DAYANA KROLL

Neçə-neçə insanın qəlbindəki ən incə tellərə toxunaraq onları həyəcanlandırmaq, yəqin ki, qadınlara daha çox xas olan cəhətdir. Dayana Kroll məhz bu cür daxili qüvvəyə və energetikaya malikdir. Bundan əlavə, Qərbdə çıxan jurnallardan birinin yazdığı kimi, Dayana Krollun zahiri görkəmi də həqiqi mənada "produserin arzusu" deyilən görkəm sayılmağa layiqdir. Miss Krollun istedadının pərəstişkarları isə onu "cazın şahzadəsi" adlandırırlar. Öz kompozisiyalarında hər bir dinləyiciyə şəxsən müraciət edən sənətçi onları da özünün başladığı oyuna qoşulmağa məcbur edir. Onun oxumasını dinləyənlər nəfəslərini dərmədən bu səmimi və hərarətli səsin sehrinə düşürlər. Dayana həm də fortepiano çalır. Onun fortepianoda ifa etdiyi musiqi hətta caz ritmlərinin "ərköyünləşdirmədiyi" dinləyiciləri də valeh edir. Əsl qadın kimi səliqəli və qənaətli ifaçı olan Dayana deyir: "Musiqidə əsas məsələ - dinləyicilərə emosional təsirdir..."
Dayana Kroll 1964-cü il noyabrın 16-da Kanadanın qərbində, Vankuver yaxınlığındakı Nanaymo şəhərində anadan olmuşdur. O, həyatının lap ilk dəqiqələrindən musiqi ilə əhatə olunmuşdu - valideynlərinin hər ikisi fortepianoda çalırdılar, nənəsi isə müğənni idi. Bu evdə həmişə Net "Kinq" Koulun, Fets Uollerin, Bill Evansın, Frenk Sinatranın lent yazıları, retro stilində musiqi və opera musiqisi səslənirdi. Təəccüblü deyil ki, Dayana hələ dörd yaşında ikən pianino çalmağa başlamışdı.
Tezliklə o, Fets Uollerin bütün lent yazılarını əzbər öyrəndi, özü-özünü müşayiət etməklə zümzümə etməyə başladı. Dayana musiqi məktəbində klassik fortepiano sinfində oxuyarkən həm də məktəbin caz ansambllarında çalırdı. Gənclik illərində Stinqin, R&B stilində ifaçıların, virtuoz pianoçu Əhməd Camalın yaradıcılığı ilə maraqlanan Dayananin debütü 15 yaşında baş tutdu. Onun musiqi karyerası istirahət günlərində yerli barlardakı çıxışlarından başladı. Burada o, caz kompozisiyaları ifa edirdi. 1981-ci ildə Vankuverdə keçirilən caz festivalıfnda qalib gəlmiş Dayana Berklidəki musiqi kollecinin adlı təqaüdünə layiq görüldü.

Dayana Kroll

Berklidə təhsilini başa vurandan sonra Kanadaya, doğma şəhərinə qayıdan Dayana burada həm klublarda çıxış edir, həm də musiqi ilə peşəkar səviyyədə məşğul olurdu. Krollun burada tanış olduğu məşhur caz musiqiçiləri Rey Braun və Ceff Hamilton onu Los-Ancelesə köçüb getməyə razı salırlar. Dayana Kroll Los-Ancelesdə vokal ustalığını artırmaq üçün Cimmi Roulsun rəhbərliyi ilə fəal çalışmağa başlayır. Doğrudur, Kroll öz çıxışlarının lap əvvəlindən başlayaraq tez-tez oxuyurdu, lakin əvvəllər o heç vaxt bunu ciddi özünüifadə forması hesab etmir, özünü ilk növbədə pianoçu kimi təsəvvür edirdi. Dayana Krollun şou-proqramlarda vokaldan tamdəyərli istifadə etməsi sayəsində onun populyarlığı xeyli artdı, bir müğənni kimi onun xidmətlərinə tələbat qat-qat çoxaldı. Üç il Los-Ancelesdə qalandan sonra Kanadaya qayıdan sənətçi 1984-1990-cı illərdə Torontoda məskunlaşır, lap əvvəldən işlədiyi svinq və bop stillərinə sadiq qalmaqla peşəkar musiqiçi, pianoçu və vokalçı kimi çalışır. 1993-cü ildə Dayananın "Stepping Out" adlı ilk albomu işiq üzü gördü. Bu,Krollun diskoqrafiyasının başlanğıcı idi. 1990-cı ildə Dayana yenidən

Dayana Kroll

köçüb Amerikaya gedir və 1994-cü ildə orada "Only Trust Your Heart" adlı daha bir albomu çıxır. İki ildən sonra buraxdığı "All for You" adlı növbəti albomunu gənclik illərində çox xoşladığı Net Koulun xatirəsinə həsr etmişdi. Dayana Kroll bu albomuna görə ilk dəfə "Qremmi" mükafatına namizəd kimi təqdim edilmişdi. Dayana özü deyir ki, Net "Kinq" Koul ondan ötrü həmişə qüsursuz ifa nümunəsi olmuşdur. Dayana da Koul kimi - üzünü qismən fortepianoya, qismən də tamaşaçılara tərəf tutmaqla, lakin bu halda ifa texnikasını əsla bəsitləşdirmədən çalmağı öyrənmək istəyirdi.
Krollun növbəti studiya işi olan "Love Scenes" adlı albom onu gözəl və orijinal balladaların müəllifi kimi tanıtdı. Dayananın 1999-cu ildə hazırladığı "When I look into Your Eyes" adlı albom isə onun yaradıcı potensialına ən yaxşı sübüt oldu. Bu albomda klassik caz aranjirovkaları ilə yanaşı blüz, samba və bossa nova elementləri də öz əksini tapmışdır. Caz musiqisinin pərəstişkarları tərəfindən yüksək qiymətləndirilən bu disk bir ildən artıq müddətdə "Billboard" jurnalının caz hit-paradına başçılıq etmişdir. 2000-ci ildə sənətçi bu albomuna görə "Best Jazz Vocal Performance" nominasiyasında "Qremmi" mükafatına layiq görüldü. Bundan əlavə, həmin albom son 25 ildə "İlin Albomu" mükafatına namizəd kimi irəli sürülmüş ilk caz işi idi. Kroll bu nüfuzlu
Dayana Kroll

mükafata layiq görüləndə adlı-sanlı caz ifaçıları ilə yanaşı, Dayananın alovlu pərəstişkarlarından biri olan ABŞ-ın o vaxtkı prezidenti Bill Klinton ona şəxsən məktub yazıb təbrik etmişdi. "When I look into Your Eyes" adlı albom işıq üzü görəndən sonra müğənni hamının diqqət mərkəzində oldu. Onun fotoşəkilləri Amerikanın "Vanity Fair", "New York Times" kimi aparıcı nəşrlərinin və "Jazziz" musiqi jurnalının cildlərini bəzəyirdi.
Dayananın növbəti relizi - müğənninin 2002-ci ildə verdiyi konsertin yazıldığı "Live en Paris" adlı kompakt disk də böyük maraqla qarşılandı. "Qremmi-03" mərasiminin təşkilatçıları Dayananı məhz "Live en Paris" diskinə görə "Ən yaxşı caz vokal albomu" nominasiyasında qalib elan etdilər. Sənətçinin repertuarını hərtərəfli təmsil edən bu albomda Dayana müasir cazla yanaşı XX əsrin 20-30-cu və 60-80-ci illərində dəbdə olan kompozisiyaları da ifa edir. Amerikalı jurnalistlərin "yeni Ella Fitscerald" adlandırdıqları Dayana Kroll son illərdə təkcə caz çərçivəsində məhdudlaşmır, klassik pop janrında da özünü sınayır. Bill Coelin "Just the Way You Are" və Bert Bakaraçın "The Look of Love" mahnılarının Dayana tərəfindən interpretasiyası bir daha təsdiq edir ki, müğənni bu istiqamətdə hələ çox maraqlı işlər görə bilər.

Dayana Kroll

2001-ci ildə işıq üzü görmüş "The Look of Love" albomu müğənninin öz vətənində misli görünməmiş tirajla yayılaraq, beşqat platin disk statusu qazanmışdır. Bir ildən sonra, 2002-ci il fevralın 24-də isə bu məşhur caz müğənnisi və pianoçu Kanadada hər ilin ən yaxşı musiqiçisinə təqdim olunan "National Jazz Awards" mükafatına layiq görülmüşdür. Onun "The Look of Love" albomu "İlin ən yaxşı albomu", müğənni özü isə, üstəlik, "Beynəlmiləlçi artist" elan edilmişdir. 2002-ci il aprelin 14-də Dayana Kroll bu albomuna görə Kanadada "Qrammy" mükafatının ekvivalenti sayılan "Juno Awards" səsyazma akademiyasının üç mükafatına layiq görüldü. Kroll ilin ən yaxşı qadın ifaçısı, onun "The Look of Love" albomu ilin ən yaxşı albomu adına layiq görüldü, myğənninin səs imkanları isə "Ən yaxşı caz vokalı" kateqoriyasında qeyd edildi.
İfaçı mükafatı qəbul edərkən yalnız bunları demişdir: "Bu, çox gözlənilməz oldu..., mən özümü beysbol komandasına düşmüş orkestrdəki üçüncü klarnet vəziyyətində hiss edirəm...".
2002-ci il iyulun 26-da kanadalı caz ifaçısı Dayana Kroll Asiyada "İlin ən yaxşı müğənnisi" elan edilmişdir. İfaçı bu titula "Asia Awards" MTV-nin Pekində keçirilmiş mərasiminin yekunlarına görə layiq görülmüşdür. 2003-cü il yanvarın 27-də Kanadalı məşhur caz ifaçısı Dayana Kroll Torontoda prestijli "National Jazz Awards" mükafatının təqdim olunması mərasimində laureat elan edildi. Sənətçi özü "İlin ən yaxşı qadın vokalçısı", "İlin ən yaxşı beynəlmiləlçi ifaçısı" adlandırılmış, onun "Live in Paris" adlı konsert albomu isə "İlin ən yaxşı albomu" mükafatına layiq görülmüşdür.

Dayana Kroll

Müğənni tez-tez ABŞ-da və Cənubi Amerikada, Asiyada, Avropada və Avstraliyada qastrol səfərlərində olur, dünyanın aparıcı səhnələrində böyük uğurla çıxış edir.
Dayana deyir: "Mən xoşladığım işlə məşğul oluram. Caz mənim konül musiqimdir, o, mənim öz imkanlarımı ifadə etməyə şərait yaradır. Mən heç vaxt öz imkanlarımı reallaşdırmaq üçün indiki kimi şərait olacağını arzulamamışam. Sadəcə olaraq, mümkün qədər yaxşı işləməyə və səmimi olmağa çalışıram".
Cazın "canı" - improvizədir və Dayana Krollun mahnılarında yaşayan bu "can" onlara xüsusi cazibə qüvvəsi bəxş edir...