Multimedia və veb-dizayn studiyası "MediaDesignTech" Azərbaycanda möhtəşəm caz onlayn-saytının jazz.az açıldığını bildirmişdir. Bu mənbəyin internet ünvanı: www.jazz.az
Layihə Bakı Caz Mərkəzinin sifarişi ilə telekommunikasiya şirkəti olan "AzEvroTel"in sponsorluğu ilə həyata keçirilmişdir. Onun üzərində işlər 2004-cü ilin dekabrında bitirilmişdir. Bu layihə sadə internet səhifəsi olmayıb, özündə caz mövzusunda bir sıra (ondan çox) caz saytlarını birləşdirən mükəmməl caz portalı olacaqdır, saytların sayı isə artırılacaqdır.
Öz səviyyəsinə görə, jazz.az layihəsi İnternetin bir sıra veb-səhifələrinin ən yaxşı nümunələrindən geridə qalmır və eyni zamanda müasir dövrdə bütün dünyada caz mövzusunda ən yaradıcı və multimediya saytıdır.Portalın fərqləndirici xüsusiyyəti onda olan kreativ dizaynın qabaqcıl İnternet-texnologiyaları ilə uzlaşması, böyük miqdarda faydalı məlumat və əlbəttə ki, çoxlu cazdır. Layihənin üç dil verisiyası vardır: Azərbaycan, rus və ingilis, ona görə də geniş auditoriya üçün açıqdır. İstifadəçiləri caz kompozisiyaları, İnternet-radio, fotoqalereya, maraqlı mətnlər, caz aləmindən xəbərlər, caz ifalarının cədvəli, Azərbaycan cazmenlərinin disklərinin kataloqu, forum, kompyuterlər üçün "divar kagızları" və ekran qoruyucuları, polifonik melodiyalar və mobil telefonlar üçün şəkillər, İnternet-linklərin toplusu və bir çox digər yeniliklər gözləyir. Jazz.az layihəsi çərçivəsində 9 Azərbaycan cazmeni: Rafiq Babayev, Vaqif Mustafazadə, Vaqif Sadıxov, Cəmil Əmirov, Salman Qəmbərov, Rain Sultanov, Əzizə Mustafazadə, Emil İbarhim, Şahin Növrəslinin veb-saytıları yaradılmışdır. Hazırda digər Azərbaycan cazmenlərinin saytı üzərində də işlər gedir. Layihənin diqqəti cəlb edən digər saytlarından biri də onlayn-radiodur, onun ünvanı: radio.jazz.az. Onun üç radio kanalı vardır, hər biri istifadəçinin imkanlarından asılı olaraq iki yayım sürəti təklif edir. "Bütün Caz" kanalı-ənənəvi istiqamətlərin çoxplanlı cazıdır. "Alternativ Caz" kanalında cazda eksperimentlər və yeni istiqamətlər toplanmışdır. "Etnik Caz" kanalında Braziliya cazının gözəl melodiyaları, Azəri cazı (dünya cazının müəyyənləşmiş istiqaməti kimi), Hind koloritli kompozisiyalar və digər etnik caz cərəyanlar səslənir... Muasir Internet-texnoloqiyalarının istifadəsi sadə modem qosulmağı ilə istifadəcilərə melodiyaların səslənməsinin keyfiyyətini qorumaqa imkan verdi.
Caz ifalarının bu cədvəli ilə live.jazz.az saytında tanış olmaq olar.
Bu İnternet-mənbəyin yenicə yaranmasına baxmayaraq, artıq bütün dünyanın caz həvəskarları arasında populyarlıq qazanmışdır. Biz böyük sevinclə bildiririk ki, öz işinin ilk günlərindən jazz.az saytı Amerikanın "Cool website award" internet-mükafatını qazanmışdır.
Saytın yaradıcıları "AzEvroTel" Birgə Müəssisəsinin Baş Direktoru Nuru Əhmədova, Azərbaycanda mədəni prosesləri bir ildən çox müddətdə dəstəkləyən və inkişaf etdirən səmimi minnətdarlığımızı bildiririk. Məlumat dəstəyini "Jazz dünyası" jurnalının redaksiyası vermişdir. Məşhur cazmen Rain Sultanov layihədə istifadə üçün müəllif materiallarını təqdim etmişdir...

Layihə üzərində aşağıdakı şəxslər işləmişlər:
Kreativ direktor: Miraslan Zeyn
Texniki direktor: Samir Qasımov
Veb-masterinq: Rəşad Zeynalov, Ruslan Nəbiyev
Redaktə edilmə: Sevil Xan
Inqilis mətnlərinin korreksiyası: Ian Pert









2005-ci il yanvarın 30-da Bakı Caz Mərkəzində Azərbaycanda tanınmış caz pirkussiyaçı və təbilçi Tofiq Cabbarovun rəhbərliyi ilə Zərb Alətləri Festivalı keçirilmişdir. Həmin tədbir Tofiq Cabbarovun bu dərəcədə geniş miqyaslı ilk layihəsidir. Həmin mini-festiivlda müxtəlif zərb alətlərində - təbil, perkussiya, nağara və qoşa nağarada çalan 16 nəfər ən yaxşı musiqiçi çıxış edirdi. Qeyd etmək lazımdır ki, festivalda caz təbilçiləri ilə yanaşı xalq çalğı alətlərində ifa edən musiqiçilər, həm təcrübəli, həm də gənc, həm peşəkar, həm də həvəskar musiqiçilər iştirak edirdi. Fərəhli haldır ki, bu iştirakçıların hamısı müxtəlif caz ritmlərinin və etnik ritmlərin sintezində fitri qabiliyyətə malik olduqlarını nümayiş etdirdilər.
Festival konsertin bütün iştirakçılarının birgə çıxışı ilə başlandı. Sonra ayrı-ayrılıqda hər bir musiqiçi öz məharətini göstərdi. Sergey Krasnyanski, Vaqif Əliyev, Ramin Sultanov kimi peşəkar caz təbilçiləri ilə yanaşı, gənc ifaçılardan Eyvaz Həşimov və Elvin Bağırov da festivalın səhnəsində öz bacarıqlarını göstərdilər.
Qoşa nağara ustaları Camal Dadaşov və Taleh Qafarov dinləyiciləri sözün yaxşı mənasında heyrətləndirdilər. Onlar Latın Amerikası xalqlarının və digər xalqların ritmlərini Azərbaycan xalq musiqisində istifadə edilən alətlərdə çox yüksək səviyyədə ifa etdilər.
Nağaraçı Natiq Şirinovun ifasını xüsusi qeyd etmək istərdik. Novator təbilçi, eksperimentator, daim yeni səslər, yeni ritmlər axtaran musiqiçi kimi tanıdığımız Natiq Şirinov zərb alətlərinin bu bayramının hazırlanmasında fəal iştirak etmişlər. Əla ifa texnikasına malik olan bu sənətçi tez-tez oz kollektivi ilə birlikdə qastrol səfərlərinə çıxır. Natiq Şirinov bu yaxınlarda təbilçilərin Tayvanda keçirilən festivalında uğurla çıxışı ilə Azərbaycanı xaricdə ləyaqətlə təmsil etmişdir.
Lakin gəlin Bakı Caz Mərkəzində keçirilən Festivala qayıdaq. Festivalın səhnəsində peşəkar təbilçilərlə yanaşı həvəskarlar da çıxış edirdi. Onlardan biri - əsas peşəsi rəssamlıq olan Bəhram Xəlilov həm də əla perkussiyaçıdır. Təbilçiləri klavişli alətlərdə çalan Salman Qənbərov və Emil İbrahim, eləcə də bas-gitaraçı Ruslan Hüseynov müşayiət edirdi. Onların dəstəyi sayəsində ritm-seksiyanın nümayəndələri öz imkanlarını daha tam nümayiş etdirə bildilər.
Caz pianoçusu Salman Qənbərovun bu layihədə rolu xüsusi qeyd edilməlidir. Yüksək ifaçılıq səviyyəsi və musiqiyə intellektual yanaşması ilə seçilən bu musiqiçi həm bəstəkar, həm də improvizatordur. Salman Qənbərovun iştirak etdiyi hər bir seşn dinləyicilərdə xüsusi maraq doğurur.
O ki qaldı layihənin müəllifi Tofiq Cabbarova, - bu qeyri-ordinar musiqiçi həm təbildə, həm də perkussiyada eyni dərəcədə məharətlə çalmağı bacarır. Vaxtilə "Qaya" ansamblında çıxış etmiş, Rafiq Babayevin kollektivində işləmiş bu peşəkar sənətçi musiqi sahəsində zəngin təcrübəyə və geniş biliklərə malikdir. Təbiətən enerjili bir insan olan Tofiq Cabbarov özünə qarşı çox tələbkardır, daim sənətini təkmilləşdirir. Görünür, təbliçinin bu Festivalı təşkil etmək niyyəti də onun müxtəlif eksperimentlərə və sintezlərə hədsiz maraından irəli gəlmişdir.
Musiqinin müxtəlif istiqamətləri üzrə çalışan təbilçilərin iştirak etdiyi bu tədbir həqiqətən diqqətəlayiq bir tamaşaya çevrildi.



2004-cü il dekabrın 16-da Bakı Musiqi Akademiyasının Böyük salonunda caz pianoçusu Emil İbrahimin konserti olmuşdur. Bənzərsiz ustalığı, parlaq istedadı və ifa tərzinin aşkar nəzərə çarpan fərdiliyi ilə seçilən pianoçu və bəstəkar Emil İbrahimin yaradıcılığı caz musiqisi həvəskarlarının böyük marağına səbəb olur. İmprovizə texnikasını qüsursuz mənimsəmiş bu musiqiçinin ifası qeyri-adi sərrastlığı ilə diqqəti cəlb edir. O, Latın Amerikası musiqisini, ümumiyyətlə ekspressiya və temperament ilə seçilən musiqini çox gözəl duyur. Sənətçinin əsas ifa istiqamətləri "bebop" və “post-bop” istiqamətləridir. Bu musiqini "contemporary jazz", yəni modern-caz və ya müasir caz kimi də xarakterizə etmək olar. Daim yaradıcılıq axtarışlarında olan Emil İbrahim cəsarətli eksperimentlər edir, ifa istiqamətlərini tez-tez dəyişir. Həm caz musiqisi, həm də bütövlükdə musiqi sahəsində geniş biliklərə malik olan bu sənətçi daim özünü təkmilləşdirir, istər özünə, istərsə də birlikdə işlədiyi musiqiçilərə qarşı yüksək tələbkarlıq nümayiş etdirir.
Emil İbrahimin konsertində onunla birlikdə Ruslan Hüseynov (kontrabas), Tofiq Cabbarov (perkussiya), eləcə də iki nəfər məxsusi dəvət olunmuş musiqiçi - saksofonçu Rain Sultanov və moskvalı təbilçi Aleksandr Maşin iştirak edirdi.
Emil İbrahimlə birgə çıxış edən musiqiçilər barəsində bir neçə kəlmə məlumat vermək istərdik. Əla kontrabasçı kimi tanıdığımız Ruslan Hüseynov həm bas-gitarada, həm də kontrabasda eyni dərəcədə yaxşı çalmağı bacarır, cazın müxtəlif istiqamətlərində ifaçılıq məharətini daim təkmilləşdirir. Perkussiyaçı Tofiq Cabbarov haqqında çox danışıblar. Bu musiqiçini qısaca xarakterizə etmək istəsək, deməliyik ki, o, seçdiyi ifaçılıq istiqamətində ən yaxşı perkussiyaçıdır. Azərbaycanda onun tayı-bərabəri yoxdur. Saksofonçu Rain Sultanov istedadlı musiqiçi və bəstəkardır. O, Emil İbrahimin kompozisiyalarından birində iştirak etmişdir. Məhz Rain Sultanovun bənzərsiz ifa tərzi bu kompozisiyanın özünəməxsus koloritli səslənməsinə çox kömək etmişdir. Nəhayət, Moskvada yaşayan və orada işləyən, Emil İbrahimin konsertinə məxsusi dəvət edilmiş təbilçi Aleksandr Maşin barədə bir neçə söz. Aleksandr Maşin Moskvada tanınmış caz musiqiçiləri - İqor Butman, Vaqif Sadıqov və başqaları ilə birgə çıxışlar edir. Təbilçi iki il bundan əvvəl də Bakıya gəlmişdi. O vaxt o, Bakı Caz Mərkəzində Vaqif Sadıqovla birgə çıxış etdi. Bu gün Moskvada yüksək səviyyəli musiqiçidərdən biri olan Aleksandr Maşin session təbilçi kimi tez-tez çıxış edir. Bu dəfə Maşin Bakıya Emil İbrahimin kompakt-diskinin yazılışında iştirak etmək üçün dəvət olunmuşdu. Diskin yazılışı uğurla başa çatmiışdır. Qeyd etmək lazımdır ki, diskin yazılışı zamanı alətlərin səslənmə keyfiyyəti çox yüksəkdir. Amma təəssüf ki, Bakı Musiqi Akademiyasının Böyük salonunda diskə daxil edilmiş kompozisiyaların səsinin bütün keyfiyyəti eşidilmirdi.
Konsertdə ifa edilən on kompozisiyadan yeddisi Emil İbrahimin öz bəstələri idi. İki standart caz kompozisiyasının müəllifləri Telenius Monk və Mayls Devisdir. Nəhayət, bir xalq mahnısı - "Qubanın ağ alması" səsləndi. Pianoçu bu improvizədə muğamın lad strukturu ilə Latın Amerikası cazının sintezindən istifadə etmişdir. Ümumiyyətlə, səs disbalansını nəzərə almasaq, konsert uğurlu oldu və ümidvarıq ki, yaxın gələcəkdə Emil İbrahimin diskinin işıq üzü görməsi bu boşluğu tamamilə dolduracaqdır.



2004-cü il dekabrın 29-da cazmen və saksofonçü Ueyn Şorterin ("Footprints: The Life and Work of Wayne Shorter") "Ueyn Şorterin həyat və yaradıcılıq izləri" adlı bioqrafik kitabı çapdan çıxmışdır. Sənətçinin son albomu ilə eyni ad daşıyan bu kitabın müəllifi amerikalı jurnalist Mişel Merserdir.

Tanınmış caz basisti, bend-lider və bəstəkar Deyv Holland 2005-cü ildə ABŞ-ın ən qocaman musiqi məktəbi olan "New England Conservatory"-nin fəxri diplomunu almışdır. Fevralın 7-dən 10-na qədər Holland orada tələbələr üçün ustad dərsləri keçəcək, mühazirələr oxuyacaq və öz bəstələdiyi musiqini ifa edəcəkdir.

Britaniyalı gənc caz bəstəkarı və pianoçu Metyü Barn artıq dördüncü dəfə "International Jazz Award" mükafatına layiq görülmüşdür. Sənətçiyə bu mükafat Beynəlxalq Caz Festivalları Təşkilatı təqdim etmişdir. 2005-ci il yanvarın 5-dən 8-dək Kaliforniyanın (ABŞ) Lonq-Biç şəhərində keçirilmiş "International Association for Jazz Education" konfransında həmin mükafat təntənəli şəraitdə sənətçiyə təqdim edilmişdir. Barn - universal sənətçidir: o, həm caz-meynstrim istiqamətində, həm də avanqard caz və dram-n-beys janrlarında eyni dərəcədə uğurla çalışır, eləcə də saksofon, gitara, fortepiano, zərb alətləri və digər çalğı alətləri üçün pyeslər yazır. Barn həm solist kimi, həm də özünün triosunda - kontrabasçı Deyv Keyn və zərb alətlərində çalan Stivlə birgə çıxış edir. Bir maraqlı faktı qeyd etmək yerinə düşər ki, Metyü Barnın xüsusi musiqi təhsili yoxdur, o, fortepianoda çalmağı yalnız 1993-cü ildə öyrənmişdir.Buna görə çox maraqlıdır ki, Barn özünün musiqi eksperimentlərinin ilk 10 ili ərzində ov onlarca prestijli musiqi mükafatına, o cümlədən, 2001-ci ildə "Perrier Jazz Musician of the Year Award" mükafatına, 2002-ci ildə isə "BBC Radio"nun "Jazz Awards" mərasimində musiqi sahəsində İnnovasiyalarına görə mükafata layiq görülmüşdür.

Yanvarın 24-də "Pat Metheny Group" kollektivinin sayca 12-ci, "The Way Up" adlı yeni studiya albomu işıq üzü görmüşdür. İndiyə qədər Metininin bu cür diski və bu cür proqramı olmamışdı. "Pat Metheny Group" bu albomda Metini və onun çoxdankı həmkarı, pianoçu Layl Meys tərəfindən yazılmış 68-dəqiqəlik kompozisiyanı ifa edir. Musiqiçi deyir: "Bu layihə bizim ansamblın ən yüksək ambisiyalı işidir. Bizim ansamblın fəaliyyətinin bütün aspektləri burada tamam başqa bir səviyyəyə ucaldılmışdır". Yeni albom və onun işıq üzü görməsindən sonra başlanmış konsert turu Pet Metininin albom yazdıran musiqiçi kimi fəaliyyətinin 30 illik yubileyinə layiqli töhfədir. 1977-ci ildə yaradılmış "Pat Metheny Group" ansamblı tamamilə unikal bir rekord müəyyən etmişdir: ansamblın bir-birinin ardınca yazdırdığı yeddi albomun hər biri "Qremmi" mükafatına layiq görülmüşdür.

Əfsanəvi caz musiqiçisi, "svinqin kralı" və məşhur caz-bendin rəhbəri Arti Şou dekabrın 30-da özünün Los-Anceles yaxınlığındakı Nyuberi Parkdakı evində 94 yaşında vəfat etmişdir. Bu sənətçinin ən populyar olduğu dövr ötən əsrin 30-cu və 40-cı illərinə təsadüf etmişdir. Arti Şounun vəfatı biqbendlər epoxasında tənəzzül rəmzidir. Arti Şouya "svinqin kralı" titulunu bəxş edən - bu sənətçinin 1938-ci ildə işıq üzü görmüş "Begin the Beguine" albomu olmuşdu. Həyatının son illərində Kaliforniyada yaşayan Arti Şou orada musiqi bəstələyir və aranjimanla məşğul olurdu. Arti Şounun 2002-ci ildə buraxılmış "Self Portrait" adlı diski sənətçinin əvvəllər işıq üzü görməmiş yazılarından ibarətdır.

"Savab" qrupunun İstanbuldakı çıxışı Azərbaycan cazının təntənəsi oldu. "Premyer LTD" şirkəti tərəfindən təşkil edilmiş bu tədbir yanvarın 31-də İstanbulun "Reşit Rey" konsert salonunda olmuşdur. Cəmil Əmirovun (klavişli alətlər), Şirzad Fətəliyevin (zurna, tütək, balaban), Emil Həsənovun (bas) və İsgəndər Ələsgərovun (zərb alətləri) daxil olduğu kvartetin Türkiyə səhnəsinə çıxardığı geniş proqram əsasən bu qrupun öz kompozisiyalarından ibarət idi. Bundan əlavə, Fikrət Əmirovun "Göy göl" və "Laylay" pyesləri də ifa edilmişdir.

2005-ci il fevralın 19-da Moskvadakı Beynəlxalq Musiqi evinin Teatr salonunda Şahin Növrəslinin konserti olmuşdur. Onun çıxışı tam anşlaq şəraitində keçmişdir. Tamaşaçılar ayaq üstə onu alqışlamış, "bis" sədaları altında musiqiçiləri bir neçə dəfə yenidən səhnəyə çağırmışlar. Konsertin "Caz-muğam" adlanan proqramı caz improvizələri ilə muğam ladlarını özündə cəmləşdirmişdir. Caz həvəskarları Şahinin özünün bəstələdiyi caz kompozisiyalarını, Azərbaycan milli melodiyalarının caz işləmələrini böyük maraqla qarşıladılar. Bundan əlavə standart caz nümunələri və "Bayatı Şiraz" mövzusunda improvizə ifa olundu. Pianoçu Musiqi evində moskvalı təbilçi Aleksandr Maşın və nyu-yorklu kontrabasçı Natan Pek ilə birgə çıxış edirdi. Şahin Növrəsli deyir: "Bu, mənim ən uğurlu çıxışlarımdan biri və yəqin ki ən məsul çıxışım idi, çünki əfsanəvi Vaqif Mustafazadən sonra heç kəs qədim muğam ənənələrini caz işləməsi variantında Moskvada təqdim etməmişdi".

Basist, bəstəkar və pedaqoq Stiv Klark yeni layihə üzərində işləyir. Onun yeni kompakt diski fanki qruv, caz improvizələri və sənətsevərlərin yaddaşlarında xüsusi iz buraxmış melodiyalardan ibarətdir. Stiv Klarkın çoxsaylı solo kompozisiyalarının daxil olduğu bu kompakt diskin yazılmasında qitaraçılar - Deyv Danna və Tim Mellori, klavişli alətlərdə çalan Kris Kuqan və zərb alətlərində çalan Kris Stenli iştirak edir.

Cils Pitersonun "Worldwide" radio-şousu öz dinləyiciləri arasında apardığı sorğunun nəticələrinə əsasən, ilin ən yaxşı səsyazma şirkətini müəyyən etmişdir. Bütün dünya üzrə təqribən 25 min nəfərə yaxın radiodinləyicinin rəyi əsas götürülməklə, bu dəfə həmin ada Kaliforniyadakı "Ubiquity Records" firması layiq görülmüşdür.

"Earth Sounds Records" leybli gitaraçı və sitaraçı Reza Abbasinin "Snake Charmer" adlanan, sayca dördüncü albomunu buraxmışdır. Abbasi bu disk üzərində işləyərkən ona soprano-saksofonçu Deyv Libmen, orqançalan Geri Versaçe, təbilçi və tablaçı Denni Veyss, eləcə də vokalçı və tanpur adlı alətdə çalan Kiran Aluvaliya kömək etmişdir. Yeni albomun musiqisi erkən dövrə aid caz-rok ilə klassik hind musiqisinin qarışığından ibarətdir.

Əfsanəvi ifaçı Rey Çarlza həsr edilmiş "Rey" adlı bioqrafik filmdə baş rolun ifaçısı, aktyor Ceymi Foks “Ən yaxşı aktyor” nominasiyasında kinematoqrafiya sahəsində təqdim edilən prestijli “Qızıl qlobus” (“Golden Globe Award”) mükafatı almışdır.

Zəmanəmizin ən böyük gitaraçısı Con Maklaflin Seuldakı "LG Arts Center" konsert salonunda özünün "Remember Shakti" adlı qrupu ilə birlikdə çıxış etmişdir. Caz musiqiçisi karyerasına solo artist kimi başlamış Maklaflin sonradan daha intensiv və ağır janra - caz və rokun fyujn stilinə müraciət etmişdir. Bir neçə ildən sonra Maklaflin "Shakti" qrupunu yaratmışdır. Bu qrup hind musiqisi ilə cazın unikal improvizəsi formasında Şərqi və Qərbi özündə birləşdirir. Maklaflin "Lifetime", Veyn Şorter, Mayls Devis, Karlos Santana və Çik Koriya kimi bir sıra məşhur ifaçılar və kollektivlərlə əməkdaşlıq etmişdir. Bu dəfə onu tabla adlanan musiqi alətində Zakir Hüseyn, perkussiyaçı V.Selva Qaneş (o, "Shakti" qrupunun orijinal iştirakçısı Vikku Vinayakramın oğludur), mandolinaçı U.Srinivs və vokalçı Şankar Maxadevan müşayiət edir.

Bi-Bi-Si şirkətinin 4-cü proqramı caz haqqında "Jazz Britannia" adlı yeni böyük layihəsini efirə buraxır. Üç hissədən ibarət olan bu proqramda Britaniya cazının tarixindən bəhs edilir.

Yanvarın 22-də bəstəkar Konsuelo Velaskes Mexiko xəstəxanalarının birində vəfat etmişdir. Velaskes XX əsrin ən məşhur melodiyalarından birinin müəllifidir. Dünya miqyasında xitə çevrilmiş "Besame mucho" adlı bu mahnı 1941-ci ildə, Velskesin 16 yaşı olarkən yazılmışdır. Vaxtilə bu mahnını "Bitlz" qrupu, opera müğənnilərindən Plasido Dominqo və Xose Karreras, Amerika cazının ulduzları Lui Armstronq və Ella Fitscerald, eləcə də Frenk Sinatra ifa etmişdir.