CAZ VASİTƏSİLƏ RUHİ AZADLIĞA DOĞRU

2004-cü ilin sonları azərbaycanlı cazmenlər üçün iki hadisə ilə əlamətdar olmüşdur: onlar başa çatmaqda olan ili əfsanəvi Vaqif Mustafazadənin albomunun buraxılması və Rain Sultanovun solo konserti ilə qeyd etdilər. Ənənəyə görə, Yeni il ərəfəsində köhnə ilə yekun vurulur. Bununla əlaqədar, tanınmış sənətşünas Cahangir Səlimxanova müraciət edib Azərbaycanda cazın inkişaf tendensiyaları və perspektivləri barədə öz mülahizələrini jurnalımızın oxucuları ilə bölüşməsini xahiş etdik.
İncəsənətin hər hansı başqa növündə olduğu kimi, ölkəmizdə caz musiqisinin inkişafı barədə də cavanların bu sahəyə axışması əsasında fikir söyləmək olar. Sənətdə yeniləşmə prosesləri baş verməyəndə həmin sənət mühafizəkarlığa məhkumdur. Gənc musiqiçilərlə birlikdə yeni ideyalar gəlir. Son illərdə Azərbaycanda caz ifaçılarının əhatə dairəsinin genişləndiyini nəzərə alsaq, deyə bilərik ki, burada hər iş qaydasındadır. İncəsənətin bu janrında pozitiv dəyişikliklər hiss olunur. Lakin bundan heç də az əhəmiyyətli olmayan başqa bir sual yaranır - cavanlar caz dinləməyə gedirlərmi? Aşkardır ki, çox adamın nəzərində musiqinin bu istiqaməti yalnız onların atalarının və hətta babalarının yaşadığı dövrün nəslinə aid musiqi kimi assosiyasiya yaradır. Elə şeylər var ki, onları dövrün rəmzi hesab etmək lazımdır. Çünki həmin şeylər vaxtilə müəyyən əlamətə görə novator və hətta inqilabi dəyərlər olmuşdur. Bununla bərabər, musiqi onu dinləmək istəyənlər üçün aktual olmalıdır.

Sizin fikrinizcə, cazın aktuallaşmasının hansı üsulu bizim üçün daha optimal sayılmalıdır? Caz konsertlərinə ilk dəfə gələn bəzi cavanlar sadəcə olaraq eşitdikləri musiqiyə necə reaksiya vermək lazım olduğunu bilmirlər. Onlar özləri üçün bir məsələni aydanlaşdıra bilmirlər: bu, əyləncədir, yoxsa ciddi sənət?

Mən musiqiçilərə məsləhət verə bilmərəm. Auditoriyanı hər kəs özü seçir. Bəlkə də, musiqiçilərdən birisi soruşa bilər ki, kütləvi dinləyici onun nəyinə lazımdır? Axı bəzi musiqiçilər elə hesab edirlər ki, onlara 50 nəfər, 100 nəfər dinləyici kifayətdir. Belə ifaçılar üçün onları başa düşən və bəyənən insanların fikri vacibdir. Buna görə də indiki halda demək olmaz ki, bizdə cazı az dinləyirlər. Sadəcə olaraq, bu gün Azərbaycanda cazın ən "rahat həzm olunan" stilləri, ola bilsin ki, kifayət qədər təmsil edilməmişdir, cazdan muxtəlif dərəcədə bəhrələnmiş R&B, acid jazz, new jazz və neo soul kimi formalar isə artıq bu xüsusiyyətini itirmişlər
Dünyada bu sahədə bütöv bir sənaye yaranmışdır - kompakt disk firmaları, radiostansiyalar, festivallar dinləyiciyə "smooth jazz", yəni "hamar caz" təklif edirlər. Bu "yumşaq" intelliqent musiqinin harmonik dili hər hansı pop musiqidən mürəkkəbdir. Orada "istiotlu" akkordlar, incə melodik gedişlər daha çoxdur. Hərçənd, şəxsən məndən ötrü bu musiqinin nə ilə bitəcəyi əvvəlcədən məlumdur və onu dinləyəndə darıxıram: bu musiqi insanın qəlbini coşdurmur, onu nəinki fikirləşməyə, heç fikrə getməyə də sövq etmir. Yəqin ki, bizdə bu cür musiqi olsaydı, onun qədirbilən dinləyicisi də olardı; əgər belə bir musiqi yoxdursa, deməli, o, bizdə cazla məşğul olanlar üçün maraqlı deyil. Eksperiment keçirməkdən qorxmaq lazım deyil - gənc dinləyiciləri cəlb etmək, hətta onları yetişdirmək lazımdır. Bu, tamamilə mümkün haldır. Caz sahəsinə aid olmayan bir misal çəkmək istəyirəm: tbilisili məşhur teatrşünas və art-menecer Levan Xetaquri bu yaxınlarda mənə belə bir əhvalat söylədi: "Müstəqil teatr tamaşalarına həsr edilmiş seminarda bizim gənc rejissorlar daim şikayətlənirdilər ki, onlar dövlət teatrlarının qərarlaşmış çəçivəsində işləyə bilmirlər. Mən onlara çox sadə bir məsləhət verdim - dedim ki, adi məktəblərə gedin, şagirdlərlə işləyin, onların şüurunu tərbiyə edin, teatr eksperimentlərinə cəlb edin. Beş ildən sonra Sizin öz tamaşaçılarınız olacaqdır. Əgər indi 8-ci sinifdə oxuyan uşaqlarla işləsəniz, beş ildən sonra, yəni onların 20 yaşı olanda özləri teatrlara gedəcək və ola bilsin ki, dostlarını da özləri ilə gətirəcəklər. Bu təklif bəlkə də vaizlərin və inqilabçıların iş metodlarını xatırladır, lakin əgər perspektivdə caz auditoriyasının "daralması" bizi narahat edirsə, həmin auditoriyanı genişləndirmək üçün ən etibarlı yoldan istifadə etmək - gənc nəslə üz tutmaq lazımdır.

Caz-folku nə dərəcədə perspektivli hesab edirsiniz? Bəzi musiqiçilər milli cazı "yerində saymaq" hesab edirlər. Bəlkə bizim musiqiçilər ABŞ-da və Avropada dəbdə olmaq üçün caz
Cahangir Səlimxanov

elitasına yol açmağa qadir olan yeni perspektivlər axtarmalıdırlar? Qərbin pop musiqisində Yaxın Şərq motivlərinin, axır vaxtlarda isə hind motivlərinin də çox populyar olduğu kimi...

Bu, ümumi məsələdir və burada söhbət təkcə cazdan getmir. Təsəvvür edin ki, hətta ilk baxışda çox kosmopolit təsir bağışlayan İsveç kimi urbanizasiyalı ölkədə də kino tənqidçiləri müasir isveç kinosunda milli bənzərsizlik elementlərinin olması məsələsini öyrənirlər (Bakıda İsveç kinosu festivalının keçirilməsi mövzusunda müzakirə ilə əlaqədar, bu məsələ mənə məlumdur). Əgər bu məsələ isveçlilər üçün aktualdırsa, deməli bizdən ötrü daha çox əhəmiyyət kəsb edir. Kənardan baxanda biz urbanizasiyanın və qloballaşmanın təsirinə o qədər də çox məruz qalmamış ekzotik bir ölkəyə oxşayırıq. Mənim fikrimcə, yaxın illərdə bu problem, necə deyərlər, gündəmdə qalacaqdır. Etnik materialdan tamamilə imtina etdiyini bildirən hər hansı azərbaycanlı bəstəkar özünün bu hüququnu sübut etməyə məcburdur. Yəni o, öz iradəsindən asılı olmayaraq, bu diskussiyaya qoşulur. Cazda da vəziyyət belədir. Yeri gəlmişkən, burada heç bir pis cəhət yoxdur. Məsələn, Rain Sultanovun "Muğam - Məqam" diski tamamilə etnik kompozisiyalardan ibarətdir. "Sindikat" kompakt diski qeyri-etnik musiqi toplusudur. Salman Qəmbərov nağaraçı və skat-vokalçı ilə birlikdə "East or West" adlı bütöv bir proqram yazdırmışdır. Lakin onun stilistik baxımdan təmkinli "konservatoryia" proqramları da var, həmin proqramlarda "Bakustic" sözündə Bakıya eyham edilməsi sanki hiss olunmur. Bu, mürəkkəb bir prosesdir və nəyəsə nail olmaq üçün hansı istiqamətdə getmək lazım olduğunu demək çox çətindir. Burada belə bir haqlı sual yaranır: əslində biz nəyə nail olmaq istəyirik? Axı caz idman deyil ki, orada medallar və prizlər qazanmaq lazım olsun. İncəsənətin dəyəri kimisə öz tərəfinə "dartmaq" və ya kiməsə nəyisə inandırmaq cəhdlərindən ibarət deyil. Sənətlə məşğul olan hər bir kəs ilk növbədə özünü ifadə etməyə can atır, mədəni dəyərlərə münasibətləri onunla eyni olan insanlar qrupunun maraqlarını təmin etməyə və ümidlərini doğrultmağa çalışır. Bu cəhdlərin ətrafdakıların xoşuna gəlib-gəlməyəcəyi isə başqa məsələdir. Dünyada hansı proseslərin gedəcəyini biz bilmirik. Hər şey dünyada qarşılıqlı anlaşma proseslərinin nə dərəcədə güclü olacağından, yəni insanların bir-birini anlamağa hazırlıq dərəcəsindən asılı olacaqdır. Yəqin ki, biz də başqaları üçün eyni dərəcədə maraqlı olacağıq.

Amerika cazını Manhetten göydələnləri və Brodvey işıqları ilə, "Grant’s" skotçunun dadı və "Hoyo de Monterrey" siqarı ilə, "latinos" cazını Kopakabana çimərlikləri, qaradərili gəşəng qadınlarla assosiasiya etmək olar. Bəs siz Azərbaycan cazını nə ilə assosiasiya edərdiniz?

Bu məsələ barədə hər dəfə müxtəlif fikirlər yaranır. Mənim zənnimcə, Azərbaycan cazı - Bakı ziyalısının obrazıdır. Onun zahiri forması çox sadə olsa da, qəlbən odlu-alovludur. Bu cür insanlar öz ideallarına sədaqətli olurlar. Burada fantaziyanın həddi-hüdudu yoxdur.

Svyatoslav Rostropoviç və Yelena Obraztsova kimi görkəmli ifaçıların Bakıda verdikləri konsertlərdə çox vaxt elə tamaşaçılara rast gəlmək olar ki, onlar oraya yalnız həmin konsertlərin prestijli olduğuna görə gəliblər. Caz musiqisini dinləmək bütün dünyada prestijli məşğuliyyət sayılır. Siz bu barədə nə fikirdəsiniz?

Güman etmək olar ki, bizim Azərbaycanda da caz musiqisini dinləmək prestij elementinə çevriləcəkdir. Yəqin hiss edirsiniz, bizdə təkcə varlı deyil, həm də məlumatlı olmaq prestij elementinə çevrilir. İnsanlar öz gücünü və sərvətini nümayiş etdirməli deyil, onlar öz mənliklərini daha incə üsullarla təsdiq etməlidirlər. Bu, çox müsbət hadisədir. Doğrudur, mədəniyyət üçün bu ən vacib məsələ deyil. Çünki həqiqi sənətin mənası başqadır. Lakin mədəniyyət həm də bu komponentdən qidalanır. Beləliklə, adamlar musiqi dinləməyə ona görə gəlirlər ki, onların əhatə dairəsində caz konsertlərinə və caz klublarına getmək artıq qaydaya çevrilmişdir. Yaxud, məsələn, Monserrat Kabalyenin konsertinə hökmən getmək istəyirlər. Bəlkə də, onlardan bəziləri əsl meloman olacaqdır. Amma ola bilsin ki, onlar caz musiqisini dinləyə-dinləyə daxilən bir sərbəstlik hiss edəcək - hakimiyyətdən, puldan, stereotiplərdən asılı olmamaq mənasında sərbəstlik…

Ceyhun Nəcəfov