məhz nə dinlədiyimi öyrənmək üçün əməlli-başlı tədqiqat aparmalı oldum. Məlum oldu ki, dinlədiym ifaçı Con Koltreyn imiş. Mən həmin albomu aldım. Bu plastinka "Giant Steps", məni sarsıtmış pyes isə "Countdown" adlanırdı". O vaxt Qarbarekin 14 yaşı vardı. Musiqiçi özü həmin anı sanki qəflət yuxusundan oyanma anı kimi qiymətləndirir: "Koltreynin tenor-saksofonu məni musiqi aləminə ciddi cəlb edən ilk səs oldu. İndi mənim də əsas alətim tenor-saksofondur, hərçənd bəzi konsertlərdə mən yalnız kiçik sopranoda çalıram. Ümumiyyətlə, çalğı aləti ilə ifaçının münasibətləri çox intim məsələdir. Bilirsinizmi, bu hisslər məhəbbətlə nifrət həddində olur. Əgər çalğı alətində hər işiniz uğurlu gedirsə, hər bir əsəri asanlıqla çala bilirsinizsə, həyat güllü bağçanı xatırladır. Əks halda isə çox çətin və ağır olur". Qarbarek dərhal tenor-saksofon çalmağı öyrənməyə başladı. Hələ alətin özünü almamış barmaqların yerlərini və əsas ifa prinsiplərini əzbərləmişdi. Saksofonu əlinə alanda o, elə ilk dəqiqədən çalmağa hazır idi: "Nəhayət, mən bu aləti alanda onu çalmağa tam hazır idim. Mən çox çalışqan oğlan olmuşam".
Mən bu anı çox gözləmişdim...
Koltreynin təsiri həlledici oldu. Gənc saksofonçu öyrəndi ki, Koltreyn Ravi Şankarın yaradıcılığı ilə maraqlanırmış. Artıq 1963-cü ildə onun əvvəlki maraq dairəsinə Hindistan musiqisinə maraq da əlavə olundu. O özü bu musiqini dinləməyə başladı və yeni bir musiqi dünyası onun üzünə açıldı. Bu elə bir aləm idi ki, onun mövcud olması əvvəllər Qarbarekin heç ağlına da gəlməzdi. Qarbarek ustadının təbliğ etdiyi çalğı alətlərinin qarşılıqlı təsir prinsiplərini, onun harmonik proqressiyalarını öyrənirdi.

Yan Qarbarek

1965-ci ildə on səkkiz yaşlı Qarbarek amerikalı pianoçu və bəstəkar Corc Rassellin təşkil etdiyi cemseşndə iştirak etdi. Rassell ona daimi əməkdaşlıq təklif etdi. Gənc Qarbarek bir sıra başqa məsələlərlə yanaşı Rassellin təklif etdiyi xromatik hind konsepsiyasını da öyrəndi.
O mənə çox şey öyrətdi. Mən musiqi barədə heç nə bilmirdim, amma bununla belə, o mənə inanırdı...
Artıq 1969-cu ildə Qarbarekin öz qrupu vardı. Bu qrupa məşhur "Böyük Norveç dördlüyü" - Qarbarek özü, Terye Ripdal, Yun Kristensen və Arild Andersen daxil idi. Bir ildən sonra Manfred Ayxer bu qrupu "ECM Records" markası ilə lent yazdırmağa dəvət etdi. ECM-in ikinci relizi "Afric Pepperbird" albomu buraxıldı. Bu albom həm Qarbarekin özü üçün, həm də onun qrupdakı partnyorlarının hamısı üçün təkan oldu. 23 yaşlı saksofonçu artıq öz stilini yaratmışdı və buna görə də Koltreynin mirasından uzaqlaşmağa qorxmurdu. Onun qrupu həmin dövr üçün qeyri-adi sayılan, klassik cazla müqaiyisədə musiqinin səslənməsini nəzərəçarpacaq dərəcədə dəyişdirən elektron prosessorlardan istifadə edirdi.

Yan Qarbarek

Bu, çox təbii musiqi idi. O vaxt bütün bunlar sadəcə arzular idi
1972-ci ildə Qarbarekin "Trypticon" adlı solo albomu buraxıldı. Musiqiçi özü bu hadisəni dönüş nöqtəsi adlandırırdı. Bu trio, məsələn, 60-cı illərin ortalarında Albert Eylerlə çıxış edə bilən standart qrupdan cüzi fərqlənirdi. Lakin əsas məsələ başqa idi: Qarbarek materialların ifasına özünün improvizəli yanaşmasını qoruyub saxlamaqla yanaşı, birinci olaraq norveç xalq musiqisini işləməyə başladı. Get-gedə daha məşhur adamlar Qarbareklə tərəf-müqabil olurdular. Qarbarek Kit Carretlə işləməyə başladı. "My Song" adlı gözəl albom çox məşhurlaşmışdı. Bu albom buraxılandan az sonra Nyu-Yorkdakı Karneqi-Hollda Kit Carret, Qarbarek, Çarli Heyden və simfonik orkestrin ifasında yazılmış "Arbour Zena" proqramının canlı premyerası oldu. Adlı-sanlı musiqiçilərin Qarbareki dəvət etdikləri vaxt çox tez ötüb keçdi. İndi Qarbarek özü güclü musiqiçiləri dəvət edirdi. Bill Frizell, Devid Torn, Manul Kaçe, Rayner Brüninqhaus kimi tanınmış sənətkarlar onun qrupunda çıxış edirdilər.
Ətrafımda güclü musiqiçilər, müxtəlif temperamentli, lakin oxşar istiqamətli musiqiçilər olması mənim xoşuma gəlir. Mən qrup yaradanda özümə uyğun üç nəfər tapmağa çalışmıram. Biz həmişə çox müxtəlif oluruq.
Qarbarek artıq məşhurlaşmışdı, lakin o, musiqidə öz yerini axtarmaqda davam edirdi.
Onun Bobo Stensonla birlikdə təşkil etdiyi qrup qısa müddətdə Avropada ən populyar konsertlər verən kollektivə çevrilmişdi, lakin bu
Yan Qarbarek

qrup saksofonçunun istədiyindən daha çox, klassik caz ifa edirdi. Qarbarek həmin qrupu tərk etdi və öz vətəninin musiqi irsini öyrənməyə diqqətini artırdı. O, bir-birinə əsla oxşamayan Norveç və Hindistan kimi ölkələrin mədəniyyətlərinin qovuşağında uğurla işləyirdi. Öz ölkəsinin musiqi folkloru ilə improvizəli caz dilini birləşdirməyə başlayanların birincilərindən biri də Qarbarek oldu. Norveçin həqiqi, "köklü" folklorunu araşdırmağa başlayanda təəccüblə aşkar etdi ki, Norveçdən çox-çox uzaqlarda yerləşən Kiçik Asiya və hətta Hindistan kimi regionların qədim və müasir musiqisi ilə genetik əlaqələri olan çox qədim mahnı texnikasını və bir neçə min il əvvəl yaranmış melodiyaları müasir Oslodan sözün hərfi mənasında cəmi bir neçə kilometr aralıda eşitmək olar. Sonrakı dövrdə o, Ralf Taunerlə işləməyə başladı. Bu dövr minimalist əməkdaşlıq dövrü hesab edilirdi. Yan Qarbarek özünün hərtərəfli düşünülmüş və götür-qoy edilmiş solo ifası ilə dinləyiciləri heyran edirdi. Bəzən bu ifada yalnız saksofon və yeganə bir not eşidilirdi.
Yunan bəstəkarı Yeleni Karaindru Qarbarekin musiqisində "tipik balkan səslənməsi" olduğunu aşkar etmişdi. Skripkaçı Şankar Qarbarekin hind musiqisinin modallığına avropalılar üçün qeyri-adi bir asanlıqla uyğunlaşmasına mat qalırdı. Çex Miroslav Vitouş Qarbarekin uzaq polyak mənşəyini xatırlayaraq, birgə albom üçün məxsusi slavyan melodiyaları yazırdı.
Deyə bilərəm ki, mən təsadüf üzündən bütün dünyaya səpələnmiş insanların hamısı ilə mənəvi vəhdətdə yaşayıram.

Yan Qarbarek

Çoxları elə hesab edir ki, Qarbarekin ən uğurlu folk-albomu onun Aqness Byuyen Qarnoos ilə müştərək yazdığı "Rosensfole" albomudur. Qarbarek deyir: "Xalq musiqisinin və deməli, bütün musiqinin bütün istiqamətlərində ortaq elementlər var, çünki bütün musiqi mədəniyyətlərinin kökü - xalq musiqisidir".
Onun musiqisinin naxışı - çox vaxt şərq, türk, ərəb cizgilərinə malik olur. Balkan və Kiçik Asiya mədəniyyətləri vasitəsilə Norveç və Hind musiqisi arasında yaranmış bu əlaqə məni həqiqətən heyran edir. Mən öz evimin həyətində ən ekzotik musiqi eşidə bilərəm.
Qarbarek cazdan öz məxsusi musiqisinə nə üçün belə asanlıqla və belə təbii şəkildə dönməsini sadə və anlaşıqlı şəkildə izah edir. Onun dediyinə görə, bütün musiqi, o cümlədən Lui Armstronqdan başlamış Albert Eylerə qədər ən erkən caz musiqisi də, insanın qəlbindən qopub gəlir. O deyir: "Mən Şimali Amerika folklor mədəniyyətinin nümayəndələri ilə işləmişəm (Şimali Amerikanın yerli əhalisini nəzərdə tuturam), Cənubi Amerika, Afrika, Avstraliya folklorunun, Avropa ölkələrinin əksəriyyətinin follklorunun təmsilçiləri idə əməkdaşlıq etmişəm…".
Qarbarek dünyanın bu və digər qitəsindən gəlmiş yüksək dərəcədə fərdiyyətçi musiqiçilərin çoxu ilə birgə ifaçılıq fəaliyyəti göstərmişdir. O, etnik mədəniyyətlərlə maraqlandığı üçün gürcü, eston, yunan, hindu, pakistan, hind musiqiçiləri ilə birgə yazdırdığı əsərləri öz albomlarına daxil edir.
Müasir cazda abstraksiyalar hədsiz çoxdur. Musiqinin mənşəyi hissi itirilmişdir. Dünya folklorunu dinləmək məndən ötrü çox vacibdir, lakin norveç folkloru xüsusilə əhəmiyyətlidir. Əlbəttə, folklorda müəyyən ümumilik var. Mən bunun mənşəyini Missisipi rayonunda deyil, Norveç düzənliklərində axtarıram. Mənim tapdıqlarım xalis Norveç folkloru nümunələridir, hərçənd , bir daha qeyd edirəm, bu musiqinin əsası ilə Missisipidə yaranmış musiqinin əsası eynidir.
Musiqiçi öz mənşəyini öyrənməklə kifayətlənmirdi. O, ECM-dən başqa çoxsaylı digər layihələr də işləyib hazırlamış, ən müxtəlif fantaziyalara sərbəstlik vermişdir. Kinofilmlərə, televiziya və radio verilişlərinə, teatr tamaşalarına musiqi yazan Qarbarek çox vaxt bu layihələri tam sərbəst şəkildə yerinə yetirir, sintezatorlardan gen-bol istifadə edirdi. Onun işləri ən müxtəlif planda işləmiş klassik bəstəkarların - Bethovenin, Şopenin, Sibeliusun, Qrigin, Lyutoslavskinin, Takemitsanın əsərlərinə bələd olmasını göstərir. Qarbarek musiqini stillər üzrə bölmədən, necə varsa elə hiss etməkdə hamıdan üstündür. Əslində caz ondan ötrü əsas və ya başlıca məsələyə çevrilməmişdir. Sadəcə olaraq, caz onu improvizə etməyə öyrəşdirmişdir.
Mən Koltreynin "Countdown" əsərindən başladım. Burada notların sayı hədsiz çox idi. Mən onun üzünü köçürməyi bacardım, lakin sonra mən öz musiqimi "alaq otundan təmizləməli" oldum. Məni başa düşürsünüzmü? Bunu ona gbrə etmişdim ki, bütün bunların həqiqətən dəyərli cəhətinin nədən ibarət olduğunu anlayım. Nəticədə mən, demək olar ki, boş yerdə qaldım, amma ən azı nə isə özümünkü olanı yaratmağa başlaya bildim.
Qarbarek həmişə "nə isə özününkü olanı" yaratmağa bacarır və həmişə uğur qazanır. Onun həqiqətən qeyri-adi layihələrinin axırıncısı "Officium" adlanır. Bu layihədə onun saksofonu orta əsrlər dövrünə xas olan dini mərasim musiqisi ifa edən "The Hilliard Ensemble" vokal kvartetində beşinci səsdir.
"Hələ cazda və orta əsrlər dövrünün musiqisində ilişib qalmamış adamlar asanlıqla görəcəklər ki, bu iki stil birləşəndə tamamilə yeni bir üslub yaranır. Mən öz işlərimin çoxunu başqa musiqi mədəniyyətlərindən gəlmiş ifaçılarla birlikdə görmüşəm. Burada da eyni vəziyyətdir, lakin müxtəlif dövrlər təmsil olunur. Bu, mənim iştirak etdiyim ən mükəmməl lent yazılarından biridir".
ECM-in ən məşhur layihələrindən biri olan bu layihə "caz", "klassika", "müstəqil musiqi", hətta "pop musiqisi" kateqoriyalarında dəfələrlə "İlin albomu" siyahılarına düşmüşdür. Bu proqramın katolik kilsələrində ifa edilməsi üçün müəlliflərin dəfələrlə rəsmi dəvət alması faktı da çox şeydən xəbər verir. Sözügedən albom təsnifata uyğun gəlməyən ən nadir incəsənət əsərlərindən birinə çevrilmişdir.

Yan Qarbarek

Sonradan "Officium" layihəsi davam etdirlmişdir. Qarbarek özü isə əldə etdiyi uğurlarla kifayətlənməyib yaradıcılığını davam etdirir.
Əhvalımın ən yaxşı anlarında fikirləşirəm ki, biz əvvəllər heç kəsin eşitmədiyi işlər görmüşük: bizdən əvvəl bunlar, sadəcə olaraq, yox idi; bunları məhz biz yaratmışıq…