CO ZAVINUL

Pianoçu, klavişli elektron musiqi alətlərində ifaçı və bəstəkar Cozef Erix "Co" Zavinul 1932-ci il iyulun 7-də Vyanada anadan olmuşdur. Onun uşaqlıq illəri Avtsriya paytaxtını əhatə edən meşələrin arasında yerləşən Kirxbax adlı kiçik bir kənddə keçmişdir. Gənc Zavinulun əlinə aldığı ilk musiqi aləti akkordeon olmuşdur. O vaxt Zavinulu "Pepe" deyə çağırırdılar (avstriyalılar Yozef adını qısaldılmış şəkildə bu cür işlədirlər). İndi həmin günləri xatırlayan Zavinul deyir ki, ilk səs eksperimentini həmin alət üzərində həyata keçirmişdir: "Mən adətən bilyard stollarının üstünə döşənən yaşıl rəngli mahud parçadan bir qədər götürdüm və onu akkordeonun dillərinə yapışdırdım. Çox əcaib bir səs alındı və 25 ildən sonra mən "Black Market" adlı pyesimdə məhz həmin səsdən istifadə etdim".
Akkordeonu Zavinula onun 6 yaşı tamam olan gün bağışlamışdılar. O, yadında qalan xalq melodiyalarını çalmağa çalışırdı. Sonradan bu oğlan Vyana konservatoriyası nəzdində musiqi savadı öyrənməyə başladı. Amma evlərində fortepiano yox idi. O, hər gün fortepiano çalmaq imkanını ilk dəfə 1944-cü ildə - başqa şagirdlərlə birlikdə Vyanadan Çexiyaya evakuasiya ediləndən sonra (o vaxt Vyananı güclü bombardman etmişdilər) əldə etdi: evakuasiya edilmiş uşaqların yerləşdirildiyi köhnə kənd evində royal vardı.

Co Zavinul

Müharibədən sonrakı illərdə Vyanaya qayıdan Zavinul "Tufan havası" filminə baxandan sonra (özünün dediyinə görə, bu filmə 20 dəfə baxmışdı) cazla maraqlanmağa başladı. Zavinulun 20 yaşı olanda o, Avtstriyanın ən yaxşı saksofonçusu sayılan Hans Kölnerlə birgə çıxış etmiş, fortepianoda və bas-trubada çalmış, sonra isə avstriyalı cazmenlərin az qala hər biri ilə əməkdaşlıq etmişdi.

Co Zavinul

Zavinulun 27 yaşı olanda o, Bostondakı əfsanəvi Berkli musiqi məktəbində keçirilən müsabiqədə qalib gələrək təqaüd qazandı və ABŞ-a mühacirət etdi. Burada Zavinulun bəxti gətirdi: məşğələlər başlayandan cəmi bir həftə sonra o, trubaçı Maynard Fergüsonun orkestrində çıxış edərkən ilk dəfə Maylz Devisin diqqətini cəlb etdi. 1959-1961-ci illərdə Zavinul müğənni Dayne Uoşinqtonu müşayiət edən ansamblda işləmişdir.

Co Zavinul

1961-ci ildə Zavinulun sənət karyerasında mühüm bir dəyişiklik baş verdi: o, həmin illərdə caz aləmində mühüm simalardan sayılan alt-saksofonçu Culian Edderlinin ansamblında işləməyə başladı. Co Zavinul doqquz il yarım Edderli ilə birlikdə işlədi. Zavinul bu ansamblin adi iştirakçısı deyildi, Edderli Zavinulun çoxsaylı pyeslərini daim ifa edirdi. 1967-ci ildə on birinci yeri tutmuş "Mercy Mercy Mercy" mövzusunun müəllifi məhz Zavinul idi. Elə həmin ildə Edderli eyni adda albom buraxır və bu albom "Qremmi" mükafatına layiq görülür. Zavinul deyir: "Elə gün olmur ki, Kennon Boll ilə işlədiyim vaxtları xatırlamayım. Bizim çox səmimi və güclü ansablımız vardı. Biz əla musiqi ifa edirdik. Kennon özü isə elə çalırdı ki, dinləyicinin, necə deyərlər, ciyərini çıxardırdı. Biz o qədər səmimi idik ki, lap bir ailəyə oxşayırdıq və bu vəziyyət səhnədə də çox hiss olunurdu".

Co Zavinul

Edderli ilə vidalaşandan sonra Co Zavinul Maylz Devisin əfsanəvi "Bitches Brew" albomunun yazılmasında iştirak etmişdir. Tarixdə bəlkə də ilk əsl caz-rok albomu olan "Bithces Brew" albomunda rokdan daha çox caz çalarları duyulur. Zavinul Maylzın "In A Silent Way" (Zavinulun pyesi də belə adlanırdı), "Live-Evil" və "Big Fun" albomlarının yazılmasında da iştirak etmişdir. 1971-ci ildə Zavinul Ueyn Şorterlə birlikdə ən populyar caz-rok ansambllarından biri olan "Weather Report" qrupunu yaratdı. Musiqiçi caz-rok energetikasını incə lirizmlə birləşdirməyə, fri-cazı elektron effektlərlə növbələşdirməyə müvəffəq olmuşdur. Müxtəlif illərdə bu qrupun tərkibinə Zavinul və Şorterdən başqa öz dövrünün ən qabaqcıl, ən qeyri-adi instrumentalçıları - Miroslav Vitouş, Alfons Conson, Jako Pastorius, Viktor Beyli, Alfons Muzon, Erik Qravat, Aleks Akuna, Omar Hakim və bir sıra başqaları daxil idi.


DISCOGRAPHY

Joe Zawinul


Faces and places /ESC /2002

Mauthausen /ESC/2000

Stories of the Danube /Polygram/1996

My people /Escapade Music/1992

Dialects /Columbia/1986

Zawinul /Atlantic/1970

Concerto retitled /Atlantic/1970

Money in the pocket /Atco/1966

The rise & fall of the tird stream / Vortex/1965

Joe Zawinul and the Austrian all stars 1954-1957/RST/1957



"The Joe Zawinul Syndicate"


World tour /Zebra/1998

Lost tribes /Columbia/1992

The black water/Columbia/1989

Immigrants/Columbia/1988
Co Zavinul

Kollektivin mövcud olduğu 15 ildə "Down Beat" jurnalı hər il bu qrupu "İlin qrupu" müsabiqəsinin qalibi elan etmiş, Co Zavinul isə tənqidçilər və "Down Beat" jurnalının oxucuları arasında hər il keçirilən rəy sorğusunun nəticələrinə görə, son 22 ildə 21 dəfə klavişli alətlərdə çalan ən yaxşı ifaçıların siyahısında birinci yerdə olmuşdur. Bu qrupun ən yaxşı yazıları instrumental musiqi janrı üçün çox sanballı tirajla satılırdı. Zavinulu sintezatorun yeganə ustası adlandıran tənqidçilər onun bu alətdə asanlıqla tanınan, özünəməxsus səslər çıxarmağı bacardığını qeyd edirdilər. Halbuki, sintezatorda fərdiyyətçiliyə nail olmaq çox çətindir.
Yeri gəlmişkən, Zavinul özünün konstruksiya etdiyi nəfəsli sintezatoru "Pepe" adlandırmışdı - uşaq vaxtı özünü belə çağırırdılar. Lakin dünyada heç nə ədəbi deyil. "Weather Report" qrupunun da dövranı gəldi keçdi: bu qrupun hər iki liderinin - Şorterin və Zavinulun istəkləri arasındakı fərq o vaxtadək onları bir yerdə saxlayan qüvvələrə tədricən üstün gəldi. 1985-ci ildə bu qrup parçalandı. Şorter öz heyətini yaratmaq fikrinə düşmüşdü. Çıxışlarını Şortersiz davam etdirən Zavinul öz arsenalına klavişli alətlər və elektronika da əlavə etmiş və qrupun adını dəyişdirərək "Weather Update" qoymuşdu. Lakin sonradan o, "The Joe Zawinul Syndicate" adlı yeni qrup yaratmağı qərara aldı. Bu layihə dünya etnik musiqisinin müxtəlif növlərinə əsaslanan "world music" deyilən istiqamətə daha çox meyl etməsi ilə fərqlənir.
Lakin görünür, "Weather Report" qrupunun parçalanması Zavinulun həyatında mühüm mərhələ imiş. Özünün konservatoriya təcrübəsini xatırlayan Zavinul akademik musiqi janrında çox işləyir. 1987-ci ildə o, tamam başqa bir layihəni həyata keçirməyə başlayır: bu dəfə özünü akademik bəstəkar kimi sınayaraq "Stories of the Danube" adlı tammiqyaslı simfoniya yaradır. Zavinul bu əsərdə özünü iri klassik formanın ustası kimi göstərməyə müvəffəq olmuşdur. Bu simfoniya 1995-ci ildə Kaspar Rixterin rəhbərliyi ilə Çexiya Dövlət Simfonik Orkestrinin ifasında diskə yazılmışdır. 63 dəqiqə səslənən bu simfoniyada Zavinul klavişli alətlərdə partiyaları özünəməxsus bir manerada ifa edir. 7 hissədən ibarət olan bu simfoniya dəfələrlə Avropada, Amerikada və Yaponiyada ifa edilmişdir.

Co Zavinul

"The Joe Zawinul Syndicate" qrupuna gəldikdə isə burada da dəyişikliklər baş vermişdir. Qrup səsyazma firmasını dəyişmişdir. Belə ki, "The Immigrantes", "Black Water" və "Lost Tribes" albomları hələ "Wheater Report" dövründə Co Zavinulun konrtakt bağladığı “CBS” leyblində yazıldığı halda "My People" albomu müstəqil "Escapade Music" leybli tərəfindən buraxılmışdır. Bu albomun yazılmasında bütün dünyanı təmsil edən musiqiçilər - həm qrupun o vaxtkı üzvləri, həm də kənardan dəvət olunmuş musiqiçilər iştirak etmişdi. Pyeslərin stilistikası qrupun hansı ölkənin mədəniyyətinə əsaslanmasından asılı olaraq dəyişir. Burada Latın Amerikası və Qərbi Afrika ənənələrinin elementləri ilə yanaşı, Karib, Türkiyə və Mərkəzi Afrika dövlətlərinin musiqisinin təsiri də hiss olunur. Co Zavinul deyir: "Bu, mənim musiqimdir. Mən ömrüm boyu səyahət edirəm və planetin hər yerində yaxşı insanlara rast gəlirəm. Buna görə də mən dinləyici deyil, müşahidəçiyəm. Mən gördüklərimdən ilham alıram".
Son illərdə bu qrup hər il bütün dünyada təqribən 90 konsert verir. Bundan əlavə, Zavinul tez-tez caz festivallarında da iştirak edir.

Co Zavinul

Co Zavinul yaradıcı şəxsiyyətlərin o kateqoriyasına aiddir ki, onlar bir şey yaratmaqla populyarlığın zirvəsinə çatandan sonra labüd olaraq müasir dinləyicilərin yeni nəslinə artıq maraqsız görünən hər şeyə diqqətin azaldığı vaxtda nəyin bahasına olursa olsun, həmin zirvədə qalmağa çalışmırlar. Zamanın nəbzini duymaq baxımından xüsusi qabiliyyətə malik olan bu cür musiqiçilər, kommersiya uğurlarının məntiqinə zidd olaraq, öz populyarlıqlarını davam etdirməyə nail olurlar. Bundan ötrü onlar musiqini daha da mürəkkəbləşdirir və dərinləşdirir, onun müasirliyi barədə təsəvvürü tamam başqa təfəkkür səviyyəsində təqdim edirlər. Co Zavinul kimi adamların yaratdıqları barədə heç vaxt demək olmaz ki, bunlar müasir deyil.





“Weather Report”


This is this /Columbia/1985

Sportin’ life /Columbia/1984

Domino theory /Columbia/1983

Procession /Columbia/1983

Weather Report /Columbia/1982

Night passage /Columbia/1980

8:30 /Columbia/1979

Mr.Gone /Columbia/1978

Heavy weather /Columbia/1977

Black market /Columbia/1976

Tale spinnin /Columbia/1975

Mysterious traveller /Columbia/1974

Sweetnighter /Columbia/1973

Live in Tokyo /Columbia/1972

I sing the body electric /Columbia/1971

Weather Report /Columbia/1971