QREQ OZBİ

Saksofonçu, bəstəkar, prodüser və pedaqoq Qreq Ozbi son 20 ildə caz aləmində həm öz ansambllarının lideri, həm də başqa məşhur qrupların musiqiçisi kimi ad çıxarmışdır. Caz kompozisiyalarına və caz ifaçılığına özünəməxsus novator yanaşmaları ilə fərqlənən Ozbi caz musiqiçilərinin indiki nəsli arasında xüsusilə seçilir. Çoxsaylı musiqi mükafatlarına layiq görülmüş Ozbi öz ifalarının yazılarına və dinləyicilərin qəlbini riqqətə gətirən canlı çıxışlarına görə tənqidçilərin rəğbətini qazanmışdır.
Qreq Ozbi Sent-Luisdə anadan olmuş və orada boya-başa çatmışdır. İfaçılıq sənətinə çox tez meyl göstərən Ozbi hələ orta məktəbdə oxuyarkən caz və blüz bendləri ilə maraqlanırdı. Ozbi klarnet, fleyta və alt-saksofon alətlərində ifaçılığın sirlərinə yiyələnmək üçün üç il ərzində xüsusi dərs aldıqdan sonra 1975-ci ildə peşəkar musiqi karyerasına başlayır.

Qreq Ozbi

1978-ci ildə Ozbi Hovard universitetində, sonra isə 1980-1983-cü illərdə Berkli musiqi kollecində musiqi təhsilini davam etdirir. Sonradan Nyu-Yorka köçən Qreq Ozbi orada Herbi Xenkok,
Qreq Ozbi

Dizzi Gillespi, Jak de Jannet, Endrü Hill, Muhal Riçard Ebrems kimi tanınmış musiqiçilərlə birgə çıxış edir.
1985-ci ildə bu musiqiçi Jak de Jannetin "Special Edition" adlı novator qrupu ilə birlikdə turneyə çıxır. Ozbi bu qrupun iştirakçısı kimi, öz yaradıcılıq konsepsiyasını əməli şəkildə ifadə etmək imkanına malik idi. Sənətçi deyir: "İfa və kompozisiya sahəsində mənim musiqi təfəkkürüm bir neçə işıq ili qədər irəliləmişdi. Jak isə mənə ürək-dirək verir, daha böyük eksperimentlərə istiqamətləndirirdi… Bu, mənim bir musiqiçi kimi təşəkkülümdə əsl dönüş anı idi".
1987-ci ildə Almaniyanın "JMT" ("Jazz Music Today") leybli ilə ilk kontraktını imzalayan Ozbi burada dörd disk yazdırdı. Məhz o dövrdə Ozbi hiss etdi ki, nəhayət, həyatı öz musiqi prizmasından gördüyü kimi təsvir etmək imkanı qazanmışdır.
1990-cı ildən başlayaraq Qreq "Blue Note Records" leyblində albomlar yazdırır. Musiqiçi özünün 14 solo albomunu məhz bu leybldə yazdırmışdır. Ozbi çoxsaylı musiqi esseləri yaradır, cazın improvizə təbiətinin imkanlarından istifadə etməklə həmin esselərə müasir forma verərək üzvi şəkildə birləşdirir.