ƏZİZƏ MUSTAFAZADƏ

Əzizə Mustafazadə yaşı, milliyyəti və irqi müxtəlif olan minlərlə və minlərlə insanların ürəyinə yol tapdı. Burada, doğma torpaqdan uzaq olan bu yerdə onu məşhur cazist, əfsanəvi Vaqif Mustafazadənin qızı kimi yox, "şərq divası", "cazın şahzadə xanımı" kimi tanıyır və səsləyirlər. Axı o, Avropanın əsl musiqi bilicilərinə şərq notlarını cazla birgə sintezində çatdırmışdır. Son dərəcə gözəl sintez və məharətli improvizasiya indiyə qədər Avropa və Şərq musiqisinin bu cür ahəngdar birləşməsini eşitməyən tələbkar və ciddi tamaşaçıları heyran etdi.

Əzizə Mustafazadə

Əzizə Mustafazadə 1969-cu il dekabrın 19-da Bakı şəhərində anadan olmuşdur. İstər-istəməz, Əzizənin həyatında ilk dəfə peşəkar səhnədəki çıxışı yada düşür. O vaxt, 1978-ci ildə, balaca qız olan Əzizə Ümumittifaq caz musiqisinin festivalı keçirilən Tbilisi şəhərinə yollanmışdı. Həmin gecə balaca Əzizə ən yaxşı "müğənnilərdən" biri kimi qəbul edilmişdi.
Əzizənin həyatında qazandığı bu ilk müvəffəqiyyət onun üçün çox vacib və xatirində qalan bir hadisə idi. Sevimli qızlarının hər bir addımını həyacanla himayə edən valideynləri Vaqif və Elza xanım üçün Əzizənin müvəffəqiyyəti heç də gözlənilməz olmadı. Axı, Azərbaycan xalq mahnıları, muğam və caz səslənən musiqi mühitində böyüyən Əzizə, atasının rəhbərliyi altında olan "Sevil" vokal kvartetinin bütün repertuarını əzbər bilirdi, və həmçinin eşitdiyi hər hansı bir musiqinin əsasında qeyri-adi bir kompozisiya yaradırdı. Artıq o zamanlar Əzizə son dərəcədə yaxşı improvizasiya qabiliyyəti nümayiş etdirirdi, öz səsinə alət kimi sahib olması isə onu eşidənlərin hamısını məftun edirdi.

Əzizə Mustafazadə

Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil öz nəticələrini verdi. Hövsələlik və çalışqanlıq, musiqi intuisiyası, qeyri-adi yaddaş müəllimləri valeh edirdi. Bu qızın gələcəyi yalnız parlaq olmalı idi. Musiqi məktəbi və gözəl müəllimlər ona beynində və ürəyində olanları, hələ onda, bu gənc məxluqda özünə yer almış böyük potensialı, qarşısı alınmaz sel kimi coşub üzə çıxmaq istəyənləri nizamlamağı öyrətmişdilər.

Fərhad Bədəlbəyli və Əzizə Mustafazadə

1986-cı ildə yenə Tbilisi şəhərində keçirilən beynəlxalq caz festivalında Əzizə qızıl medala layiq görüldü, və bu mükafat onun yaradıcılıq fəaliyyətində layiqli başlanğıc oldu.

Əzizə Mustafazadə

Qızı ilə çox məşğul olan, onun ən böyük müəllimi və Əzizə üçün ideal və təqlid nümunəsi olmuş atasının yolunu davam etdirən Əzizə hamıya, və hər şeydən əvvəl özünə, musiqi aləmində öz yerinin olmasını və burada sadəcə iştirak etməyə yox, həm də dünya səhnələrində ulduz kimi parlamağa layiq olduğunu sübut etdi.
Azərbaycan Dövlət Konservatoriyasının tələbəsi olaraq, Əzizə bir neçə festival və müsabiqələrin qalibi olmuşdu, 1987-ci ildə isə “Debyüt” vokal müsabiqəsində birinci yeri tutub, laureat oldu.
Əzizənin müəllimləri arasında 1987-ci ildən onunla birgə çıxış edən, bizim ölkədə çox tanınmış Rafiq Babayevin adını da çəkmək olar.

Əzizə Mustafazadə

1990-cı ildə Əzizə “Qaya” orkestrinin solisti kimi fəaliyyət göstərir və ayrıca proqram ilə çıxış edir.
Sonralar istedadlı və öz yaradıcılığında yorulmaq bilməyən Əzizə özünün pianoçuluq
Əzizə Mustafazadə

istedadını tamamlayan bəstəkarlıq qabiliyyətini də göstərdi. Klassik musiqi və caz ifaçısı olan Əzizə yalnız özünə məxsus orijinal ifa tərzini tapdı. Onun xüsusiyyətlərindən biri də o idi ki, o, özü üçün yeni olan və başqa heç nəyə bənzəməyən hər bir şeyə yaradıcılıq marağı göstərirdi. Əzizənin yorulmadan yeni yaradıcılıq ideyalarının axtarışı və onları həyata keçirmək istəyi, onun musiqiyə hər şeydən üstün gələn məhəbbəti ilə bağlıdır. Əzizənin şəxsi kompozisiyalarını və başqa bəstəkarların əsərlərini ifa etdiyi tərz onun mahiyyətini və onun həyat və incəsənətə münasibətini açır.

Əzizə Mustafazadə

Musiqiyə vurğunluq və dinləyicilərə bu məhəbbəti çatdırmaq arzusu onu yeni əsərlər yaratmağa, əldə edilənlərlə kifayətlənməməyə və daima irəli getməyə məcbur edirdi.
Ciddi məktəb keçən və yaxşı müəllimləri olmuş Əzizə dəqiq bilir ki, müasir musiqinin müxtəlif janrlarının inkişafı, klassik musiqisini dərindən bilməkdən və ondan istifadə etməkdən çox sıx asılıdır. Əzizənin muğam improvizasiyalarını təkrarolunmaz şəkildə ifa etməsi və qəlbinin bütün varlığı ilə xalq musiqisini hiss edib, bundan öz yaradıcılığında istifadə etməsi bizə onunla fəxr etməyə əsas verir.
Əzizənin şəxsində biz gözəl pianoçu, savadlı vokalist, peşəkar caz müğənnisi və istedadlı bəstəkar görürük. Əzizənin bəstələdiyi pyeslər, prelüdiyalar və mahnılar sanki onun xəyal və istəklərini ifadə edir.

Vaqif və Əzizə Mustafazadə

Hal-hazırda Əzizə Mustafazadə Avropada yaşayır, və orada, o, öz layihələrinin üzərində işləyir, solo-konsertlərlə çıxış edir, və artıq sayı yeddiyə çatmış musiqi albomlarını yazdırır. Əzizə Con Patituççi, Deyv Veykl, Bil Evans, Ömər Hakim, Tuts Tillemans və başqaları kimi ümümdünya miqyaslı tanınmış musiqiçilərlə əməkdaşlıq edir.

Əzizə Mustafazadə

Xaricdə keçirilən müxtəlif festival və müsabiqələrdə iştirak edərkən Əzizə heç zaman unutmur ki, o, öz xalqının qızıdır və özünü azərbaycanlı ifaçı kimi təqdim edərək ləyaqətlə çıxış edir.

Əzizə Mustafazadə

Bu xanım qızın xarici kövrəkliyi arxasında atasından irsən keçən qətiyyətli məqsədyönlülük və güclü daxili qüvvə gizlənir. Təbiətin ona bəxş etdiyi şəxsi istedada, xasiyyətinin valehedici keyfiyyətlərinə və xüsusiyyətlərinə görə Əzizə Mustafazadə dünya musiqi səhnəsində yüksəkliklərə çatmışdır. Lakin onun enerjisi, coşub daşan ideyaları, yaradıcılıq imkanları heç də tükənməyib, və gələcəkdə onu daha böyük uğurlar gözləyir. Konsert zamanı royalın klaviaturasının üzərində incə əllərin pərvaz etməsinə, onun özünü musiqi sədalarının ixtiyarına necə həzzlə təslim etməsini müşahidə edərkən başa düşürsən ki, bu xanım qız atasının ləyaqətli davamçısıdır.