DEBORA KARTER

Debora C. Karter ABŞ-da anadan olmuş, lakin Havay adalarında və Yaponiyada boya-başa çatmışdır. Debora Karter bir neçə mədəniyyətin qovuşduğu mühitdə böyümüşdür. Bu fakt onun ifa stilində aydın nəzərə çarpır. Debora deyir: "Bizim bəxtimiz gətirib ki, bu cür böyük perspektivlər dövründə yaşayırıq. İndi bizim başqa mədəniyyətlərlə tanış olmağımız üçün qapılar açıqdır. Biz həmin mədəniyyətlərdən çox şey öyrənə bilərik…". Karter musiqi karyerasına erkən yaşlarında başlamışdır. O vaxt o, Havay adalarında ağacdan hazırlanmış nəfəs alətlərində çalırdı. Musiqi nəzəriyyəsini və kompozisiyanı Yaponiyada öyrənmiş Karter üç il Şərqdə olmuş, bu müddətdə teatrda da özünü sınamışdı. Karter o vaxtlar gənc Amerika truppasının tamaşaya hazırladığı Brodvey müzikllərində baş və ikinci dərəcəli rollarda çıxış edirdi. Sonradan musiqi təhsilini Berkli Musiqi Kollecində davam etdirmiş Debora deyir: "Mən bütün uşaqlıq dövrümü gözəl müəllimlər və dostlar arasında keçirmişəm. Onlar məni istiqamətləndirir və musiqi sahəsində daha da inkişaf etməyə ruhlandırırdılar".

Debora Karter

Bir müddət İspaniyada yaşamış Debora orada Maks Sanyerin, Karl Benaventin və Salvador Niblin albomlarının yazılmasında iştirak etmiş, bu sənətçilərin artıq qərarlaşmış Aralıq dənizi sədalarına vokal partiyaları əlavə etmişdir. Debora deyir: "İspaniyada yaşadığım dövrdə mənim yaradıcılığıma ekspansivlik və çılğınlıq əlavə olundu. Bu isə yaradıcılıq üçün çox zəruridir". Bundan əlavə, Karter Madrid teatrında da işləyir, tez-tez televiziya və radio proqramlarına dəvət olunurdu. Sonradan Debora Karter öz caz kvintetini yaratmış, həmin kvintetlə İspaniyada çoxsaylı festivallarında çıxış etmişdir.

Debora Karter

Deboranın "Scuse Me…" adlı ilk albomu caz, blüz, latino və hospel janrlarının incə qarışığıdır. Debora deyir: "Bu albom məndən ötrü çox fərdi səciyyə daşıyır. O, özümün seçdiyim caz improvizasiyalarının çalarlarının və ovqatının palitrasıdır". Bütün dünyada musiqi mətbuatı
Debora Karter

tərəfindən böyük rəğbətlə qarşılanan bu disk geniş tamaşaçı kütləsinə ilk dəfə 1998-ci ildə "North Sea Jazz Festival" zamanı təqdim edilmişdi. "Round Moonlight" adlı ikinci albom isə gecə həyatı təəssüratları ilə doludur. Bu albomdakı əsas mahnını Debora özü bəstələmişdir. Onun "Girl-talking" adlı axırıncı albomu isə "The Hague"da canlı konsertdən yazılmışdır.
Debora tez-tez caz festivallarında, caz klublarında çıxış edir, həm öz triosu ilə, həm də başqa kollektivlərlə (solo pianoçulardan başlamış böyük orkestrlərə qədər) birlikdə radio və televiziyada oxuyur. Bundan əlavə, o, Avropada və Asiyada seminarlar keçirir, amerika səfirliklərinin dəvəti ilə müxtəlif ölkələrdə ustad dərsləri keçir. Debora öz kollektivi ilə çıxışlarından əlavə (bu kollektivlə birlikdə o, öz aranjimalarını və kompoziyalarını ifa edir), həm də klassik caz nümunələrini ifa etməyi xoşlayır, tez-tez Avropanın "The Metropole Orchestra", Frankfurt Radiosunun HR Orkestri, Mayk Mossman (Tito Puentenin aranjimançısı) ilə birlikdə "Sedavi Latin Jazz Big Band" orkestri, Berlin Caz Orkestri, "The American Songbook Orchestra", "The Ruud Bos Big Band" və "The Dutch Swing College Band" kimi məşhur caz okrestrlərinin "qonağı" olur. 1999-cu ildə Debora öz qrupu ilə birlikdə "Dyük Ellinqtona ithaf" adlı turneyə çıxmışdır. 2000-ci və 2001-ci illərdə Debora Karter Skott Hemilton ilə birlikdə Hollandiya teatrlarında "Lui Armstronqa ithaf" proqramı ilə çıxış edir. Bu layihədə Maykl Veyrkemp və Fritz Landersberqen də iştirak edirdi. Bundan əlavə, Debora Karter Kor Beyker, Leonardo Amuendo, Karl Benavent (basist Çika Korea), Coan Bibiloni, Mayk del Ferro, Harri Verbek, Leks Casper, Bencamin Hermen, "The Beets Brothers" qrupu və Maykl Veneci ilə də işləmişdir.
Bəstəkar, aranjimançı və ifaçı istedadlarını özündə cəmləşdirən Debora Karter dünya caz səhnəsində ən dinamik vokalçı qadınlardan biridir. "Music Maker" jurnalı Debora Karteri "Ən yüksək səviyyəli muğənni" adlandırmışdır.